Braziliya və Argentina arasında davamlı rəqabətə baxmayaraq, Ronaldo “Qızıl top”un Messiyə verilməsini istəyib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Braziliya millisinin əfsanəvi keçmiş futbolçusu argentinalı forvardın son dünya çempionatındakı fenomenal çıxışını qeyd edib. Bunun sayəsində Argentina kuboku qazanıb.
Ronaldo Braziliyanın TNT kanalına müsahibəsində deyib: "Şübhəsiz ki, Lionel Messi "Qızıl topu" almalıdır. Onun dünya çempionatında etdikləri xüsusi idi. Bu, mənə Dieqo Maradona və Pelenin dünya çempionatlarını xatırlatdı".
Futbol üzrə əsas fərdi mükafatın təqdimetmə mərasimi oktyabrın 31-də Parisdə baş tutacaq.