İspaniyanın paytaxtı Madriddə ənənəvi FUTUR turizm sərgisinin rəsmi açılış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, sərginin Azərbaycan bölümü ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.
Həmin ölümdə turizm və biznes sahələri ilə yanaşı, idman sektoru da var. İdman sahəsində ölkəmizi “Bakı” futbol klubu təmsil edir. Sərgidə ilk dəfə Azərbaycanın idman sektoru təqdim olunur. Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Azərbaycan bölümündə yer alan materiallarla tanış olaraq, sərgi iştirakçılarına uğurlar arzulayıblar.
“Bakı”nın icraçı direktoru Yaşar Seyidov fəxri qonaqlara klubun sərgidə iştirakı barədə ətraflı məlumat verib. Klubun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev ziyarətçiləri “Bakı”nın beynəlxalq əlaqələri, o cümlədən, İspaniya “Atletiko”su ilə əməkdaşlıq, bu müqavilənin Azərbaycan futboluna verəcəyi böyük fayda və perspektivlər haqda məlumatlandırıb.
Sərginin ilk günü Azərbaycan bölümü böyük marağa səbəb olub. Bu bölümü on minlərlə adam ziyarət edib. Madridin İFEMA sərgi mərkəzində 5 gün davam edəcək beynəlxalq sərgidə “Bakı”nın infrastruktur çalışmaları, uşaq futbolu, futbol akademiyasının fəaliyyəti, beynəlxalq əlaqələr, o cümlədən, “Atletiko” ilə əməkdaşlıq barədə ətraflı məlumat veriləcək, təbliğat-təşviqat materialları, klub atributları, tarixi video və audio vəsaitləri sərgilənəcək. “Bakı” sərgidə "Atletiko" saatları da təşkil edəcək. Madrid komandasının futbolçuları və klub nümayəndələri fevralın 1-də sərgini ziyarət edəcək, futbol geyimləri imzalayaraq, ziyarətçilərə hədiyyələr paylayacaqlar. Sərgiyə fevralın 3-də yekun vurulacaq.
Qeyd edək ki, FUTUR sərgisi dünyanın ən böyük sərgi-nümayiş mərkəzlərindən biri kimi qəbul olunur. 33-cü dəfə keçiriləcək ənənəvi sərgi daim təkcə İspaniyanın deyil, iş dünyasının diqqət mərkəzində olur. Ötən il sərgini 154 ölkəni təmsil edən 6313 jurnalist işıqlandırıb. Bu il sərgiyə 167 ölkədən 9142 şirkət və dövlət strukturu qatılıb.