“Azərbaycandakı dünya çempionatı digər ölkələrə nümunə olacaq”
21 yanvar 2013 12:40 (UTC +04:00)

“Azərbaycandakı dünya çempionatı digər ölkələrə nümunə olacaq”

AFFA prezidenti Rövnəq Abdullayev və FİFA prezidenti Yozef Blatter arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş keçirilib. Lent.az-ın xəbərinə görə, görüşdə Abdullayev son illər ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər barədə beynəlxalq futbol qurumunun rəhbərini məlumatlandırıb.

 

AFFA-nın prezidenti ötən il ölkəmizdə 17 yaşadək qadınlar arasında dünya çempionatı lazımi səviyyədə təşkil olunduğunu, son illər infrastrukturun genişləndirilməsi istiqamətində də xeyli işlərin görüldüyünü vurğulayıb. O qeyd edib ki, AFFA beynəlxalq standartlara cavab verən 8 KM stadionu və Bayıl stadionunu istifadəyə verib və ölkəmizin müxtəlif ərazilərində yeni stadionlar inşa olunur. Bakıda tikilən Olimpiya, Sumqayıt və Qəbələ şəhər stadionları barədə FİFA prezidentinə ətraflı məlumat verilib. Qeyd olunub ki, AFFA bundan sonra da beynəlxalq futbol qurumu ilə əməkdaşlığını daim genişləndirməyə, verilən tövsiyələrə layiqincə əməl etməyə və birgə layihələri yüksək səviyyədə həyata keçirməyə çalışacaq.

 

Blatter isə regionda ilk dəfə ötən il ölkəmizdə keçirilən dünya çempionatının təşkili istiqamətində AFFA rəhbərliyinin fəaliyyətindən razılıq ifadə edib. O bildirib ki, FİFA-nın regionda əsas tərəfdaşlarından birinə çevrilən AFFA digər beynəlxalq yarışları da təşkil etməyə hazır olduğunu təsdiqləyib: “Dünya çempionatının belə möhtəşəm şəkildə keçirilməsinin gələcəkdə digər ölkələr üçün nümunə hesab ediləcəyinə əminəm. Bir sözlə, FİFA-nın 17 yaşadək qadınlar arasında dünya çempionatının ilk dəfə müsəlman ölkəsində - Azərbaycanda keçirilməsi ilə bağlı etimadını doğrultduğuna görə ölkənizin ictimaiyyətini təbrik edir və belə yarışlara ev sahibliyi etmək üçün təklifinizi daim yüksək dəyərləndirəcəyimizi bildiririk”.

 

Azərbaycanda inşa olunan stadionların maketləri ilə bağlı hazırlanan məlumatlar əyani olaraq FİFA rəhbərliyinə təqdim olunduqdan sonra xatirə şəkli çəkdirilib.

 

Qeyd edək ki, görüşdə FİFA-nın Avropa üzrə inkişaf meneceri Eva Pasquye, FİFA-nın üzv assosiasiyalar və inkişaf üzrə direktoru Tyerri Rejenass və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679
avatar

Oxşar yazılar