Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı start götürəcək.
Lent.az Apasport.az saytına istinadla xəbər verir ki, III dövrənin ilk oyun günündə iki matç baş tutacaq.
XV tur paytaxt derbisi ilə başlayacaq. “ASK Arena”da “Keşlə” “Zirə”ni qəbul edəcək. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan Sənan Qurbanovun yetirmələri “Sabah”a çatmaq üçün qalib gəlməlidir. Rəşad Sadıqovun komandası isə 3-cü pilləyə yüksəlmək üçün səfərdən xalla dönməlidir.
Günə Azərbaycan derbisi ilə yekun vurulacaq. Son çempion “Neftçi” çempionatın lideri “Qarabağ”ı qəbul edəcək. Cari mövsümdə rəqibindən xal ala bilməyən Samir Abasovun komandası liderlə xal fərqini azaltmaq üçün meydana çıxacaq. Qurban Qurbanovun yetirmələri isə növbəti qələbə üçün mübarizə aparacaq.
Qeyd edək ki, turun sabah keçiriləcək matçlarında “Sabah” “Qəbələ”ni, “Səbail” “Sumqayıt”ı qəbul edəcək.
Azərbaycan Premyer Liqası
XV tur
7 fevral (bazar ertəsi)
16:00. “Keşlə” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev
“ASK Arena”
19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev
“Bakcell Arena”