İspaniyanın “Atletiko” klubu Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşündə Rusiya “Rubin”inin qonağı olacağı Moskvaya 9 əsas futbolçusu əvəzinə 700 kq isti əşya aparıb. Lent.az-ın Madrid klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Dieqo Simeonenin ehtiyac duymadığı oyunçular arasında Arda Turan da var.
Türkiyəli yarımmüdafiəçidən əlavə, müdafiəçilər Xuanfran, Dieqo Qodin, Felipe Luis, Emiliano İnsua, yarımmüdafiəçilər Tiaqo, Qabi və Koke, habelə hücumçu Dieqo Kosta da heyətə düşməyib. Əvəzində Rusiya paytaxtına lider Radamel Falkao aparılıb.
Moskva soyuğundan çəkinən “Atletiko” ədyal, jilet, papaq, əlcək, isti , isti alt paltarı və tumanlarla yola düşüb. Bundan əlavə, komanda “Lujniki” stadionunda süni örtüyün olduğunu nəzərə alaraq, xüsusi altlığa malik butslarla oynayacaq. Madrid təmsilçisi bir həftəyədək süni örtükdə məşq edib.
Qeyd edək ki, “Rubin” – “Atletiko” matçı fevralın 21-də keçiriləcək. Madriddəki qarşılaşmada “Rubin” qalib gəlib – 2:0.