SOCAR-da audit yoxlaması başlayıb.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, bu, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəfin göstərişidir.
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin olunan və faktiki şəkildə Rövnəq Abdullayevi əvəzləyən yeni kadrın tapşırığı ilə bütün sahələr və istiqamətlər üzrə araşdırmalar gedir.
Bu səbəbdən SOCAR-dan müxtəlif qurumlara yönləndirilən və əsasən sosial layihə kimi qəbul edilən yardımlara ara verilib. AFFA da bura daxildir. Neft şirkəti 14 ildir federasiyanın baş sponsorudur. Bu illər ərzində AFFA-nın əsas gəlir mənbəyi məhz SOCAR olub. Şirkəti sponsoru olduğu assosiasiyaya böyük vəsaitlər ayırıb.
Təkcə son 11 ildə SOCAR-dan AFFA-ya verilən vəsaitlərə baxmaq kifayətdir. Bu müddətdə futbolumuza 132 milyon 771 min 400 manat ayrılıb.
Rekord rəqəm 2013-cü ilə təsadüf edib. Həmin vaxt neft şirkəti futbola 18 milyon yatırıb. Son 11 ilin antirekordu isə 2017-ci ildə olub. Həmin vaxt bu məbləğ 7 rəqəmlə ifadə olunub, yəni 10 milyon həddinə çatmayıb.
R.Abdullayev 2005-ci ildən 2022-ci ilədək SOCAR-a rəhbərlik edib. O, 2008-ci ilin martından AFFA prezidentidir. Sonuncu dəfə 2020-ci ildə 4 il müddətinə bu vəzifəyə seçilib.
SOCAR-dan AFFA-ya ayrılan vəsaitlər (illər üzrə)
2011 - 11109000
2012 - 10923500
2013 - 18000000
2014 - 14000000
2015 - 12900000
2016 - 11189490
2017 - 8234150
2018 - 11050500
2019 - 11964760
2020 - 11400000
2021 - 12000000
Cəmi - 132771400
SOCAR-da başlayan yoxlamalar çoxşaxəlidir və hələ bir müddət davam edəcək. Yeni rəhbərlik hesabat hazırlayıb, sonda müvafiq dövlət qurumlarına göndərəcək. AFFA bu dəyişikliyin təsirini artıq öz üzərində hiss etməkdədir. Şirkətdən quruma ayrılan vəsaitin ödəmə tarixində yubanmalar müşahidə olunmaqdadır. Federasiya ilə yanaşı, “neft bulağı”ndan “su içən” Premyer Liqa və I Divizion klubları onlara çatmalı olan vəsaiti almaqda çətinliklə üzləşib.