“Çox xoşbəxt, istəkli və həyəcanlıyam”.
Apasport.az saytının məlumatına görə, bunu PSJ-nin yeni transferi Lionel Messi keçirilən təqdimat mərasimi zamanı deyib.
PSJ-nin futbolçusu kimi ilk mətbuat konfransı təşkil olunan argentinalı superulduz yeni komanda yoldaşları və məşqçilər korpusu ilə görüşmək üçün səbirsizləndiyini bildirib: “Bu gün rəsmən həyatım dəyişdi, yeni mərhələyə başlayıram və çox istəkliyəm. “Barselona”dan ayrılmaq çətin oldu. Ancaq PSJ-yə gəldiyim üçün də xoşbəxtəm. Bura çox tez uyğunlaşdım. Daim oynamaq və uğurlar qazanmaq istəyirəm. Hər kubok uğrunda mübarizəyə hazıram. PSJ bütün titulları qazanmaq iqtidarında olduğu üçün buradayam”.
34 yaşlı futbolçu hücum xəttində Neymar və Kilian Mbappe ilə “trio” təşkil etmələrinə də münasibət bildirib: “Mbappe və Neymarla birlikdə oynamaq gözəl olacaq. Bu, əsl çılğınlıqdır. Ən yaxşılarla birlikdə meydanda olacam”.
Qeyd edək ki, PSJ-yə azad agent kimi keçən Lionel Messi yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb.