“Bakı-2015”ə hazırlıq yüksək qiymətləndirildi
04 mart 2014 16:13 (UTC +04:00)

“Bakı-2015”ə hazırlıq yüksək qiymətləndirildi

Estoniyanın paytaxtı Tallində Avropa Velosipedçilər İttifaqının (UEC) Baş Assambleyası keçirilib. Lent.az-ın məlumatına görə, tədbirə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də qatılıb.

 

İclasda çıxış edən UEC-in prezidenti David Lappartien gündəlikdə duran məsələlər barədə danışıb. O, öz çıxışında gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarına xüsusi yer ayırıb və Azərbaycanın “Bakı-2015”ə hazırlıq işlərini yüksək qiymətləndirib. Oyunların proqramına velosiped idmanının 3 növü – şose, BMX və mountenbayk daxildir. David Lappartien oyunların ən yüksək səviyyədə təşkil edilərək keçiriləcəyinə inam ifadə edib.

 

Tədbirdə Avropa çempionatlarında qaliblərin geyəcəyi yeni formaların təqdimat mərasimi də olub.

 

AVİF-in vitse-prezidenti Sahib Ələkbərov UEC və bir sıra ölkələrin federasiyalarının rəsmiləri ilə fikir mübadiləsi aparıb, onlara Azərbaycanda velosiped idmanının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Federasiya rəsmisi bu yöndə dövlətin dəstəyini daim hiss etdiklərini xüsusi vurğulayıb. O, “Bakı-2015”in unudulmaz idman bayramı olacağını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar