Azərbaycanın kayak və kanoe üzrə milli komandası Almaniyanın Duysburq şəhərindəki dünya çempionatını 1 medalla başa vurub. 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə qızıl medala sahib olan Valentin Demyanenko karyerasında 4-cü dəfə kanoe üzrə planetin ən güclüsü olduğunu sübuta yetirib.
30 yaşlı idmançımız final yürüşündə finişə 38,462 saniyəyə çataraq, ən yaxın rəqibi, rusiyalı İvan Ştılı 0,255 saniyə geridə qoyub. Bürünc medala isə 39,060 saniyə nəticə ilə ispaniyalı Alfonso Benavides Lopes de Ayala layiq görülüb.
2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy – Aleksey Kupin dueti də medala yaxın olub. Lakin onlar əsas finalda finişə 1 dəqiqə 46,094 saniyəyə çataraq, 5-ci yerlə kifayətləniblər.
Ümumiyyətlə, dünya çempionatında 78 ölkədən 956 idmançı mübarizə aparıb. Azərbaycanı 1 kayakçı və 6 kanoeçi təmsil edib. Cəmi 30 ölkənin medal qazandığı nüfuzlu yarışda millimiz medal əyarında 15-ci olub.
Qeyd edək ki, Valentin Demyanenko karyerasında 4-cü dəfə dünya çempionu olub. Daha öncə kanoeçimiz 2005, 2009 və 2011-ci illərdə planetin ən güclüsü olmağı bacarıb. Demyanenkonun aktivində 4 Avropa çempionluğu da var. O, 2009 və 2012-ci illərdə 200 metr, 2011-ci ildə isə 200 metr və 500 metr məsafəyə yürüşlərdə qitənin ən güclüsü sayılıb.