Komandanın adı “Xankəndi” də ola bilər - MÜSAHİBƏ
08 noyabr 2023 14:05 (UTC +04:00)

Komandanın adı “Xankəndi” də ola bilər - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqov “Xankəndi” minifutbol komandasına dəvəti barədə apasport.az saytına müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Yeni yaradılan “Xankəndi” minifutbol komandasının hazırlıqları necə keçir?

- Komandamız artıq yığılıb. 15-20 gündür məşqlərə başlamışıq. Amma komandanın adı tam təsdiqlənməyib. “Xankəndi” və ya başqa bir adla oynayacağı hələlik sual altındadır. Biz isə oyunlara hazırlığı davam edirik.

- Sizin minifutbola marağınız necədir? Əvvəldən bu növdə təcrübəniz olub?

- Böyük futbolla minifutbol fərqli şeylərdir. Minifutbolda böyük futboldan fərqli olaraq meydan kiçik, adam sayı azdır. Burda hamı qaçmayanda digərlərinə bir az ağır olur. Düşünürəm ki, ikisi də çətindir. Futbolda böyük meydanda qaçırsan. Minifutbolda isə balaca meydanda oynasan da, çox qaçmalısan. Hansının daha maraqlı olmağı mənə görə mübahisə ediləsi bir məqam deyil. Çünki böyük futbol dünyada bir nömrədir. Onun yanında hansısa bir idman növünü qoymaq düzgün deyil.

- Dünya çempionatında uğurla çıxış edən Azərbaycan millisi 4-cü yeri tutdu. Komandanın oyununu necə dəyərləndirirsiniz?

- Azərbaycan millisi doğrudan da yaxşı çıxış etdi. Komandanın ən azından finala qədər gedəcəyini gözləyirdim.

- Futbol millimizdə oynamısınız. Gələcəkdə özünüzü minifutbol yığmasında görürsünüz?

- Bəli, millidə oynamışam, amma gələcəkdə minifutbol yığmasında özümü görməyim məndən də asılı ola bilər. Çünki bu məsələ nə qədər yaxşı formada olacağımla bağlıdır. Həmçinin millinin baş məşqçisinin də fikirləri əsas olacaq. Təbii ki, yaxşı formada olduqdan sonra bunu kim istəməz ki? Amma hələ ki, formadan uzağıq.

- Sizcə, minifutboldan fərqli futbolda niyə uğur qazana bilmirik?

- Məncə, böyük futbolla minifutbolu bir-birinə qatmayaq. “Niyə burda olur, orda olmur” kimi sözləri hamı deyir. Belədirsə onda “Niyə boksda, nə bilim güləşdə niyə hər şey olur, o birisində olmur?” barədə də düşünmək olar. Bizim azərbaycanlı olaraq azsaylı idman növlərində uğur qazanmağımız daha rahatdır. Böyük futbolda vəziyyət bir az fərqlidir. Digər komandaların oyunçularını, komandaların özləri, milliləri tam fərqli şeylərdir. Onların səviyyəsinə minifutbolda çatmaq daha asan, böyük futbolda isə bir az ağırdır. Ona görə də futbolla minifutbolu müqayisə etmək, böyük futbolda niyə olmur demək doğru deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4854
avatar

Oxşar yazılar