"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hesab edir ki, 2023-cü ildə "Qızıl top"u iki futbolçu qazanmalıdır.
Lent.az xarici mediaya istinadən bildirir ki, onun sözlərini jurnalist Fabrizio Romano sosial şəbəkələrdə yayıb.
“Mən həm Messiyə, həm də Haalanda rəğbət bəsləyirəm. Messi qalib gəlsə, bu, dünya çempionatına görə ədalətli qələbə olacaq. Haaland qalib gəlsə, keçirdiyi mövsümə görə ədalətli olacaq.
Bu il iki mükafat olmalıdır! Onların hər ikisi qələbəyə layiqdir”, - Qvardiola deyib.
Erlinq Haaland ötən mövsüm İngiltərənin “Mançester Siti”sinin ən yaxşı oyunçusu seçilib. O, 52 oyunda iştirak edib, bütün yarışlarda 52 qol vurub və 9 məhsuldar ötürmə verib. Qeyd edək ki, bu, norveçlinin İngiltərə Premyer Liqasında (APL) debüt mövsümü idi.
Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub. Hücumçu iki il Fransa PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var.
“France Football”a görə ən yaxşı oyunçunun mükafatlandırma mərasimi bu gün keçiriləcək.