Anar Salmanov
24 aprel 2022 14:41 (UTC +04:00)

Anar Salmanov

“Ona iki gün vaxt verirəm” - AFFA rəsmisi

“Heç vaxt kiməsə böhtan ata, təhqir edə bilmərəm. Bunu edən insan əsaslandırmalıdır”.

Bunu apasport.az saytına açıqlamasında AFFA rəsmisi Anar Salmanov “Səbail” akademiyasının koordinatoru Mirbağır İsayevin barəsində səsləndirdiyi fikirlərə cavabında deyib.

U-17 Liqasının “Keşlə” – “Səbail” oyununda hakim-inspektor funksiyasını yerinə yetirən Salmanov onu təhqir etdiyi üçün 10 oyunluq cəzalandırılan İsayevi məhkəməyə verməklə hədələyib. Sabiq FIFA referisi keçmiş futbolçudan üzrxahlıq gözləyir: “Mirbağırİ sayev sizə açıqlamasında haqqımda neqativ, şər-böhtan xarakterli sözlərdən istifadə edib, şərəf və ləyaqətimə toxunub. Sizin vasitənizlə məndən üzr istəməsi üçün ona 48 saat vaxt verirəm. Əgər dediyi fikirləri təkzib etməsə və məndən üzr istəməsə, qanunvericiliyə arxalanaraq, onunla məhkəmədə görüşəcəyəm. Qanun qarşısında cavab verəcək. Azərbaycanda heç kimə başqası haqda təhqir xarakterli ifadə işlətməyə ixtiyar verilmir. Öz hüquqlarımı qorumağa hazıram. İnsan nəyisə deyirsə, onu əsaslandırıb, arxasında dayanmalıdır. Əgər dayana bilmirsə, məhkəmə qarşısında cavab verməlidir”.

Salmanov əlavə edib ki, İsayev oyun zamanı da eyni fikirləri səsləndirib: “Mirbağır İsayev bu sözləri mənim ünvanıma oyun zamanı da dedi. Matçın videoçəkilişində səsi aşkar eşidilir. Üstəlik, hakimi də təhqir edib. AFFA rəsmisi kimi yox, bir Azərbaycan vətəndaşı olaraq şərəf və ləyaqətimə toxunduğu üçün ilk növbədə məndən üzr istəməlidir. Vəkilimlə artıq əlaqə saxlamışam. Ona iki gün vaxt verirəm. Bu müddətdə üzr istəməsə, bununla bağlı iddia yazılacaq”.

AFFA rəsmisi qarşılaşmada Mirbağır İsayevlə aralarında yaşanan gərginliyin səbəbinə də toxunub: “Birincisi, meydanda baş hakim olur. Oyuna vaxtı hakim-inspektor əlavə etmir. Vaxtı əlavə etməklə bağlı mənə sual verdi. Bildirdim ki, mən hakim deyiləm, meydanda referi var, vaxtı o əlavə edir”.

Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılan “Səbail” rəsmisi Mirbağır İsayev apasport.az saytına açıqlamasında “Keşlə” ilə görüşdə hakim-inspektor Anar Salmanov barədə bu fikirləri səsləndirib: “Salmanov özünü elə aparır ki, sanki göydən düşüb, vaxtilə rüşvəti o yox, biz almışıq, futboldan da onu deyil, məni siliblər. Təhqir eləmədim, sadəcə, bu sözləri üzünə dedim. Dedim ki, rüşvətə görə futboldan uzaqlaşdırılmısan, indi də gəlib hakimə qiymət verirsən. Onu vaxtilə futboldan niyə siliblər? Səslərinə qədər qulaq asmışam”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3240
avatar

Oxşar yazılar