“Bakı şəhəri qalib gələnədək Yay Olimpiya Oyunlarına namizədliyini verəcək”. Lent.az-ın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.
İ.İsmayılov motorlu qayıqlarda “Formula-2” üzrə “Bakı Qran-pri”si ilə əlaqədar keçirilən mətbuat konfransında xarici jurnalistlərin maraq dairəsinə düşüb. Daha öncə Bakının 2016 və 2020-ci il Yay Olimpiya Oyunlarına namizəd olduğunu xatırladan nazir müavini paytaxtımızın 2024-cü il olimpiadasına iddiaçılar sırasında yer alacağını açıqlayıb.
Nazirlik rəsmisi Azərbaycanın idman və turizm potensialından da danışıb. O bildirib ki, 6-7 iyulda Bakıda təşkil olunacaq “Formula-2” də turizmin bir istiqamətidir: “İnanıram ki, bu yarışla əlaqədar paytaxtımıza xarici ölkələrdən xeyli turist gələcək”.