Roman Abramoviçin Türkiyənin "Göztəpə" klubunu alması iddiası ilə bağlı açıqlama verilib.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, İzmir komandasının vitse-prezidenti Tələt Papatya klubun rusiyalı oliqarxa keçməsi xəbərini təkzib edib.
Abramoviç adının uzun müddətdir gündəmdən düşmədiyini bildirən Papatya deyib: "Abramoviç klubu almaq üçün heç kimə əl uzatmayıb və görüşməyib. Belə bir şey yoxdur. Abramoviçin klubu aldığını mediadan oxuduq. Gerçəkliklə heç bir əlaqəsi yoxdur. Bu məsələlərlə bağlı danışıqlar müəyyən mərhələyə çatanda lazımi açıqlamanı verəcəyik".
***
20:35
Rusiyalı milyarder Roman Abramoviç “Göztəpə” futbol klubunu alıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Londonun "Çelsi" klubunun sahibi ilə Türkiyə tərəfi müqavilənin detalları ilə bağlı razılığa gəliblər.
“Göztəpə”nin alınması rəsmi olaraq aprelin 8-də açıqlanacaq. Abramoviçin yeni klubla maraqlanması ilk dəfə martın 23-də yayılmışdı.
“Göztəpə” 31 turdan sonra Türkiyə Superliqasında 18-ci pillədə qərarlaşıb. Komanda Superliqanı tərk etmək riski ilə üzləşib.
Martın 12-də Abramoviç İngiltərə Premyer Liqası rəhbərliyinin qərarı ilə "Çelsi"nin rəhbərliyindən uzaqlaşdırılıb. Bundan əvvəl sahibkar klubu satmağa hazır olduğunu bildirib.
Böyük Britaniya hökuməti Abramoviçə və Rusiyadan olan digər iş adamlarına qarşı sanksiyalar tətbiq edib. Sahibkarların aktivləri dondurulub, Britaniya fiziki şəxsləri ilə əməliyyatlar qadağan edilib, ölkəyə girişə məhdudiyyətlər qoyulub.