“Anam qorxurdu ki, məni oğurlayarlar” - MÜSAHİBƏ
26 aprel 2013 16:13 (UTC +04:00)

“Anam qorxurdu ki, məni oğurlayarlar” - MÜSAHİBƏ

Aprelin 26-da Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əsri yarılayır. Lent.az elə ad günü ovqatında onunla müsahibə götürüb:

 

- 50 illik ömür yolu necə keçdi?

 

- Həyatdır, öz axarı ilə davam edir. 50 ildə həyatın hər üzünü gördük.

 

- Hazırda özünüzü arzularınızın pik nöqtədə sayırsınız?

 

- Xeyr, hələ arzularım çoxdur.

 

- Ən böyük arzunuz nədir?

 

- Baba olmaq!

 

- Bəs uşaqlığınız necə keçib?

 

- Uşaqlıqda çox dəcəl olmuşam. Həddən artıq! Özüm kənddə - yaşıllıqda, torpaq üstündə, çayın kənarında, meşənin ətəyində böyümüşəm. Gürcüstanda Bolnisi rayonunun İncəoğlu kəndində doğulub boya-başa çatmışam.

 

- Kəndinizdə gürcülər var idi?

 

- Xeyr, başdan-başa azərbaycanlılar idi. Amma uşaqlıqdan gürcüləri tanımışam. Rəhmətlik atam Bolnisi rayonunun özündə işləyirdi. Arabir onunla gedib-gəlirdim. Dayımgil rayonda yaşayırdı. Dayımın yoldaşı gürcü idi.

 

- Başqa millətləri elə o vaxtdan tanımağa başladınız?

 

- Bəli. Anamın doğma kəndi ilə bizim yaşadığımız kənd arasında bir erməni kəndi var. Nənəmgilə gedəndə anam həmişə mənə deyərdi: “Onlar bizim düşmənlərimizdir. Əlimdən tut, geri qalma. Birdən oğurlayarlar”. Yəni, uşaqlıqdan ermənilər barədə məlumatlı olmuşuq və bizdə erməniyə qarşı kin-küdurət oyanıb. Mənim anamın babası İsrafil Ağa Acalov 1915-ci ildə özünün rəhbərliyi altında 700 ermənini məhv edib. Bu, faktdır, hətta tarix kitablarında, erməni dığalarının öz saytlarında da əksini tapıb. Həmin hadisəyə görə anamın atası, əmiləri sürgün olunub. Elə rəhmətlik anam da buna görə bizə ehtiyatlı olmağı tapşırırdı. Çünki ermənilər anamgil tərəfdən acıqlı idilər. Yəni, uşaqlıqdan bilirdik ki, onlar nə millətdirlər.

 

- Bakıya gəlişinizə səbəb nə oldu?

 

- Bakıya 1979-cu ildə gəldim. 16 yaşımda Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olunmuşdum.

 

- Dərslərinizi necə oxuyurdunuz?

 

- Ədəbiyyatla tarixi yaxşı oxumuşam. Amma fiziki ilə həndəsədən xoşum gəlmirdi.

 

- Futbol sahəsinə gəlişiniz necə alındı?

 

- AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayevlə 1982-ci ildən tanışlığımız var. Rəhmətlik qardaşı ilə bir qrupda oxumuşuq, dost-qardaş olmuşuq. Rövnəq müəllim “Neftçi” klubunun prezidenti olduqdan sonra mənə birgə çalışmağı təklif etdi. Elə o vaxtdan onun rəhbərliyi altında əvvəlcə klubda vitse-prezident, sonra isə Peşəkar Futbol Liqasında prezident kimi fəaliyyətə başladım.

 

- “Neftçi”nin prezidenti kimi işiniz daha çətin idi, yoxsa hazırkı vəzifəniz?

 

- Sözlərim başqa cür anlaşılmasın. Ümumiyyətlə, istər futbol sahəsində, istərsə də daha öncə çalışdığım daxili işlər orqanlarında olsun, insan həyatda cavabdehlik daşıyırsa, onun işi hər yerdə çətindir. Cavabdehlik varsa, çətinlik də var. Həyatda hər şey çətindir. Cavabdehliyim isə uşaqlıq illərimdən olub. İnstitutda qrupun “starosta”sı idim. Həmişə təşkilatçılıq işlərini bacarmışam. Orta məktəbdə oxuyanda 1 mayı, Qələbə gününü qeyd edərdik. Orta məktəbi qurtaranda, Yeni İl münasibətilə yığışırdıq. Həmin tədbirlərdə daim cavabdehliyim olurdu. İndi də çalışırıq ki, hansısa addımı atarkən üzümüz ağ olsun.

 

- Bayaq dediniz ki, həyatın hər üzünü görmüsünüz. Həyatın hansı üzü daha yaxşıdır?

 

- (gülür) Həyatın həm o üzünü, həm də bu üzünü görmüşəm. Hər ikisinin öz yeri var. Bəzən həyat yaxşı olur. Ümumiyyətlə, həyat gözəldir.

 

- 50 yaşınızda özünüzü necə hiss edirsiniz?

 

- Allahımdan razıyam. Bu gün yoldaşlar, dostlar arasında varamsa, çox şükür. Naşükür olmaq mənə günahdır. Heç bir müsəlmana naşükürlük yaraşmaz. Bu günümdən razıyam. Yaxşı kollektivdə çalışıram. Öz kollektivimizlə mehribanıq. Bu gün hamısı məni gözəl əhval-ruhiyyədə təbrik edib. İnşallah, hər şey yaxşı olacaq.

 

- Futbolumuza nə arzulayırsınız?

 

- Biz bu gün düzgün danışmasaq, kənardan izləyənlər, oxuyanlar qiymətləndirməzlər. “Futbolu ailəmdən üstün tuturam” desəm, heç kim inanmaz. Sözsüz ki, futbolumuzla da bağlı arzularım var. İş insan həyatının yarısı, hətta yarıdan çoxu deməkdir. Çünki hər şey işlə bağlılıqdan doğur. Bu işdə çalışıramsa, ailəmi də buradan dolandırıram. Sözsüz ki, işimdə böyük nailiyyətlərin olmasını istərdim. Amma ən böyük arzum baba olmaqdır. Elə baba ola-ola komandalarımızı Çempionlar Liqasında görmək istərdim. Bizim xalq buna layiqdir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

Oxşar yazılar