Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun ad günüdür.
Apasport.az saytı 50 illik yubileyini qeyd edən təcrübəli mütəxəssis zəngin futbolçu və məşqçi karyerasından ən yaddaqalan 50 məqam hazırlayıb.
1. Milli komandada vurduğu 14 qolla yığma tarixinin bombardidir.
2. Yığmanın 1992-ci il sentyabrın 17-də keçirdiyi ilk oyunda Gürcüstana qarşı forma geyinən heyətdə yer alıb.
3. Millidəki ilk qollarını 1993-cü ildə İrandakı turnirdə Qazaxıstan U-21 ilə görüşdə dubl edərək vurub.
4. Yığma karyerasında 2 matçda dubl edib, 10 qarşılaşmada 1 dəfə fərqlənib.
5. AÇ-lərin seçmə mərhələlərində 5 qol vursa da, DÇ-lərin seçmə oyunlarında rəqib qapısına yol tapmayıb.
6. Seçmə mərhələlərdəki yeganə dublu 2003-cü ildə Serbiya və Monteneqro ilə ev matçına təsadüf edib.
7. 1992-2005-ci illərdə formasını geyindiyi millidə ümumilikdə 68 matça çıxıb.
8. “Daşqın”ın yetirməsi 16 yaşında – 1988-ci ildə SSRİ çempionatlarının aşağı dəstəsində çıxış edən Mingəçevir “Avtomobilçi”sinin heyətinə cəlb olunub.
9. 1992-ci ildə müstəqilliyə qədəm qoyan Azərbaycan futbolundan daha tez SSRİ çempionatlarından ayrılaraq, fasilələrlə 1989-92-ci illərdə “Mertsxale” və “Alazani” ilə müstəqil Gürcüstan çempionatında çıxış edib.
10. SSRİ çempionatlarının ikinci aşağı liqasında “Daşqın”da 24 qol vurub.
11. Müstəqil Azərbaycan çempionatlarında doğma “Daşqın”da debüt edib.
12. İki mövsümdə 24 qol vurduğu Zaqatala təmsilçisini klub dağıldıqdan sonra tərk edib.
13. İlk Azərbaycan çempionluğu və avrokuboklarda debütü artıq tarixin yaddaşına köçən “Turan”la gerçəkləşib.
14. Futbolçu kimi qazandığı digər titullara – üç çempionluq və kuboka “Neftçi”də nail olub.
15. Legioner həyatı yaşadığı Rusiyada Stavropol “Dinamo”su, “Fakel”, “Baltika” və “Volqar”da çıxış edib.
16. “Dinamo”da oynadığı vaxt komandasının ən yaxşı bombardiri olub.
17. Hesabındakı 115 topla ölkə çempionatlarında 100 və daha çox qol vuran oyunçuların siyahısına düşüb.
18. Azərbaycan karyerasında “Daşqın”, “Kür” (əvvəl “Avtomobilçi”), “Turan” və “Neftçi”də oynamış hücumçunun son komandası “İnter” (indiki “Şamaxı”) olub.
19. Karyerasını 33 yaşında zədə səbəbindən başa vuranadək Premyer Liqada 191 oyun keçirib.
20. Bir dəfə - 1996/97 mövsümündə Azərbaycan çempionatının bombardiri olub.
21. Azərbaycan futbolu tarixinə karyerasını başa vurması ilə əlaqədar xüsusi matçın keçirildiyi yeganə oyunçu Premyer Liqada çıxış edən yerlilər və legionerlər arasında vida görüşü ilə yola salınıb.
22. Rusiyada keçirilən “Birlik kuboku”nda baş tutan “Neftçi” – “Pünik” görüşündə iştirak etməsə də, ermənilərlə oteldə yaşanan dava-dalaşda təxribatçıların cavabını layiqincə verməsi ilə yadda qalıb.
23. Avrokuboklarda qol vurmayan hücumçu aşağı yaş qruplarından heç birində oynamasa da, 30 yaşında “Birlik kuboku”na U-21-in heyətində qatılaraq məhsuldarlığı ilə diqqət çəkib.
24. 2003-cü ildə Azərbaycanda ilin futbolçusu seçilib.
25. Futbolçu karyerasını “İnter”də başa vurduqdan sonra bu klubda funksioner kimi idman direktoru fəaliyyətinə başlayıb.
26. Baş məşqçi fəaliyyətinə 2006-cı ilin yayında “Neftçi”də start verib.
27. Çempionluğu sonuncudan əvvəlki turda “Olimpik”ə uduzaraq əldən versə də, debüt ilində gümüş mükafat əldə edib.
28. Avrokuboklarda debüt UEFA kubokunda “Rid” (Avstriya) səddini keçə bilməməklə əlamətdar olub.
29. 2007/08 mövsümünün əvvəlində “Neftçi”dəki postunu tərk edib.
30. Bir ilə yaxın işsiz qaldıqdan sonra 2008-ci ilin yayında “Qarabağ”ın sükanı arxasına keçib.
31. Azərbaycan futbolu tarixində 14 il eyni klubda çalışan yeganə məşqçidir.
32. Baş məşqçi kimi ilk titulunu “Qarabağ”dakı debüt mövsümündə - 2008/09 mövsümünün kubokunu qazanmaqla əldə edib.
33. “Qarabağ”la avrokuboklarda 2009/10 mövsümündə debüt edib və pley-offa qədər yüksəlib.
34. Baş məşqçi kimi ilk çempionluğunu 2013/14 mövsümündə qazanıb.
35. Hamıdan çox – 7 dəfə Azərbaycan çempionu olan baş məşqçidir.
36. Hamıdan çox – 4 dəfə Azərbaycan kubokunu qazanan baş məşqçidir.
37. Komandası ilə birlikdə ardıcıl üç dəfə “Qızıl dubl” müəllifi olub.
38. Çempionlar Liqasının qrupuna komanda çıxaran ilk baş məşqçidir.
39. “Qarabağ”ı ümumilikdə 8 dəfə - biri Çempionlar Liqası, altısı Avropa Liqası, biri Konfrans Liqasında qrupa çıxarıb.
40. Avrokuboklarda – Konfrans Liqasında ilk dəfə Azərbaycan komandasının qrupdan çıxmasına cari mövsüm “Qarabağ”la nail olub.
41. Avrokuboklarda ən çox oyun və ən çox qələbəyə malik olan Azərbaycan məşqçisidir.
42. Premyer Liqadakı oyun və qələbə sayında Azərbaycan rekordçusudur.
43. Azərbaycan çempionatının “İnter”lə oyununda hakim səhvi ilə komandasının lehinə təyin olunan penaltini vuran Elvin Məmmədova topu kənara vurmaq tapşırığı verməklə feyr-pley nümunəsi göstərib.
44. Həm futbolçu, həm baş məşqçi kimi Azərbaycan çempionu olan üç nəfərdən ardıcıllıq baxımından ikincisidir.
45. Həm futbolçu, həm baş məşqçi kimi Azərbaycan kubokunu qazanan ilk mütəxəssisdir.
46. 2017-ci ilin sonunda baş məşqçisi təyin olunduğu Azərbaycan millisinə bir il rəhbərlik edib.
47. Milli komanda onun rəhbərliyi altında 12 oyuna çıxıb və Millətlər Liqasının ilk mövsümündə D liqasının qrup ikincisi olub.
48. Azərbaycan çempionatlarında medal sayında mütləq rekordçudur: 7 qızıl, 3 gümüş və 2 bürünc
49. 2016-18-cı illərdə AFFA-nın İcraiyyə Komitəsinin üzvü olub.
50. Konfrans Liqasının 1/8 finalında “Marsel”lə Bakıdakı görüşündə İbrahima Vadjinin əllə vurduğu qol qeydə alındıqdan sonra futbolçularla məsləhətləşərək hakimə topu ləğv etməyi bildirərək feyr-pleyə imza atıb.