Bakının “Rəvan” futbol klubu mövsümün sonunadək keçirəcəyi bütün oyunlarda qələbəyə iddialı olacaq. Bu barədə Lent.az-a klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib.
O bildirib ki, “Rəvan” Topaz Premyer Liqasında ilk “6-lıq” şanslarını itirməsinə baxmayaraq, martın 3-də “Bakı” ilə qarşılaşmanı məğlub əhval-ruhiyyədə oynamaq niyyətində deyil: “Bizim üçün rəqibin kimliyi heç bir önəm kəsb etmir. Əvvəlki oyunlarda olduğu kimi, növbəti matçlarda da sonadək mübarizə aparacağıq”.
Təsnifat mərhələsinin sonuna 1 tur qalmış “Bakı” və “Xəzər Lənkəran” hərəyə 27 xal yığıb. Lakin şəxsi göstəricilərdə üstünlüyü səbəbindən “Bakı” 6-cı pillədədir. Paytaxtın eyniadlı təmsilçisi XXII turda “Rəvan”ı da yensə, ilk “6-lığ”ı təmin edəcək. Premyer Liqada heç bir iddiası qalmayan “Rəvan”ın diqqətini Azərbaycan Kubokuna yönəldəcəyi güman olunur. Ölkə kubokunda isə bu komandanı fevralın 27-də “Xəzər Lənkəran”la ilk ¼ final matçı gözləyir. Şirəliyev isə hər iki görüşə qələbə üçün çıxacaqlarını açıqlayıb. Onun sözlərinə görə, gələn mövsüm “Rəvan”ın Premyer Liqada olmayacağı qətidir, amma bu qərar komandanın hazırkı çıxışlarına heç bir təsir göstərməyəcək. Klub rəsmisi bildirib ki, verdikləri qərar klubu maliyyələşdirən şirkətin gəlirlərində azalma ilə əlaqədar deyil: “Biz qış transfer dövründə komandamızı bir neçə futbolçu ilə gücləndirmişdik. Maliyyə çətinliyimiz olsaydı, bu qədər oyunçunu necə ala bilərdik? Sadəcə, oyunlarımız zamanı hakim qərəzi ilə üzləşdiyimizdən, Premyer Liqadan çəkilmə qərarı vermişik. I divizionda isə iştirak edə bilərik”.
Qeyd edək ki, “Rəvan” Topaz Premyer Liqasının XXI turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzaraq, ilk “6-lıq” şanslarını itirib. Paytaxt klubunun rəhbərliyi baş hakim Elçin Məmmədovun idarəçiliyindən narazı qalıb. Məmmədov oyun zamanı “Rəvan”ın 1 futbolçusunu meydandan qovub, eyni zamanda “Qarabağ”ın qapısına aşkar penaltini təyin etməyib.