Azərbaycan millisinin skautu İlqar Qurbanovun apasport.az saytına müsahibəsi
- Bu ilin yanvarında Azərbaycan millisinin skautu təyin olundunuz. Geridə qalan 4 ay ərzində yeni vəzifədə hansı işləri görmüsünüz?
- Həmin vaxtdan istər aşağı yaş qrupları üzrə yığmalara, istərsə də əsas milliyə bir neçə oyunçu cəlb eləmişik. Məsələn, Ukraynadan Emil Mustafayev U-21-ə, Rüstəm Əhmədzadə əsas komandaya çağırılır. Yenə də xarici ölkələrə gedib azərbaycanlıların çıxışını izləyirəm. Harada oyunçularımız varsa, həmin ölkələrə gedirəm. Pandemiyaya görə bəzi ölkələrə gedə bilmirdik. Belədə oradakı uşaqları bura dəvət edib yoxlayırdıq. “Paderborn”da çıxış edən Ceyhun Hacıyevi U-18-in toplanışına çağırdıq. Seleksiya işləri davam edir. Xaricdə azərbaycanlı uşaqlar var, fürsət düşdükcə getməyə çalışırıq. Pandemiyaya görə hər yer bağlı olduğu üçün rahat gedə də bilmirdik. Həmçinin Rusiya və Ukraynaya da indi yollana bilmirik. Orada da çox azərbaycanlı var.
- Azərbaycan yığmalarını gücləndirəcək səviyyədə futbolçular varmı?
- Əlbəttə, istedadlı uşaqlar var. Xüsusən də, Rusiyada yüksək potensialı olan çox sayda həmyerlimiz çıxış edir.
- Danışıq apardığınız futbolçularla bağlı ən çox nədə çətinlik çəkirsiniz?
- Rusiyada oynayanlar pasport problemi yaşayırlar. Çünki Azərbaycan millisini seçsələr, orada legioner kimi çıxış etməli olacaqlar. Bu üzdən qərar verməkdə çətinlik çəkirlər. Rusiyada legioner limiti ləğv olunsa, çox yaxşı olar. Belədə həm oradan millilərə oyunçular gətirərik, həm də buradakı oyunçular Rusiyada çıxış edə bilərlər. Digər ölkələrdəki azərbaycanlılarla bağlı heç bir problem yoxdur. Hər hansı biri əgər yaxşıdırsa və ölkə daxilində çıxış edən azərbaycanlılardan güclüdürsə, dəvət edirik. Məsələn, İsveçdə oynayan Ayxan Cabbarovun potensialı olduğu üçün U-17 yığmaya çağırdıq. Pandemiya şərtləri çərçivəsində ölkə xaricindəki həmyerlilərimiz izlənilir, dəvət olunur. Yəni heç kim qayğısız qalmır.
- Yaxın gələcəkdə hansısa ölkəyə yollanmaq planınız varmı?
- Siyahımızdakı futbolçular arasında kimləri izləmək imkanımız varsa, hamısına baxmışıq. Hələ ki, hansısa ölkəyə yollanmaq planımız yoxdur.
- Xaricdəki Azərbaycan əsilli futbolçulara bu qədər böyük marağın olması ölkə daxilində yerli oyunçu qıtlığından qaynaqlanır?
- Xeyr. Sadəcə, onlar da azərbaycanlılardır, diqqətdə saxlayırıq. Mən özüm də uşaqlıqda Türkiyədə oynamışam, Vaqif Cavadov Moskva MOİK-ində olub. Yaxşı olduğumuz üçün Azərbaycan millisinə dəvət almışıq. Kimsə sırf xaricdə oynadığı üçün milliyə çağırılmalıdır düşüncəsi ilə çalışmırıq. Öz çempionatımızdakı uşaq daha yaxşıdırsa, kənardan gətirməyə ehtiyac yoxdur. Əsas odur ki, baş məşqçinin tələblərinə cavab verən oyunçu olsun.
- Azərbaycanda ildən-ilə yetişən futbolçuların əvvəlkilərdən daha zəif olması fikri ilə razısınız?
- Etiraf eləmək lazımdır ki, bu baxımdan futbolumuz getdikcə geriləyir. Burada gizlədiləsi nəsə yoxdur. Futbolun içində böyümüşük. Bu problemi biz də deməsək, kim deyəcək? Azərbaycan futbolunu tərpətmək istəyiriksə, aşağı yaş qruplarından başlamalıyıq. Yeniyetmələrdən başlasaq, həm uzunmüddətli, həm də effektli olar. Gücü əsas komandalara qoymaqla, uzağı 1-2 il nəsə edə bilərik. Bu, yalnız bu günə hesablanmış addım olar və özümüzü də aldatmış olarıq. Nəticə qazanmaq üçün bütün ölkələr bəzən bu addıma əl atır. Amma heç də uğurlu fikir deyil və daimi olmur. Uşaq futboluna diqqət ayırmaq, klubların qarşısına şərtlər qoymaq lazımdır. Çünki aşağı yaş qruplarımız acınacaqlı durumdadır, danışılası deyil.
- Hər kəs deyir ki, uşaq futbolunda vəziyyət acınacaqlıdır. Həmin acınacaqlı olan nədir: şəraitsizlik, düzgün məşq keçməmək?
- İlk növbədə şərait yoxdur. Uşaqlar məşqə necə gəlir, necə gedir... Hər şey kor-koranədir. Müasir futbolda hər şey önəmlidir. Keçmiş futbolçular deyirlər ki, biz torpaqda böyümüşük, acından ölsək də belə futbol oynamışıq. O vaxt bəlkə də, bu durumda belə yetişmək mümkün idi. Amma indiki futbol güc, düzgün fiziki hazırlıq, normal qidalanma tələb edir. 90-cı illərdə gəzə-gəzə futbol oynayırdılar. İndiki tələblərlə bunu edə bilmərsən.
- Bəs çıxış yolunu nədə görürsünüz?
- Aşağı yaş qruplarında daha diqqətli olmaqda. Futbolçu karyerasını bitirənləri bu sahədə görmək istəyirsənsə, onlara qayğı göstərməlisən. Onları oxutdurmaq, praktikaya göndərmək lazımdır ki, kiməsə nəsə öyrətsin. Karyerasını bitirən futbolçunun biliyi normal sayıla bilər. Amma oxumasa, hardasa praktika keçməsə, özünü inkişaf etdirməsə, uşaqlara da bildiyindən artıq heç nə öyrədə bilməz. Son 10 ildə bir məşqçi praktika üçün xaricə gedə, ya getməyə. Kim gedibsə, bunu öz hesabına edib, indi də bəhrəsini görür.
- Futbolçu karyerasını bitirən kimi, aşağı yaş qruplarına baş məşqçi təyin olunan gənc mütəxəssis nə dərəcədə faydalı ola bilər?
- Uşaq komandalarında işlə təmin olunmalıdır, amma paralel olaraq oxumasına da şərait yaradılmalıdır. Savadlı, yaxşı karyeraya malik, güclü məşqçilərlə işləyən futbolçunu uşaq komandasına baş məşqçi təyin etmək olar. Ancaq bununla bərabər də oxumalıdır. Həm də bizdə uşaqlar ölkədən kənara çıxmırlar. Yeniyetmə yaşda süni meydançada məşq edirlər, 17-18 yaşlarında xaricdə təbii ot görəndə özlərini itirirlər. Burada quru meydançada oynayır, birdən-birə gedib düşür sürətli temp tələb edən örtüyə. Ona görə də, meydançalarımız təbii örtüklü olmalıdır. Ölkəmizdəki hava şəraiti də buna uyğundur. Sibirdə deyilik ki. Daha çox meydança olmalı, uşaq komandaları 45 dəqiqəlik məşqlə kifayətlənməməlidirlər. Problemlər həddən artıq çoxdur, danışdıqca qurtarmaz. Ümumi sistemi dəyişmək lazımdır. Diqqəti əsas komandaya yönəltdiyimiz üçün nəticə zəifdir. Ona görə də uşaq futbolunu ön planda tutmalıyıq ki, güclü futbolçular yetişdirək. Təəssüf ki, oyunçu yetişmir. Potensiallı uşaqlar var, müəyyən yaşdan sonra dayanırlar. Uşaq məşqçilərinə də mütləq qayğı olmalıdır. Məşqçilər tanıyıram, saat 12-yə qədər işləyib icazə alır ki, gedim taksi sürüm, dolanım. Və ya istedadlı futbolçular var ki, məşqə yollanmağa pulları olmur. Fikirləşirlər ki, onsuz da, futboldan pul qazanmıram, gedib başqa yerdə işləyim. Belə problemləri üzə çıxarmaq, qabartmaq lazımdır.