Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışında olan Azərbaycanın futbol komandaları növbəti yoxlama oyunlarına çıxıblar. Lent.az-ın məlumatına görə, “Qəbələ” klubu Rumıniyanın yüksək liqasında mübarizə aparan “Petrolul”la üz-üzə gəlib.
Oyun “Qəbələ”nin qələbəsi ilə yekunlaşıb – 2:0. Hesabı 7-ci dəqiqədə Yannik Kamanan açıb. 80-ci dəqiqədə isə Rəşad Abdullayev matçda son nöqtəni qoyub. Beləliklə, "Qəbələ" Antalyada keçirdiyi 4-cü oyundan qalibiyyətlə ayrılıb. Toplanış çərçivəsində növbəti görüş yanvarın 30-da baş tutacaq. “Qəbələ” Rumıniyanın digər təmsilçisi “Styaua” ilə qarşılaşacaq.
Zaqatala “Simurq”u Xorvatiyanın “Slaven Belupo” klubuna böyük hesabla uduzub – 0:3. “Kremlin Palace” otelinin meydanında baş tutan qarşılaşmada hər üç qolu 38 yaşlı hücumçu, 1997 – 2000-ci illərdə Türkiyə “Trabzonspor”unun heyətindəki uğurlu çıxışları ilə yadda qalan Davor Vuqrinets vurub.