Bu filmi izləyəndə  göz yaşlarınızı   saxlaya bilməyəcəksiniz – 2026-cı ilin yeni  romantik dramı
17 noyabr 2026 15:04 (UTC +04:00)

Bu filmi izləyəndə göz yaşlarınızı saxlaya bilməyəcəksiniz – 2026-cı ilin yeni romantik dramı

0

Bəzən bir film insanı elə təsirləndirir ki, ekran qarşısında göz yaşlarını saxlamaq mümkün olmur. 2026-cı ilin yeni ekran əsərlərindən olan “The Last Sunrise” (“Sonuncu şəfəq”) də məhz belə hekayələrdən bəhs edir. İlk məhəbbət, ağır xəstəlik, ailə sirləri və azadlıq uğrunda mübarizədən bəhs olunan romantik dram tamaşaçıları həm duyğulandırmağı, həm də həyatın dəyəri haqqında düşündürməyi hədəfləyir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, film məşhur “After” romanlar silsiləsinin müəllifi Anna Toddun eyniadlı əsərinin motivləri əsasında çəkilib.

Filmin süjeti nədən bəhs edir?

Hadisələrin mərkəzində ağır xroniki xəstəlikdən əziyyət çəkən gənc amerikalı tələbə Ray dayanır. Bu obrazı aktrisa Maya Refikko canlandırır.

Rayın anası İzolda qızının sağlamlığına görə onu daim nəzarətdə saxlayır və həyatını ciddi qaydalar əsasında qurmağa çalışır. Ana obrazını isə məşhur aktrisa Eva Lonqoriya ifa edir. Yay aylarında ana və qızı İspaniyanın mənzərəli Mayorka adasına yollanırlar. İzoldanın məqsədi burada böyük hotel tikdirməkdir. Ray üçün isə bu səfər əvvəlcə anasının nəzarəti altında keçəcək növbəti darıxdırıcı tətil kimi görünür.

Lakin hər şey gənc qızın yerli sakin Xulianla tanışlığından sonra dəyişir. Fernando Lindesin canlandırdığı Xulian Rayın həyatına sevgi, azadlıq və yeni ümidlər gətirir.

Sevgi, xəstəlik və çətin seçim

Ray ilk dəfə həyatın gözəlliklərini hiss etməyə, öz istəklərinə uyğun yaşamağa başlayır. Ancaq gənclərin münasibətləri ciddi sınaqlarla üzləşir. Qızın səhhətinin pisləşməsi onların gələcəyini sual altında qoyur. Digər tərəfdən, Rayın anasının biznes planları Xulianın ailəsinin maraqları ilə toqquşur. Hadisələr inkişaf etdikcə ailələrin keçmişinə aid gizli məqamlar da üzə çıxır.

Ray həyatının ən çətin qərarını verməli olur: ABŞ-yə qayıdaraq təhlükəsiz, lakin ciddi qaydalarla məhdudlaşdırılmış həyatını davam etdirmək, yoxsa ilk həqiqi sevgisi və öz taleyini müəyyənləşdirmək hüququ uğrunda riskə getmək?

Film niyə izlənməyə dəyər?

“The Last Sunrise” yalnız romantik münasibətlərdən bəhs etmir. Ekran əsərində valideyn qayğısı ilə həddindən artıq nəzarət arasındakı sərhəd, xəstəliklə mübarizə, azad seçim və ailə münasibətləri kimi mövzular ön plana çıxır. Mayorka adasının günəşli mənzərələri isə qəhrəmanların yaşadığı emosional sarsıntılarla maraqlı təzad yaradır.

Film xüsusilə gözlənilməz hadisələrlə zəngin sevgi hekayələrini və insanı düşündürən ekran əsərlərini sevən tamaşaçılar üçün maraqlı seçim ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar