Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısını davam etdirən “Bakı” futbol komandası eyni gündə iki yoxlama matçı keçirib. Lent.az-ın məlumatına görə, paytaxt təmsilçisi qarışıq heyətlərlə əvvəlcə Macarıstan “Uypeşt”ini, ardından Almaniyanın aşağı liqasında çıxış edən “Bergix Qladbax” klubunu sınağa çəkib.
Baş məşqçi Bojidar Bandoviç ilk qarşılaşmada daha güclü heyətdən yararlanıb. Qapını Edin Nuredineski qoruyub. Müdafiədə İbrahim Karqbo, Edemir Rodrigez, Şəhriyar Əliyev, George Popxadze və Aqil Nəbiyev, orta sahədə Xavyer Junior, Aleksandr Şoliç və Elvin Məmmədov mübarizə aparıblar. “Bakı”nın hücum xəttində isə yeni transfer Rauf Əliyev və Nurlan Novruzov yer alıb. Qarşılaşma “Uypeşt”in qələbəsi ilə yekunlaşıb – 2:0.
İkinci oyunda isə “Bakı”nın heyətində daha çox ehtiyatda qalan və baxışda olan oyunçular - Aqil Məmmədov, Novruz Məmmədov, Elşad Manafov, Vasif Rzayev, Samuel Aysun, Tanko Dyakov, Vüqar Bəybalayev, Ferdi Elmas, Namiq Ələsgərov, Ülvi Quliyev və Tural Qürbətov meydana çıxıb. Bununla belə, Azərbaycan komandası qalib gəlib – 1:0. Yeganə topu baxışda olan futbolçu Ferdi Elmas vurub.