Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Julyen Eskude avtomobili içkili halda idarə edərkən saxlanılıb. Lent.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib.
4 polis əməkdaşı avtomobili saxlayaraq, fransalı müdafiəçidən alkoqol testi verməsini istəyib. Əvvəlcə Eskude alkoqolölçən cihaza üfürmək istəməyib. Yalnız yanında olan tərcüməçisinin dilə tutmasından sonra o, razılaşıb. Test nəticəsində futbolçunun maksimum hədd sayılan 0,50 promildən çox – 0,59 promil içkili olduğu müəyyənləşib.
Polislər Eskudenin sürücülük vəsiqəsini əlindən alaraq, onun 6 ayadək avtomobil idarə etməsinə qadağa qoyub. Futbolçu arxa oturacağa oturub və sükan arxasına tərcüməçi keçib.