“Baku Fires” məğlub oldu
01 fevral 2015 02:35 (UTC +04:00)

“Baku Fires” məğlub oldu

Azərbaycanın boks komandası Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyasının (WSB) üçüncü turunun görüşləri çərçivəsində Qazaxıstanın “Astana Arlans” kollektivi ilə üz-üzə gəlib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, komandamızı 3:2 hesabı ilə məğlub olub.

 

Qarşılaşmanın ilk döyüşündə komandamızın üzvü Rəsul Saliyev (49 kq) Temirtas Jusupova məğlub olub. İkinci döyüşdə təmsilçimiz Məhəmməd Qurbanov (56 kq) Nursultan Koşequlovla mübarizədə rinqi qalib tərk edib. Heybətulla Hacəliyev (64 kq) ilə Asxat Ualixanov arasındakı döyüşdən təmsilçimiz qalib ayrılıb. Dördüncü döyüşdə rinqə çıxan Rahil Məmmədli (91 kq) isə Vasili Levitə məğlub olub. Beləliklə qarşılaşmanın taleyinə sonuncu döyüşdə aydınlıq gətirilib. Komandamızın üzvü Jaba Xositaşvili (75 kq) bu qarşılaşmada rəqibi Meyrim Nursultanova məğlub olub.

 

“Astana Arlans” klubu cari mövsümdə hər iki görüşünü qələbə ilə başa vurub. İlk turda Almatıda Venesuela komandasını 5:0 hesabı ilə məğlub edən astanalılar ikinci turda səfərdə “Rafako Hussars Poland”ı 3:2 hesabı ilə üstələyib. “Baku Fires” isə ilk turda Qubada “İtalia Thunder” üzərində 4:1 hesablı qələbə qazansa da, ötən həftə səfərdə Venesuela klubuna 2:3 hesabı ilə uduzub.

 

Ümumdünya Dünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan komandası B qrupunda “İtalia Thunder”, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və "USA Knockouts" klubları ilə gücünü sınayacaq.

 

A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaqlar.

 

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya Oyunlarına lisenziyaların verilməsidir. WSB liqasında uğurlu çıxış edən 17 boksçu mövsümün sonunda 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

 

“Baku Fires” ötən mövsüm Dünya Boks Seriyasında yalnız finalda “Cuba Domaderos” klubuna uduzaraq, 2-ci yerə layiq görülüb.

 

# 133
avatar

Oxşar yazılar