Bəxtiyar Musayev
30 yanvar 2022 14:10 (UTC +04:00)

Bəxtiyar Musayev

“Ölü çempionatımızda futbolçu yetişməz” – Bəxtiyar Musayev

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

“Neftçi”, “Qarabağ”, “Şəmkir”, “Şəfa”, “Xəzər Lənkəran” kimi klublarda çıxış etmiş, karyerasını bitirdikdən sonra seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərmiş Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Bəxtiyar Musayevin apasport.az saytına müsahibəsi

“Yaxşı futbolçular klublarımıza axırıncı variant kimi baxırlar”
- Klublarımızın qış transfer bazarındakı fəaliyyətini necə dəyərləndirirsiz?
- Hərə öz imkanlarından istifadə eləməyə çalışır. Əsas hərəkətlilik “Neftçi” və “Qarabağ”dadır. Bir də “Sumqayıt” 3 oyunçu gətirdi, baş məşqçi dəyişikliyi etdi. Digərləri bu baxımdan bir qədər passivdirlər. Transfer dönəmində imkanlarından yetərincə istifadə etməyənlər də var. Kimin nə dərəcədə uğurlu addım atdığı çempionatın ikinci yarısında bilinəcək.

- Razısız ki, qışda heyətdə çox dəyişiklik etmək də risklidir?
- Təbii ki, yaxşı, layiqli oyunçular tapanda komandanın gücünə güc qatırsan. Əsas odur ki, seçim düzgün olsun. Nəinki qışda, ümumiyyətlə, birdən-birə çox dəyişiklik olanda onların sistemə uyğunlaşması üçün zamana ehtiyac duyulur. Bunlar müəyyən çətinliklər yaradır.  

- Əslində klublar indidən yay transfer dönəminin planlarını cızmalıdır. Bəs sizcə, elita təmsilçilərimiz niyə bunun üçün mövsümün bitməsini gözləyirlər?
- Neçə ildir bu sahədəyəm. Azərbaycana əcnəbi futbolçu gətirmək asan deyil. Əsas keçidlər yayda reallaşır. Çünki həm vaxt çox olur, həm də oyunçuların çoxunun klubu ilə müqaviləsi bitir. Belədə daha münasib qiymətə futbolçu gətirmək mümkündür. Hər bir klub yaxşı futbolçu gətirmək istəyər. Ancaq dəyərli, komandanı gücləndirəcək əcnəbi futbolçular Azərbaycan variantını arxa planda saxlayır. Elələri var ki, hətta iyunda boş olurlar, amma yenə də Azərbaycandan gələn təklifi müsbət dəyərləndirməyə tələsmirlər. Əvvəlcə Avropanın daha perspektivli çempionatlarına, güclü klublarına baxırlar. Elə ki, Avropada digər klublarla razılaşa bilmirlər, o zaman Azərbaycan klublarına üstünlük verirlər. Çox yaxşı futbolçular bura axırıncı variant kimi baxırlar. Onun istəyini də gərək artıqlaması ilə qarşılayasan. Ancaq klublar da kiməsə artıq pul xərcləmək istəmir.

“Onları səs-küylü transferlər adlandırmazdım”
- Sizin də dediyiniz kimi, “Qarabağ” və “Neftçi” xüsusi fəallıqla seçilir. Sizcə, hansının transferləri daha cəlbedici görünür?
- “Neftçi” tanıdığımız iki futbolçunu – Eddi İsrafilov və Azər Salahlını, həmçinin Azər Əliyev götürdü. Könül istərdi ki, daha yaxşılarını komandaya cəlb eləsinlər. Onlarda sol cinah müdafiəçisi, demək olar ki, yox idi. Azər həmin boşluğu doldurmalıdır. Ancaq onları səs-küylü transferlər adlandırmazdım. Eddinin ötən il elədiyi hərəkətlə bağlı çox danışıldı, yazıldı. Yenidən bu məsələyə qayıdıb, xoş olmayan şeylərdən danışmaq istəmirəm. Hücumçu Gilyerme Pato və qapıçı İvan Brkiçin oyununu görmədiyim üçün nəsə deyə bilmərəm. Əsas odur ki, yaxşı futbolçular olsun, çempionatımıza əlavə güc qatsın.

- “Neftçi”nin bu transferlərindən hansından daha çox şey gözləyirsiz?
- Elə də səs-küylü, “ah” deyə biləcəyimiz, “Neftçi” səviyyəsinə uyğun, komandanın gücünə güc qatacaq futbolçular deyil. Ancaq Pato və Brkiçə hələ bələd deyiləm. Oyunlarına baxdıqdan sonra bilinəcək.

- Sabir Buqrinin yoxluğunu doldurmaq çətin olmayacaq?
- Buqrin “Neftçi” üçün çox önəmli futbolçu idi. Eddi həm mövqe, həm də səviyyə baxımından Sabir ola bilməz. Buqrin daha kreativ, öndə oynayan, nə zaman nə edəcəyi bilinməyən futbolçu idi. Onun oyununu çox bəyənirdim. Eddi dağıdıcı və oyunu qurmaq işinə baxır. Onların mövqe və səviyyə baxımdan yaxından-uzaqdan əlaqəsi yoxdur.

- Sizə görə, qış fasiləsinin indiyə qədər ən diqqətçəkən transferi kimdir?
- “Qarabağ”a keçən Rüstəm Əhmədzadəni millidəki oyunlardan görmüşəm. Ötən ilin bu vaxtları da klublara təklif olunmuşdu. Rüstəmi incələmişdim. Həddən artıq sürətli futbolçudur. Amma topla rəftarda, taktiki məsələlərdə inkişaf eləməlidir. “Qarabağ” kimi komandanın əlinə düşüb. Verilən tapşırıqları yerinə yetirsə, məşqdən sonra qalıb fərdi çalışsa, güclü hücumçu olar. Çünki əlində yaxşı “kozır” var – sürəti. Çatışmayan cəhətləri düzəltsə, böyük irəliləyiş edə bilər. Qapıçı Luka Quqeşaşvili və yarımmüdafiəçi Leandro Andradeni isə izləməmişəm, heç bir oyununu görməmişəm. Bütün klublarımızın transferləri xeyirli olsun, biz də baxıb zövq alaq.

“Azərbaycanda gənclər istənilən səviyyədə yetişmir”
- “Sabah”dan sonra “Sumqayıt” da əcnəbi baş məşqçi gətirdi. Yerli mütəxəssislərin sayının get-gedə azalmasını nə ilə əlaqələndirərdiniz: yerlilər ümidləri doğrultmurlar, yoxsa onlara lazımi şərait yaradılmır?
- Ramin Quliyev ötən mövsümün sonlarından “Sabah”ın sükanı arxasında idi. Yayda tələb etdiyi oyunçular transfer edildi, istədiyi yerdə də təlim-məşq toplanışı keçdi. Komanda mövsümün ilk dövrəsində xoş olmayan nəticələr əldə etdi. Vəziyyət acınacaqlı idi, oyun baxımından da ümidverici nəsə görünmürdü. Rəhbərlik də vəziyyətə tez müdaxilə etmək üçün dəyişikliyə əl atdı. “Sumqayıt”da da nəticə istənilən kimi olmadı. Düzdür, “Sumqayıt”da Ayxan Abbasovun rəhbərliyi altında yaxşı çıxış edirdi. Komanda iki dəfə avrokuboklarda oynadı. Mərhələ keçməmələrinə görə də qınamaq olmur. Çünki büdcələri buna imkan vermir. Görünən o idi ki, rəhbərlik cari mövsümdəki nəticələrdən razı qalmadı. Deyə bilmirsən ki, böyük səhv elədilər. Yəqin ki, bildikləri nəsə var. Ayxanın “Sumqayıt” üçün gördüyü işləri də danmaq olmaz. Yeni baş məşqçi seçimi isə hamımızı yaxşı mənada təəccübləndirdi. Aleksey Baqa gənc olmasına baxmayaraq, yetərincə təcrübəyə malikdir, öz dəst-xətti ilə seçilir. Nəticələri də var.

- Klublarımız artıq əcnəbi transferi zamanı da təcrübəsiz gənclərə üstünlük verir. Düşünmürsüz ki, bu, bizdə gənc oyunçuların ümidləri doğrultmamasından qaynaqlanır?
- Hər bir komanda gənc oyunçu gətirmək istəyər. Çünki belədə onun bir neçə il oynamaq şansı olur. Hər il heyət dəyişmək də bir şey deyil. Üstəlik, gənclərin “artırmaq” potensialı da var. Gənclərə üstünlük vermək klubların borcudur. Ancaq digər tərəfdən daha perspektivli gəncləri Azərbaycana gətirmək çətindir. Böyük gələcək vəd edənlər bizim çempionatımıza maraq göstərmirlər. Gələcəyini düşünərək, Avropanın ortabab klublarını Azərbaycandan üstün sayırlar. Digər tərəfdən təəssüf ki, Azərbaycanda gənclər istənilən səviyyədə yetişmir. Nadir hallarda parlaq oyunu ilə seçilən kimsə çıxır.

“Pulun başını gicəlləndirənlərdən danışmaq istəmirəm”
- Ümidverici gənclərin üzə çıxmamasının günahı onların özlərində, yoxsa yetişdirməkdə çox da maraqlı olmayan klublardadır?
- Gənclərin oyunlarını mütəmadi izləyirəm. Bu məsələdə ən son günah futbolçuların özlərindədir. Axı söhbət futbola yeni başlayan uşaqlardan gedir. Əsas komandaya gəlib bir az oynadıqdan sonra pulun başını gicəlləndirənlərdən danışmaq istəmirəm. 17 yaşadək olan uşaqlarda mən günah görmürəm. Hətta onların iştirak etdiyi çempionatlarda belə, böyük rəqabət yoxdur. Ancaq aşağı yaş qrupu üzrə liqalarla kifayətlənirlər. Elə olur ki, yeniyetmələrdə komandası ilk “altılığ”a düşməyənlər üçün mövsüm mart-apreldə bitir, sentyabr-oktyabrda başlayır. Uşaqlar 4-5 ay futbolsuz qalırlar. Komanda sayı da azdır. Rəqabət olmayan çempionatlar keçirilir. Klublarımız istəsələr, çox şey edə bilərlər. Həmin uşaqlar il ərzində ən azı iki dəfə ölkə xaricində təlim-məşq toplanışı, yoxlama görüşləri keçirməlidirlər. Bunların heç biri yoxdur. Mütəxəssis məsələsi var. Uşaq futboluna sırf bu işlə məşğul olan bacarıqlı məşqçilər cəlb olunmalı və onlara yaxşı maaş verilməlidir ki, səbirlə işləməyə həvəsləri olsun. Gərək maddi ehtiyaclarını təmin edəsən ki, bütün fikirlərini uşaq yetişdirməyə yönəltsinlər. Hər il məşqçi kursları təşkil olunur. Klublar uşaq məşqçilərinə yüksək əməkhaqqı verməli, sonra futbolçu yetişdirməyi tələb eləməlidir. Ölü çempionatımızda futbolçu yetişməz. 3-5 ildə bir nəfər üzə çıxa bilər ki, o da gərək fitri istedad olsun.

- “Neftçi”, “Qəbələ” kimi klublar artıq ölkə xaricindən əcnəbi gənclər gətirir, sınaqdan keçirir, əvəzedici komandada yetişdirir. Bu addımı necə qarşılayırsız?
- Düzü, “Neftçi”nin əvəzedicilərində əcnəbi gənclərin oynadığını görməmişəm. Əlbəttə ki, hər yerindən duranı da baxışa gətirmək olmaz. Ümidverici oyunçuları yoxlamaq olar. İndi texnologiya dövrüdür, istədiyin futbolçunu internet vasitəsilə izləyə bilirsən. Hansısa gənclə bağlı tərəddüdün varsa, onu baxışdan keçirmək üçün gətirməyinə pis baxmıram. Ancaq əvəzedici heyət səviyyəsində oyunçuların cəlb olunmasının tərəfdarı deyiləm. Bu gün olmasa da, sabah əsas heyətə düşəcəyinə inandığın futbolçunu gətirmək pis addım deyil.

“Kimsə söyülməyini qəbul edirsə, onun üçün əsas öz bildiyini eləməkdir”
- Mənə görə, ölkənin ən güclü seleksiyaçı məşqçisisiniz. Klublardan istər qış fasiləsində, istərsə də, daha əvvəl sizə müraciət edən olub?
- Haqqımda bu cür düşünənlərə təşəkkür edirəm. Xeyr, heç bir müraciət olunmayıb.

- Bəxtiyar Musayevin bu işdə ən bacarıqlılardan olduğunu bilə-bilə sizə iş təklifinin edilməməsi qəribə deyil? Buna görə heç özünüzdə hansısa günahı görmürsüz?
- Təvazökarlıqdan uzaq olsa da, çalışdığım dönəmdə gördüyüm işlər göz önündə olub. İlk növbədə təmizliyə, dürüstlüyə fikir vermişəm. Gətirdiyim 5-10 futbolçudan biri zəif çıxanda dəli olurdum. Şükür Allaha, başımı aşağı edən transferim olmayıb. Sualınızın cavabını isə gərək mətbuat araşdırsın, klub rəhbərlərinə sual versin. Çünki onların cavabı mənim özümə də maraqlıdır. Görək, rəhbərlər bu suala necə cavab verəcəklər. Heç vaxt işimi qabartmamışam. Çox adam bilməsə də, hər il komandalarımıza xidmətlərim olur. Hansı futbolçuların gəlməyində rolumun olduğunu demək istəmirəm. Bəzən hansısa klubumuzda ən bərbad seleksiya işləri olur. Mən onlara nəsə deyəsi deyiləm. Onları düşündürən məsələdir. Kimsə işi ilə öyünmək, azarkeşlərdən alqış almaq istəyir. Amma kimsə də söyülməyini qəbul edirsə, onun üçün əsas öz bildiyini eləməkdir. Hər kəs nəticədən özü məsuliyyət daşıyır.

- Müraciət olsa, əlinizdə klubları gücləndirəcək oyunçular var?
- Onsuz da, işim budur. Eyni zamanda bir hobbi kimidir. Təbii ki, uzun illər can qoyduğum futbolumuza töhfə verməyi mən də istəyərəm. Kim müraciət edirsə, bacardığım qədər kömək eləməyə çalışıram.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2169
avatar

Oxşar yazılar