““Şəfa”nın gələcəyi sual altındadır” - MÜSAHİBƏ
30 yanvar 2013 17:17 (UTC +04:00)

““Şəfa”nın gələcəyi sual altındadır” - MÜSAHİBƏ

Bakı “İnter”inin prezidenti Georgi Nikolov klubun saytına müsahibə verib. Lent.az-ın məlumatına görə, bolqarıstanlı futbol funksioneri bir çox məsələlərə münasibət bildirərkən, daha çox etirazlarını dilə gətirib.

 

- “İnter”in qış çempionu kimi baş vurduğu çempionatın ilk hissəsinin yekunu barədə bir daha  fikirlərinizi bilmək istərdik?

 

- Komanda liderdirsə, bu, o deməkdir ki, uğurla çıxış edir. Lakin bizim üçün ən arzu ediləni komandanın mövsümün yekunlarına görə lider olması olacaq. Ümid edirəm ki, turnir cədvəlində ilk sıranı qoruyub saxlamaq bizə müyəssər olacaq. “İnter” yaxşı nəticə ilə müşayiət olunan kifayət qədər rasional oyun nümayiş etdirir. Çıxışımız məni sevindirir və inanıram ki, futbolçular bu tempi saxlamağı və mövsümü birinci yerdə başa vurmağı bacaracaqlar.

 

- Bu yaxınlarda “İnter” forvard Yuri Fomenko ilə müqavilə imzaladı. Transfer pəncərəsi hələ açıqdır. Maraqlıdır, baş məşqçi daha hansı yeni futbolçuların alınması ilə bağlı Sizə müraciət edib?

 

- Yuri Fomenko ilə hələ ötən il maraqlanırdıq, lakin o zaman bu transferi gerçəkləşdirə bilmədik. Mən şadam ki, indi bu futbolçu bizim sıramızı gücləndirdi. Fomenko diqqətəlayiq futbolçudur. Düşünürəm ki, bu oyunçu bizə güclü kömək edəcək. Yeni transferlərə gəldikdə, onu deyə bilərəm ki, bu məsələ barədə məşqçi heyəti ilə müzakirələr aparmışıq. Biz əsasən hücumçularla maraqlanırıq. Konkret ad çəkə bilmərəm, lakin bununla yanaşı, deyə bilərəm ki, bu siyahıda müxtəlif ölkələrdən bir neçə futbolçuların adları var.

 

- Çempionata qayıdaq. Bu mövsüm Premyer Liqada mübarizə daha kəskin aparılır. Çempionat daha sıx və rəqabət qabiliyyətli olub. Sizin nəzərinizcə, bu yerli çempionatın inkişaf etməsindən xəbər verir, yoxsa Siz bunu hansısa başqa faktorlarla əlaqələndirirsiniz?

 

- Mən düşünmürəm ki, biz tənəzzülə uğrayırıq.  Çempionat maraqlı olub, ancaq bu marağı mən komandaların bu və ya digər matçlara yanaşmaları ilə daha çox əlaqələndirirəm. Bir çox klub bir-birilərindən xal almağı bacara bilir, ancaq mənim fikrimcə, arzuedilən tərəqqini əldə etmək üçün hələ çox işləmək lazımdır.

 

- Yəqin Siz həm də onu görə belə düşünürsünüz ki, çempionatın “altılıq” sistemi ilə keçirilməsinin tərəfdarı deyilsiniz...

 

- Bəli, bir çoxları artıq bilirlər ki, “altılıq” sisteminin əsas əleyhdarlarından biriyəm. Artıq demişəm ki, bu qayda idman mübarizəsinin prinsiplərinə ziddir.  Nə qədər ki, “İnter”in prezidenti vəzifəsindəyəm, o qədər də çempionatın belə keçirilməsinə qarşı olacağam. Mən anlayıram ki, PFL-in futbolun inkişafına, futbolun inkişaf sisteminə dair öz baxışları var və bizim fikirlərimiz 100 faiz üst-üstə düşə bilməz. Ancaq mən çempionatın belə sistem üzrə aparılmasının doğru olmağını həmişə qeyd edəcəyəm.

 

- Dekabrın sonunda AFFA-da yerli futbol federasiyalarının, PFL-in və Premyer Liqa klublarının rəhbərlərinin birgə görüşü keçirilmişdi. Görüşdə bir sıra vacib məsələlər müzakirə olunmuşdu...

 

- Həmin görüşün keçirilməsindən bir aydan çox vaxt ötür və iclasın bütün detallarını xatırlamıram. Ancaq biz Tovuz və Gəncədə yerləşən stadionların vəziyyətini müzakirə etdik. AFFA rəhbərliyi klublara təklif etdi ki, bu iki şəhərdən olan klubların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına öz töhfəmizi versin. Nəticədə qalan klublar uşaq-futbol məktəblərinin inkişafına görə alacaqları vəsaitdən imtina etdi və həmin vəsaitlər Tovuz və Gəncə stadionlarında infrastrukturun yaxşılaşdırılmasına yönəldiləcək. Etiraf edirəm ki, həmin görüşdə “altılıq” formatı barədə də söhbətlər aparıldı. Lakin sistemin dəyişdirilməsi ilə bağlı səsləndirilən təkliflər həvəslə qarşılanmadı. Premyer Liqanın keçirilməsinin bu variantı, çox güman ki, qalacaq.

 

- Təsəvvür edək ki, “altılıq” sxemindən imtina olundu. Bu halda, Sizcə, çempionatı keçirməyə dəyər?

 

- Mən elitada 4 dövrə ərzində öz aralarında görüşlər keçirəcək 12 komanda saxlayardım. Bəli, bir çoxları etiraz edə bilərlər ki, bu, həddən artıq çoxdur. Lakin gəlin baxaq, Avropada hansı çempionatlar ən güclüdür? Cavab verim: hansı çempionatda müddət uzundur, məhz orada, yəni İngiltərədə, İspaniyada, Almaniyada və İtaliyada. İngiltərədə dekabrın 31-də Yeni ili qeyd edirlər, növbəti gün isə futbol oynayırlar. Oyunlar nə qədər çox olarsa, futbolçuların Avropa futboluna uyğunlaşmaq üçün şansları bir o qədər çox olacaq. “Çərşənbə-şənbə” və “çərşənbə-bazar” sistemi ilə oynamaq daha maraqlı olar. Bir də ki, belə sistem həm azarkeşlərə, həm də oyunçulara müasir futbol yükləmələrinə uyğunlaşmalarına kömək edəcək. Fasilə nə qədər az olarsa, insanların futbola marağı daha çox olar. Nəzər yetirin, bizdə nə baş verir - təqribən iki ay davam etmiş fasilə insanların çempionata marağını öldürür, bir çoxları mövsümün birinci hissəsində nə baş verdiyini unudurlar. Fevral ayında isə klublar yenidən marağı oyatmağa başlayırlar.

 

- Son zamanlar xarici klubların yerli futbolçulara marağı artır. Polşanın eyni anda iki klub “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevlə maraqlanmışdılar. Lakin yekunda keçid alınmadı. Bilmək istərdik, Polşa klubu nəyə görə futbolçunun keçidi üçün pul ödəməkdən imtina etdi?

 

- Bu məsələni xatırlayaraq deyə bilərəm ki, Nizami ilə Polşanın iki klubu - “Poqon” və “Karona” maraqlanmışdı. Lakin bununla yanaşı, onlar anlaşılmayan hərəkət etdilər. Nizami Hacıyevin “İnter”lə qüvvədə olan müqaviləsi var, bu futbolçu əsas heyətin üzvüdür, Azərbaycan millisinə dəvət edilir, onlar isə onu hədiyyə etməyimizi istəyirdilər. Onların komandalarından bu və ya digər futbolçuların bizə hədiyyə etmələrini xahiş etdiyimiz zaman həmin klub prezidentlərinin reaksiyalarına baxmaq istərdim. Kapitalizm və bazar münasibətləri dövründə belə danışıqlara yer yoxdur.

 

- Avropa kuboklarına vəsiqə qazanacağı təqdirdə, “İnter” ev oyunlarını “Şəfa” stadionunda keçirməlidir. Stadion sertifikat alıb və bunun sayəsində oyunları keçirmək mümkün olacaq. Ancaq hazırda stadionun birbaşa qarşısında şəhərin eyni anda bir neçə prospektini birləşdirəcək avtomobil yolunun tikintisi gedir...

 

- Ümid edirəm ki, yaya qədər bu yolun tikintisi ilə bağlı hansısa nəticə görünəcək. Əlbəttə, bu barədə danışmaq hələ tezdir, axı biz hələ avrokuboklarda iştirakımıza zəmanət altına almamışıq. Ancaq avrokuboklara düşəcəyimiz halda oyunlarımızı doğma arenada keçirmək istərdik. Son variant kimi oyunları digər stadionlarda keçirə bilərik. Allaha şükür, Bakıda avrokubok oyunlarını keçirmək üçün bir çox arena var - “Bakcell Arena”, “Dalğa Arena”, Tofiq Bəhramov adına Respublika stadionu.

 

- Yeni yol stadionun fəaliyyətinə mane olmayacaq? Bir-birilərinə mane olmamaqla bu iki obyekt paralel fəaliyyət göstərəcək? Bu yol “Şəfa” stadionun fəaliyyətinə mane olmayacaq? Tamaşaçılar-piyadalar stadiona rahat çata biləcəklər?

 

- Bunlar çox yaxşı suallardır, ona görə ki, artıq bir neçə gündür heç də xoşagəlməyən fakt üzərində vuruşuruq. Bu nəqliyyat qovşağının tikintisi artıq elə bir mərhələyə çatır ki, texnoloji qərarlar qəbul etmək lazım gələcək. Bununla yanaşı, yolun layihəsi artıq üçündü dəfədir dəyişir. Hazırda bizi çox əlverişsiz vəziyyətlə üz-üzə qoyan layihə aktualdır. İnşaatçılar qərara gəliblər ki, yolun üzərində heç bir örtülü dayanacaq yeri olmasın, burada sadəcə yeraltı avtomobil dayanacağı olsun. Bu layihə idman kompleksi kimi "Şəfa"nın gələcəyini sual altına alır. İstərdim ki, bizim etirazlarımız eşidilsin. Stadion boyunca yolun üstü tam bağlanmalıdır. Yalnız bu halda bu infrastruktur ən optimal olacaq və fəaliyyət göstərdiyi zaman arenanın mövcudluğuna mane olmayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830
avatar

Oxşar yazılar