Tofiq Bəhramov adına Respublika stadionu Azərbaycan və Portuqaliya milli komandaları arasında martın 26-da keçiriləcək 2014-cü il dünya çempionatının seçmə qrup matçına tam hazırdır. Bu barədə Lent.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib.
O bildirib ki, saat 21:00-da başlanacaq qarşılaşmada təhlükəsizliyi 2200 polis və Daxili Qoşun əsgəri qoruyacaq. İsmayılov 14 il öncə baş vermiş hadisənin yenidən təkrarlanma ehtimalına da münasibət bildirib. 1999-cu il sentyabrın 3-də məhz Respublika stadionunda Azərbaycan və Portuqaliya milliləri arasında keçirilmiş qarşılaşmanın ilk yarısından sonra arenanın işıqları sönüb. Həmin vaxt hesab 0:0 olub. Problemi aradan qaldırmaq mümkün olmadığından, qarşılaşma ertəsi gün təbii işıqlandırma şəraitində oynanılıb. Matç 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Hadisənin ardından stadionun o vaxtkı direktoru Eyvaz Qurbanov vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə isə Akif İsmayılov təyin olunub. İsmayılov bildirib ki, stadionda yenidən eyni halın təkrarlanma ehtimalı hər zaman var. Lakin direktorun sözlərinə görə, bu gün də analoji hadisə baş versə, generatorlar 3-4 dəqiqə ərzində avtomatik işə düşəcək. Üstəlik, arenanın 2 ehtiyat xətti də var: “Bakıda işıqlar tamamilə sönsə belə, oyun baş tutacaq. Çünki stadionumuzda generatorlar avtomatik işə düşəcək. Generatorları bir daha yoxlamışıq, hər şey qaydasındadır”.