AFFA tərəfindən Bakının Nizami rayonu ərazisində tikilən “8 km stadionu” “Bakcell Arena” adlanacaq. Lent.az-ın məlumatına görə, bununla əlaqədar “Bakcell”in ofisində müqavilə imzalanıb. Müqaviləni şirkətin baş icraçı direktoru Riçard Şirer və AFFA-nın baş katibi Elxan Məmmədov imzalayıb. “Bakcell Arena” stadionun adını əks etdirən lövhənin açılış mərasimi fevralın 23-də keçiriləcək.
Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilib. “Bakcell”in də milli tərəfdaşı olduğu 17 yaşadək qızlar arasında dünya çempionatının bir çox oyunu burada keçirilib. 11 min tamaşaçı yeri olan “Bakcell Arena” ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Tribunada ailə baxış və 17 skayboks VİP, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunub-geyinmə, məşqçilər, hakimlər, həkimlər, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarəti və digər otaqlar yerləşir. Stadionun 400 avtomobil tutan dayanacağı var.