Azərbaycanın boks komandası Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyasının (WSB) turunun görüşləri çərçivəsində Polşanın “Rafako Hussars Poland” kollektivi ilə üz-üzə gəlib.
Dünya Boks Seriyası (WSB) Liqasının dördüncü turunun görüşü çərçivəsində rinqdə ilk döyüş təmsilçimiz Elvin Məmişzadə (52 kq) ilə polşalı Qrjeqorj Kozlovski arasında keçirilib. Bu döyüşün ardınca Albert Səlimov (60 kq) David Miçelus, Pərviz Bağırov (69 kq) Stiven Donnelli, Soltan Migitinov (81 kq) Jordan Kulinski, Arslanbek Mahmudov (91 kq-dan yuxarı) Mantas Valaviçiusla qarşılaşıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, komandamız 5:0 hesabı ilə qalib gəlib. Komandamızın bütün boksçuları rəqiblərini məğlub edərək inamlı qələbə qazanıb.
Ümumdünya Dünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan komandası B qrupunda “İtalia Thunder”, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və "USA Knockouts" klubları ilə gücünü sınayacaq.
A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaqlar.
Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya Oyunlarına lisenziyaların verilməsidir. WSB liqasında uğurlu çıxış edən 17 boksçu mövsümün sonunda 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
“Baku Fires” ötən mövsüm Dünya Boks Seriyasında yalnız finalda “Cuba Domaderos” klubuna uduzaraq, 2-ci yerə layiq görülüb.