Ispaniyada leginoner həyatı yaşayan azərbaycanlı futbolçu Eddi İsrafilov millinin toplanışına qatılmayacaq.
Lent.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Eddi İsrafilov martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.
Buna səbəb “Kordoba” klubunun baş məşqçisinin futbolçunun Azərbaycan millisinin toplanışında iştirak etməməsi ilə bağlı müraciəti səbəb olub. İspaniya çempionatının yüksək liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan komandanın çalışdırıcısı Eddinin vacib matçlarda klubun düşərgəsində qalmasını istəyib.
Millimizin baş məşqçisi Robert Prosineçki həmkarının müraciəti müsbət cavablandırıb.