Azərbaycanın “Baku Fires” boks klubu yanvarın 12-də WSB (Ümumdünya Boks Seriyası) Liqasında növbəti döyüşünə çıxacaq. Lent.az-ın məlumatına görə, rəqib Polşanın “Poland Hussars” komandası olacaq.
“Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq döyüş öncəsi hər iki komandanın iştirakı ilə mətbuat konfransı təşkil olunub. Tədbirdə WSB supervayzeri Devid Frensis komandaların tibbi müayinədən görüş günü keçəcəklərini açıqlayıb. O, həkimin bugünkü tədbirə gələ bilməməsini səbəb göstərib. Nəticədə hər iki komandanın razılığı ilə tibbi müayinə sabaha keçirilib.
“Baku Fires”in meneceri Rizvan Gənciyev “Poland Hussars”ı ciddi rəqib adlandırıb. Lakin o, uğurlu nəticəyə ümid etdiklərini bildirib: “Sabahkı rəqibimizin daha öncə Rusiyanın “Dinamo” komandasını məğlub etməsi güclü rəqib olmasından xəbər verir. Amma komandamızın heyətində Qairbek Germaxanov və Albert Səlimov kimi WSB Liqasının çempionları var. İnanırıq ki, yenə uğurlu nəticə göstərəcəyik”.
Gənciyev qrupdakı favoritlərdən sayılan “Dinamo” ilə səfər görüşünün təxirə düşməsini texniki səbəblərlə əlaqələndirib. O, qarşılaşmanın yanvarın 25-də baş tutacağını bildirib. Amma hələ döyüş məkanı məlum deyil: “Ola bilsin, ya Sankt-Peterburqda, ya da Yekaterinburqda görüşdük. Yəqin ki, “Dinamo” rəhbərliyi döyüşü azarkeşin çox gələcəyi məkanda keçirmək istəyir”.
“Baku Fires”in növbəti ev qarşılaşmalarından birini paytaxtdan kənarda keçirməsinə gəldikdə, menecer hələlik belə bir dəvət almadıqlarını söyləyib. Gənciyev qeyd edib ki, hər hansı regiondan şəhər və ya rayon rəhbərliyi səviyyəsində dəvət olarsa, nəzərdən keçirilə bilər.
Klubumuzun baş məşqçisi Nuripaşa Talıbov isə yanvarın 15-dək davam edəcək transfer dövründə heyətə yeni boksçu cəlb etmələrinin mümkünlüyündən danışıb. Amma o, hazırkı heyətin də zəif olmadığını vurğulayıb. Talıbov hazırda davam edən boks üzrə Azərbaycan çempionatını izlədiyini və oradan bir neçə nəfəri “Baku Fires”ə dəvət etmək istədiyini söyləyib. Lakin onun sözlərinə görə, bu, müəyyən səbəblərdən mümkün olmayıb.
Əsas səbəbi isə Gənciyev açıqlayıb: “Məsələn, biz 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və Avropa çempionu Teymur Məmmədovu istəyirdik. Amma çıxış etdiyi “Rabitə” klubunun rəhbərliyi Məmmədovun WSB Liqasında çıxışına razı olmadı. Rusiya yığmasının bütün bir nömrəli boksçuları bu liqada çıxış edir. Onlar başa düşürlər ki, gələcəkdə boks üzrə nüfuzlu yarışların hamısı WSB Liqasında olduğu kimi, şlemsiz və xal sistemi ilə keçiriləcək. Daha Azərbaycan çempionatındakı kimi qeyri-obyektiv hakimlik olmayacaq”.
Bununla belə, Azərbaycan çempionatında “Baku Fires” üzvlərindən bəzilərinin iştirakına döyüş təcrübəsi toplamaları üçün icazə verilib. Liderlərin iştirakı isə məsləhət görülməyib.
“Poland Hussars”ın baş məşqçisi Hibert Muqaçev “Baku Fires”i təkcə qrupda deyil, hazırkı WSB Liqasında ən güclülərdən sayıb. Lakin o, heyətə ən hazırlıqlı boksçuları cəlb etdiyini və layiqli nəticə üçün mübarizə aparacaqlarını açıqlayıb.
Qeyd edək ki, “Baku Fires” – “Poland Hussars” döyüşü saat 19:00-da başlanacaq. A qrupunda 9 xalla 1-2-ci yerləri bölüşdürən “Baku Fires”dən fərqli olaraq, “Poland Hussars” 6 xalla 3-cü pillədə qərarlaşıb.