İspaniya nəhəngləri “Real” və “Barselona” Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın transferi məsələsində problemlə üzləşib.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, norveçli forvard mövsümün sonunda başqa ölkəyə köçə bilər.
“Real”da prioritet PSJ-nin forvardı Kilian Mbappeni almaq olduğundan, klub Haland üçün maliyyə ayırmaqda çətinlik çəkir. Bu üzdən madridlilərin prezidenti Florentino Peres gənc forvarddan daha bir il “Borussiya”da qalmağı, yalnız gələn ilin yayında “Real”a keçməyi istəyib.
“Barselona” isə maliyyə probleminə görə 22 yaşlı oyunçu ilə anlaşa bilmir. Kataloniya təmsilçisi artıq alternativini də müəyyənləşdirib. Əgər Halandla anlaşma əldə olunmasa, “Barsa” “Real Sosyedad”ın hücumçusu Aleksander İsakla danışığa başlayacaq.
Qeyd edək ki, Erlinq Haland bu mövsüm “Borussiya”nın heyətində bütün turnirlərdə 20 oyunda 23 qol vurub, 5 məhsuldar ötürmə verib.