O, dünya idman tarixinə adını qızıl hərflərlə yazdırıb. 9 çəki dərəcəsində çempionluq kəmərini qazanmış ilk boksçudur. Karyerası ərzində keçirdiyi 71 döyüşün 62-də qələbəyə sevinib, bunlardan 39-u nokautla bitib. Zirvəyə çatanadək çox çətinliklərdən keçib, önünə çıxan bütün maneələri aşmağı bacarıb. Necə deyərlər, heç nə onun yolunu kəsə bilməyib. Söhbət boksun canlı əfsanələrindən olan Menni Pakyaodan gedir.
Tanqonun ən kasıb ailəsi
Lent.az-ın “Sirli Ulduzlar” layihəsinin budəfəki qəhrəmanı 1978-ci il dekabrın 17-də Filippinin Bukidnon qəsəbəsinin Tanqo kəndində anadan olub. Rosalio və Dionesia Pakyaonun ailəsində dünyaya göz açan Menni bacısı Sidradan sonra evin ikinci uşağı idi. Ondan sonra isə ailədə daha 2 oğlan övladı - Bobbi ve Rogelio doğulacaqdı. Valideynlərinin maddi imkanı olduqca aşağı idi. Təsadüfi deyil ki, onlar Tanqonun ən kasıb ailəsi sayılırdılar. Menni bacısı və qardaşları ilə birlikdə 1 otaqlı evdə böyüyüb. Yoxsulluq üzündən anası ancaq düyü bişirə bilirdi - evdə başqa bir şey tapmaq mümkün deyildi.
Televizorun nə olduğunu bilmirdilər
Atası Rosalio Pakyao Hindistan qozu yığmaqla məşğul idi və bunun üçün gündə ən az 70 ağaca çıxmalı olurdu. Lakin bu, ailənin ehtiyaclarını qarşılamaq üçün bəs etmirdi. Buna görə də Menni və evin digər uşaqları köhnə, yararsız paltarlar geyinə-geyinə keçinirdilər. Pakyao ailəsi televizorun nə olduğundan isə, ümumiyyətlə, xəbərsiz idi.
Uşaqlıq illərindən idmana həvəsi olan Menninin boksa xüsusi sevgisi var idi. Məhz bu sevgi onu və ailəsini yoxsulluqdan qurtaracaqdı. Pakyao uşaqlıq hobbisinin ardınca düşəcək və böyük zəfərlər əldə edəcəkdi...
“Lazım gələndə döyürdüm”
6-cı sinfədək Saavedra Savay məktəbində oxuyan Menninin xətrini müəllimləri çox istəyirdi. Nə qədər qəribə olsa da, Pakyao sakit, intizamlı, sözə qulaq asan uşaq idi. Menninin ilk müəlliməsi Konstansia Pelayonu dinləyək: “Uşaqları nizam-intizam olmadan tərbiyələndirə, onlara təhsil verə bilməzsiniz. Lazım gələndə şagirdləri döyürdüm də. Menni dərsdən yayınan, dəcəl uşaq deyildi. Ona heç vaxt əl qaldırmamışam. Müəlliməsi olduğum üçün qürur duyuram”.
“Atam çox sevdiyim bir şeyi əlimdən almışdı”
6-cı sinifdə oxuyarkən daha çətin günləri başlayır Menninin. Atası ailəni tərk edəndə onun cəmi 13 yaşı var idi. Rosalio külfəti atıb getdiyi ərəfədə etdiyi hərəkətlə həm həyat yoldaşı, həm də övladlarının gözündən tam düşür. O, aclıq üzündən Menninin itini öldürərək, yeyir. Atasından möhkəm inciyən Pakyao bundan sonra uzun illər onunla görüşmür, hətta kəlmə də kəsmir. “Həmin iti küçədən tapmışdım. Atam onu öldürüb yemişdi. Yeniyetmə uşaq üçün bu, bağışlanmaz hərəkət idi. Çünki çox sevdiyim bir şeyi əlimdən almışdı. Bu, pul oğurlamaqdan daha pisdir. Uzun müddət atamı bağışlamadım”, - həmin anları yada salır Menni.
“Sanki çiyinlərimdən yüz kiloluq qum torbasını götürmüşdülər”
Atasını bir də 18 il sonra - 2009-cu ildə görür Pakyao. Oğlunun döyüşünü izləmək üçün ABŞ-a yollanan Rosalio Menni ilə görüşür. Pakyaonun həmin görüşlə bağlı fikirlərini dinləyək: “Üstündən uzun zaman keçmişdi. Artıq küskün və əsəbi deyildim. Buna görə də atamı bağışladım. O hadisə üzündən hər ikimiz çox acı çəkdik. Barışandan sonra daxilimdə rahatlıq hiss etdim. Sanki çiyinlərimdən yüz kiloluq qum torbasını götürmüşdülər”.
Məktəbdən çıxır, çörək və su satmağa başlayır
Buna qədər isə Pakyao böyük çətinliklərdən keçməli olur. Atası ailəni atıb getdiyindən, bütün yük anasının üzərinə düşür. Dionesia oğlunun gündəlik xərcliyini ödəyə bilmədiyi üçün Menni məktəbdən ayrılmaq məcburiyyətində qalır. O, çalışmalı, anasına kömək etməliydi. Yeniyetmə oğlan başlayır küçədə çörək və su satmağa. 14 yaşlı Menni paralel olaraq boksla məşğul idi. Əslində, anası onun boksçu olmasına razı deyildi, oğlunu rahib görmək istəyirdi. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, heç kim və heç nə Mennini yolundan döndərə bilməzdi.
“İstedad ovçusu” ilə tanışlıq
“General Santos”da boks həyatına başlayan Menni buradakı hər kəsi məğlub etməyi bacarır. Daha güclü rəqabət axtarışında olan Pakyao özünü Filippinin cənubundakı ən gənc boksçu kimi sübut etmək istəyirdi. Bu səbəbdən 150 kilometr uzağa - Davao şəhərinə köçməli olur.
1994-cü ildə “istedad ovçusu” sayılan Yolanda Parkonla tanış olur və onun vasitəçiliyi ilə Filippinin paytaxtı Manilaya yollanaraq iş adamı Poldinq Korrea ilə görüşür. Bundan sonra Pakyaonun peşəkar boks həyatı sürətlə müsbətə doğru dəyişməyə başlayır. Qısa zamanda adından söz etdirən Menni karyerası ərzində 9 çəki dərəcəsində çempionluq kəməri qazanır.
5 uşaq atasıdır
2000-ci ildə - 22 yaşında subaylığın daşını atır. Alış-veriş mərkəzində tanış olduğu Jinke Jamora ilə evlənir. Onunla müqayisədə həyat yoldaşı maddiyyat baxımından orta səviyyəli ailədə böyüyüb. İlk görüşdən Jamoraya necə aşiq olursa, çox keçmir ki, nikah masası arxasında əyləşirlər. Cütlüyün 5 övladı - 3 oğlu, 2 qızı var. İlk oğlu Emmanuel hazırda modellik edir. İkinci oğlu Mikael Stefen isə musiqi aşiqidir. Qızları 2006 və 2008-ci ildə dünyaya gələn Menninin sonuncu övladı 2014-cü ildə doğulub. Sonbeşik olan oğlu İsraili digər övladları ilə müqayisədə daha çox istəyir.
“O, əzmi və bacarığı ilə gənclərə nümunədir”
Uğurlarında məşqçisi Freddi Rouçun böyük rolu olub. Rouç da öz növbəsində yetirməsindən həmişə razı qalıb. Freddi Menninin həyat hekayəsini ən yaxşı bilənlərdəndir. Pakyaonun uşaq vaxtı keçirdiyi çətin günlərdən, atası ilə uzun müddətlik küsülülüyündən xəbərdardır: “Menni nümunəvi idmançıdır. O, əzmi və bacarığı ilə gənclərə nümunədir. Erkən yaşlarından əziyyətə qatlaşıb. Aldığı çörək və suyu 5 sent baha qiymətə satmaqla anasına kömək edib”.
120 milyon dollar qazandıran “Əsrin döyüşü”
2015-ci ildə Pakyaonun iştirakı ilə tarixi döyüş keçirilir. Boks dünyasının iki canlı əfsanəsi - məğlubedilməz Floyd Meyvezer ilə Menninin rinqdə qarşılaşması “Əsrin döyüşü” adı ilə KİV-in başlıqlarını bürüyür. Bütün dünyanın maraqla izlədiyi döyüş ABŞ-ın Las-Veqas şəhərindəki "MGM Grand Garden Arena"da baş tutur. 12 raund davam edən görüşdə tərəflər bir-birini böyük fərqlə üstələyə bilmir. Yekunda hakimlər Meyvezerin lehinə qərar verirlər və Pakyao xal hesabı ilə rəqibinə uduzur.
Ümumilikdə 400 milyon gəlir gətirən döyüşün 300 milyon dollarlıq mükafat fondunun 60 faizi Floyd Meyvezerin (180 milyon dollar), 40 faizi isə Menni Pakyaonun (120 milyon dollar) payına düşüb. Onu da bildirək ki, "Əsrin döyüşü"nün biletləri bir dəqiqə ərzində satılıb. Biletlərin rəsmi qiyməti 1,5 min dollardan 7,5 min dollara qədər olsa da, saytların birində ilk sıraya bilet 55 min dollardan, digərində isə 100 min dollardan baha satılıb.
"Pac-Man" varsa, cinayət yoxdur!
Karyerası ərzində maraqlı tendensiya formalaşıb. Pakyaonun döyüşləri getdiyi müddətdə Filippində heç vaxt cinayət hadisəsi qeydə alınmayıb - bütün filippinlilər onun döyüşünü izləməyə səfərbər olublar. Yerli əhalinin də dediyi kimi: “Menni rinqə çıxırsa, Filippində həyat dayanır”.
Əsas ləqəbi "Pac-Man" olan Pakyaonu "Meksikalı", "Xalqın çempionu" və "Beynəlxalq yumruq" deyərək də çağırırlar. “Meksikalı” ləqəbinə Meksikanın bir çox güclü boksçusuna qalib gəldiyi üçün layiq görülüb.
“Həyatımdakı ən böyük döyüş boks deyil”
Menni çox yardımsevər insandır. Təsadüfi deyil ki, sərvətinin böyük hissəsini xeyriyyə işlərinə xərcləyir. “Bu dünyanın yeni qəhrəmanlara ehtiyacının olduğuna inanıram. Həyatımdakı ən böyük döyüş boks deyil, ölkəmdəki yoxsulluqla savaşdır. Bunun üçün ömrümün sonunadək əlimdən gələni edəcəyəm”, - xarakterini çox gözəl ifadə edir Pakyao.
Təvazökar Menni döyüşlərindən öncə rəqiblərə söz atmağı, onlara qarşı nalayiq ifadələr işlətməyi heç vaxt sevməyib, bu tip hərəkətlərin əxlaqına uyğun olmadığını bildirib: “Döyüşlərdən öncə bir-birinin ünvanına səsləndirilən qeyri-etik ifadələrə son qoyulmalıdır. Buna nə ehtiyac var ki? Təhqirsiz də keçinmək mümkündür. Bu zaman uşaqlar və gənclərə daha yaxşı örnək olarıq”.
Basketbolçu və aktyor
Basketbolla da peşəkar şəkildə məşğul olmuş Pakyao bu vaxtadək aktyorluq bacarığını da göstərməyə imkan tapıb. "Xalqın çempionu" filmində çəkilmiş Menni “Lisenziyalı yumruq”da ilk dəfə baş rolu ifa edib. Ardınca “Komandirin oğlu” və “Wapakman”da kamera önünə keçib.
Prezident seçkisinə qatılacaq
Menninin siyasətə də marağı böyükdür. 2016-cı ildə 16 milyon səslə Filippin Senatının üzvü olan Pakyaonun səlahiyyət müddəti 2022-ci ildə başa çatır. Məhz həmin vaxt o, Filippində keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini bildirib. Bu istək elə-belə yaranmayıb. Bütün filippinlilər Pakyaonu yaxın gələcəkdə ölkə prezidenti vəzifəsində görmək istəyirlər. Axı o, insanların ümid yeridir...