“Mingəçevir Reqatası-2023”ə yekun vuruldu
28 oktyabr 2023 00:38 (UTC +04:00)

“Mingəçevir Reqatası-2023”ə yekun vuruldu

Avarçəkmə üzrə “Mingəçevir Reqatası-2023" beynəlxalq turnirinə yekun vurulub.

Lent.az xəbər verir ki, yarışın son günündə Azərbaycan idmançıları daha 8 medal qazanıblar.

Birnəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü avarçəkənlərin mübarizəsində Amil Ramazanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 200 metr məsafəyə yarışda da eyni uğuru təkrarlayıb.

Bu yaş kateqoriyası üzrə ikinəfərlik kayak qayığında 200 metr məsafəyə mübarizədə hər üç medalı Azərbaycan təmsilçiləri əldə ediblər. Qiyas Əhmədov - Riyad İsmayılzadə cütü birinci, Sübhan Həsənov - Rəşad Dadaşov cütü ikinci, Nihad Quliyev - Şahin İsayev cütü isə üçüncü yeri tutub.

Birnəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü avarçəkənlərin yarışında Əlimurad Hacızadə finişə hamıdan tez çatıb. Bu məsafəyə ikinəfərlik kayak qayığında mübarizədə isə Əlimurad Hacızadə - Vacib Babayev cütü qızıl, Ömər Qəmərli - İvan Vorobjanski cütü isə bürünc medala sahib çıxıb.

Yarış başa çatdıqdan sonra qaliblər mükafatlandırılıb. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və digər rəsmi şəxslər təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan avarçəkənləri 8 ölkədən 14 komandanın iştirak etdiyi beynəlxalq reqatanı ümumilikdə 24 medalla başa vurublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3015
avatar

Oxşar yazılar