“Bakıdan gələn təklif məni təəccübləndirdi”
26 aprel 2013 01:47 (UTC +04:00)

“Bakıdan gələn təklif məni təəccübləndirdi”

“Mançester Yunayted” və Rusiya yığmasının sabiq futbolçusu Andrey Kançelskisin apasport.az saytına müsahibəsi

- Mayın 1-də Bakıda veteranlar arasında keçiriləcək yoldaşlıq görüşünə dəvət olunmağınız sizi təəccübləndirmədi ki? 
- Əlbəttə, təəccübləndirdi. Açığı, bu dəvəti gözləmirdim. İstənilən halda, dəvət olunmağım xoşdur. Aprelin 30-da paytaxtınızda olacağam. 

- Bakıda sonuncu dəfə nə vaxt olmusunuz? 
- 4 il əvvəl. Bakı çox gözəl şəhərdir, xoşuma gəldi. Paytaxtınız yeni tikililər sayəsində müasirləşib. İnsanlarınız da çox mehribandır. Bir sözlə, Bakını sevdim. 

- Azərbaycanda nə vaxt oynadığınızı xatırlayırsınız? 
- SSRİ dövründə. Onda Kiyev “Dinamo”sunun heyətində “Neftçi” ilə matça gəlmişdim. Sovet İttifaqı dağılandan sonra 4 il öncəyə kimi Bakıda olmamışdım. 

- Siz vaxtilə işlədiyiniz “Nosta” klubuna himayədarlıq edən azərbaycanlı iş adamının dəvətilə paytaxtımıza gəlmişdiniz? 
- Mən həmin klubda baş direktor idim. Həmin azərbaycanlı ilə yaxşı əlaqəm vardı, məni Bakıya qonaq çağırmışdı. Hətta toyda da oldum. 

- Azərbaycan toyu sizdə hansı təəssürat oyatdı? Sizdəkindən çoxmu fərqlənir? 
- Təbii ki, çox fərqlənir. Toya çoxlu insanlar gəlir, çox maraqlı şeylər olur. Aydın məsələdir ki, Azərbaycan toyunun öz ənənəsi var və iştirakım mənim üçün maraqlı oldu. 

- Bizdə toya pul yazdırırlar. Bu, sizi təəccübləndirmədi? 
- Əslində, bizdə də bəy-gəlinə pul verirlər. Ancaq sizdə bu, daha geniş, açıq olur. Sizinkilər öz səxavətlərini göstərirlər. Toyda yeyib-içməkləri, oynamaqları da öz yerində. 

- Bakıdakı yoldaşlıq görüşündə heyətində yer alacağınız Avropa yığmasında dəvət olunan futbolçular haqda məlumatlısınız? 
- Geniş məlumatım yoxdur. Gələndə görərik. 

- Gələnlər arasında Hakan Şükür, Rüştü Rəcbər, Vagiz Xidyatullin, Bernd Şuster, Şota və Arçil Arveladze qardaşları olacaq, hətta milli komandamızın baş məşqçisi Berti Foqts da oynayacaq... 
- Əlbəttə, onlarla bir komandada olmaq, oynamaq, ünsiyyət qurmaq xoşdur. 

- Bakıda öz məharətinizi göstərə biləcəksiniz? 
- Normal formadayam. Təbii ki, əvvəlki səviyyədə deyiləm. Hər halda, meydanda 45 dəqiqə yüksək tempdə oynamağa dözərəm. 

- Azərbaycanlı veteran futbolçulardan kiminlə şəxsi tanışlığınız var? 
- Praktiki olaraq tanışlarım yoxdur. SSRİ dağılandan sonra mən İngiltərəyə getdim. Sizinkilərdən az-çox Aleksandr Jidkovla əlaqəm olub, ünsiyyət qururam. O, Kiyev “Dinamo”sunun, “Neftçi”nin, milli komandanızın qapıçısı olub. Açığı, sizinkilərdən başqa heç kimlə əlaqəm yoxdur. 

- Deməli, Azərbaycan futbolu haqda məlumatınız azdır... 
- Mətbuat vasitəsilə informasiyalar əldə edirəm. Bilirəm ki, uzun müddətdir millinizin baş məşqçisi postunda Berti Foqts işləyir. Ancaq sizi aldatmayacağam, futbolunuz haqda az məlumatım var.

- Foqts vaxtilə Şotlandiya yığmasını çalışdırıb ki, siz də bu ölkədə oynamısınız. Təsadüfən həmin vaxt onunla yollarınız kəsişməyib? 
- Yox. 

- Məşqçisi olduğunuz “Volqa”da sizə qədər azərbaycanlı futbolçu oynayıb... 
- Hə, bunu bilirəm, Vaqif Cavadovu deyirsiniz. Komandadakılar onun haqda danışırdı.

- Müsbət mənada, yoxsa? Vaqif yarım ildən sonra “Volqa”dan gedəsi oldu... 
- Futbolçunun qısa müddətdən sonra komandadan getməyi normal şeydir. Bir klubda oyunu alınır, digərində yox. Bildiyimə görə, Cavadov yaxşı futbolçudur. Onun burda karyerası alınmayıb. 

- “Rubin”də millimizin müdafiəçisi Ruslan Abışov oynayır. Onu tanıyırsınız? 
- Əlbəttə. Rusiyada kim oynayırsa, onun haqda informasiya əldə edirik. Burada futbolçular haqda məlumatlar az deyil. Sadəcə, Rusiyada Azərbaycan yox, Avropa çempionatları haqda informasiyalar çoxdur. 

- Yeri gəlmişkən, sizdən sonra “Mançester Yunayted”də oynamış Trinidad və Tobaqodan olan hücumçu Duayt York da Bakıya dəvət olunub... 
- O da Bakıya gələcək?

- Bəli, deyilənə görə, artıq razılığını verib... 
- Əla. Onunla da ünsiyyət quraram. Belə tanınmış futbolçuları bir araya gətirməyiniz çox yaxşıdır. 

Mehman SÜLEYMANOV
 

# 1085
avatar

Oxşar yazılar