Stiven Cerrard ailəsi ilə
18 fevral 2021 20:15 (UTC +04:00)

Stiven Cerrard ailəsi ilə

İstanbul kabusunun iştirakçısı: “Barmağımı kəsəcəkdilər...” - SİRLİ ULDUZLAR

Telefon danışığı

- Nə oldu, Stiven?

- Buraya qədərmiş...

- Aman! Komandadan getməyini istəyirlər?

- Tam olaraq elə demədilər, amma niyyətlərini anladım.

- Bu ola bilməz!

- Sənə demişdim, daha əvvəlki səviyyədə oynaya bilmirəm. Artıq 35 yaşındayam. Görünür, “Liverpul”dakı karyeram buraya qədərmiş!

- Bəs hara gedəcəyik?

- Hələ bilmirəm. Amma İngiltərədən çıxmaq məcburiyyətində qalacağıq.

- Axı niyə, Stiven?

- Çünki “Liverpul”a qarşı oynaya bilmərəm!

O, 8 nömrəni “Liverpul” azarkeşlərinə sevdirən adamdır. Uzun müddət “qırmızılar”ın kapitanlıq sarğısını daşıyan simadır. O, “Bir oyunçu klub üçün nə qədər dəyərlidir” sualının cavabıdır. Lent.az-ın “Sirli Ulduzlar” layihəsində söhbət Stiven Cerrarddan gedəcək...

Sakit uşaq olsa da...

1980-ci il, mayın 30-da anadan olub Stiven. Müəllimlərinin dediyinə görə, dəcəl uşaq olmayıb. Top sevgisi ilə böyüyən Cerrard 6 yaşından futbola getməyə başlayıb. Meydandan kənarda çox sakit olsa da, futbol oynayarkən daxilindəki əsl xarakterini nümayiş etdirir, onu tanıyanları yaxşı mənada təəccübləndirirdi. Futbol sirlərini öyrənməyə başladığı “Uinston Cuniors”da çox qalası olmur. Çünki 9 yaşındaykən “Liverpul”un skautları onu kəşf edirlər və çox keçmir ki, Stiven mersisaydlıların akademiyasına qatılır.

Karyerası başlamamış bitə bilərdi

Əslində karyerası başlamadan bitə bilərdi Cerrardın. Uşaq vaxtı həyətdə topa zərbə vurmaq əvəzinə gözündən qaçırdığı dəmir aləti nişan alır. Nəticədə həmin alətin sivri ucu ayaq barmağını yaralayır. Dərhal xəstəxanaya çatdırılan Cerrardı əməliyyat etməli olurlar. “O hadisə indiyədək yadımdadır. Çox pis zədələnmişdim. Əməliyyat uğursuz keçsəydi, barmağım kəsilə bilərdi”, - həmin anları yada salır Stiv. Qorxduğu şey baş versəydi, Cerrardın futbol karyerası başlamamış bitəcəkdi. Xoşbəxtlikdən, əməliyyat uğurlu keçir və Stiven futbol həyatına davam etməli olur.

17 yaşında ilk müqavilə

8 il “Liverpul”un akademiyasında müxtəlif yaş qruplarında çıxış edir. 1997-ci ildə - 17 yaşı olarkən “qırmızılar”la peşəkar müqavilə imzalayır. Xəyalları reallaşmış, arzusuna çatmışdı. İlk vaxtlarda buna inana bilmirdi, hər şey ona yuxu kimi gəlirdi. Sonrakı mövsümdə 11 rəsmi oyunda meydana çıxan Stivenin əsas sıçrayışı 1999-2000 mövsümündə reallaşır. Yazının qəhrəmanı gənc yaşlarından “Liverpul”un orta xəttində fərq yaratmağı bacarırdı. Nəticədə 2001-ci ildə Premyer Liqada ilin ən yaxşı gənc oyunçusu adını qazanır.

“Liverpul”dakı parlaq çıxışı ilə İngiltərə yığmasının baş məşqçisi Kevin Kiqanın da diqqətini cəlb etməyi bacarır. 2000-ci ildə, ad günündən cəmi 1 gün sonra Ukrayna ilə matçda ilk dəfə millinin formasını geyinir.

“Qapıçını yox etmək istəyirdim”

2001-ci il Cerrardlı “Liverpul” üçün uğurlu olur. Klub həmin ildə İngiltərə Federasiya Kuboku və Liqa Kubokunu, həmçinin UEFA Kuboku və Superkubokunu qazanır. Artıq Cerrard azarkeşlərin sevimlisinə çevrilmiş, klub daxilində də hörmət qazanmışdı. 23 yaşındaykən kapitanlıq sarğısı ona həvalə edilir. Əslində, bunlar gözlənilən idi. Çünki Stiven güclü yarımmüdafiəçidə olmalı olan hər bir komponentə sahib idi. Həm hücuma, həm də müdafiəyə kömək etmək qabiliyyəti, üstəlik liderlik keyfiyyəti ilə fərqlənməyi bacarırdı. Fiziki göstəricilərinə söz ola bilməzdi, ingilis futboluna tam uyğun gəlirdi. Ən üstün cəhətləri isə ünvanına çatan uzun ötürmələri və uzaq məsafədən vurduğu dəqiq, qüvvətli zərbələr idi. “Zərbələrimlə qapıçını keçmək deyil, onu yox etmək istəyirdim” deyirdi Stiv.

“Liverpul”da məşqçilər dəyişsə də, komandanın lideri dəyişməz olaraq qalırdı. Bütün çalışdırıcılar onu komandanın əvəzolunmaz üzvü hesab edirdilər və Cerrardın meydanda sonadək mübarizə apardığını deyirdilər. Liderlik onun qanında, canında idi.

İstanbul finalı və tarixi uğur

2004-2005 mövsümündə “Liverpul”un “sükanı arxası”na Rafael Benites gətirilir. Həmin il Premyer Liqanı 5-ci pillədə, özü də digər Mersisayd təmsilçisi “Everton”dan aşağı yerdə bitirirlər. Əvəzində avrokubokda möhtəşəm uğura imza atırlar. Çempionlar Liqasının 1/4 final mərhələsində “Yuventus”, yarımfinalında isə “Çelsi”ni mübarizədən kənarlaşdıran “Liverpul” İstanbulda keçiriləcək həlledici qarşılaşmada oynamaq hüququ qazanmışdı. Rəqib isə turnirin bir nömrəli favoritlərindən sayılan “Milan” idi. Hadisələri qabaqlayaraq qeyd edək ki, həmin final ÇL tarixinin ən yaddaqalan görüşlərindən biri olacaqdı...

Kabusu özü başladır

“Milan” ilk 45 dəqiqədə vurduğu qollarla fasiləyə 3:0 öndə yollanır. İtalyanlar turnirin qalibi olacaqlarına artıq şübhə etmirdilər. Fəqət... İkinci yarıda Cerrardlı “Liverpul” rəqibinə əsl kabus yaşadır. İtalyanlara ilk zərbəni 54-cü dəqiqədə Stiven özü vurur - sol cinahdan ötürülən topu başla qapıdan keçirərək. 56-cı dəqiqədə fərqi minimuma endirən “Liverpul”da az sonra səhnəyə yenə Cerrard çıxır. O, komandasına penalti qazandırır və zərbəni dəqiq yerinə yetirən Xabi Alonso hesabı 3:3 edir. Qalibi müəyyənləşdirmək üçün oyun penaltilər seriyasına qədər uzanır. Burada isə daha dəqiq olan “Liverpul” tarixi uğura imza atır, Çempionlar Liqasının kubokunu kapitan Cerrard başı üzərinə qaldırır.

“Real”, “Bavariya” və “Çelsi”yə “yox” deyir

Həmin uğurdan sonra “Çelsi”yə keçmək variantı gündəmə gəlir. London klubunun sahibi Roman Abramoviç onu komandasında görməyi çox istəyirdi. Bu səbəbdən Stivə “Liverpul”da aldığından 2 dəfə artıq maaş təklif edir. Digər tərəfdən, “Real” və “Bavariya” da Cerrardın xidmətində maraqlı idi. Ancaq Stiven son anda qalmağı üstün tutur.

Stiven 2008-2009 mövsümündə karyerasında ilk Premyer Liqa çempionluğuna çox yaxınlaşır. 27-ci turda 10 xal gerisində olduqları “Mançester Yunayted”ə “Old Trafford”da 4 qol vuran, son 11 matçın 10-da qalib gələn “Liverpul” yekunda cəmi 4 xallıq fərqlə çempionluğu “Mançester Yunayted”ə verir. Sonrakı bir neçə mövsümdə uğursuzluqlar qeydə alınır.

Şərtlər çempionluq üçün uyğun idi

2013-2014 mövsümü başlarkən “qırmızılar”ın çempionluq həsrəti 23 ilə çatmışdı. “Liverpul” azarkeşləri çempionluğu daha çox klubun əfsanəsi halına gələn və gəmini tərk etməyən kapitan Stiven Cerrard üçün arzulayırdılar. Artıq bu komanda Cerrardlı “Liverpul” deyil, Cerrardın “Liverpul”u sayılırdı. Həmin mövsüm “Mançester Yunayted”də Aleks Ferqyuson təqaüdə yollanmışdı. Onun gedişi ilə “mankunianlar” relsdən çıxmışdılar. “Liverpul” isə avrokuboklardan kənarda qalmışdı. Baş məşqçi postuna Brendan Rocers gətirilmişdi, komanda Cerrarddan əlavə, artıq Filipp Koutinyo, Rahim Sterlinq, Luis Suares və Daniel Starric kimi oyunçulara sahib idi. Necə deyərlər, bütün şərtlər çempionluq üçün uyğun idi.

“Məni dinləyin! Bu qələbəni unudun!”

Həmi mövsüm “Liverpul” sonadək çempionluq mübarizəsi aparır. Mövsümün sonuna doğru komanda ardıcıl 11 oyunda qələbə qazanır, 34-cü turda isə “Mançester Siti”yə qalib gələrək (3:2) mövsümün sonuna 4 həftə qalmış liderlik kürsüsündə əyləşir. Komanda bu qələbəyə çempion olmuş şəkildə sevinərkən, Cerrard sanki olacaqları hiss edirdi və final fitindən sonra komanda yoldaşlarını ətrafına toplayaraq onlara bu sözləri deyir: “Qulaq asın, məni dinləyin! Bu çempionluğun əlimizdən çıxmasına izn verməyəcəyik. Bu qalibiyyəti artıq unudun, qarşıda 4 oyunumuz var. Həmin görüşlərdə də eynilə bu şəkildə oynayaraq çempion olacağıq”.

Top ayağından, çempionluq əlindən çıxır

Mövsümün sonuna 3 həftə qalmış “Liverpul” öz meydanında “Çelsi” ilə qarşılaşır və... İlk hissənin sonlarında məhz Stiven kobud səhvə yol verir. Ayağı sürüşdüyünə görə yıxılan Cerrard rəqib oyunçu Demba Banın topu ələ keçirməsinə səbəbkar olur və epizod qolla nəticələnir. O anda top ayağından çıxdığı kimi, çempionluq da əlindən çıxır Cerrardın. Matç boyunca günahını yumaq üçün çox çalışır, uzaq məsafədən qapıya xeyli sayda zərbə endirir, lakin faydası olmur. Stiv çox gözəl anlayırdı ki, çempionluğa bu qədər yaxın ikən kuboka sahib çıxa bilmirsənsə, deməli, o fürsət bir də əlinə düşməyəcək...

Yeganə şərt irəli sürür

2015-ci ildə Cerrardın “Liverpul”la müqaviləsinin müddəti başa çatırdı. Klub rəhbərliyi onunla görüşsə də, yeni sözləşmə ilə bağlı şərtlər Stivenin ürəyincə olmur. Məhz həmin görüşdən sonra həyat yoldaşı ilə əlaqə saxlayır və aralarında yazının əvvəlində qeyd etdiyimiz telefon danışığı olur.

Mövsümün ortasında açıqlama verərək doğma klubunda sonuncu ilini keçirdiyini bildirir. Hansı kluba gedəcəyini isə hələ müəyyənləşdirməmişdi. Onun tək şərti var idi: “Liverpul”la üz-üzə gəlməmək. Bu səbəbdən Premyer Liqa klublarının təklifini geri çevirir və yeni ünvanı ABŞ təmsilçisi “Los Anceles Qalaksi” olur.

Artıq 35 yaşındaydı, əvvəlki Cerrard deyildi. Amma üzünə açıq şəkildə deyilməsə də, “Liverpul”da qapının göstərilməsini haqq etmirdi. Bəlkə də klub rəhbərliyi artıq Cerrardın “Liverpul”u olmaqdan sıxılmışdı...

Yeni ampluada uğur axtarışında

Stiven uzun illər İngiltərə yığmasının da formasını geyinib. 2000-ci ildə başlayan milli karyerası 14 il davam edib. 2007-ci ildən kapitan sarğısını daşıdığı yığma ilə 3 dünya və 3 Avropa çempionatında iştirak edib. Millidə 114 oyunda 21 qola imza atıb.

2016-cı ildə karyerasını bitirən Cerrard indi isə məşqçi kimi böyük uğurlar qazanmaq arzusundadır. Yeri gəlmişkən, 2018-ci ildən Şotlandiyanın “Qlazqo Reyncers” klubunu çalışdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6555
avatar

Rizvan Babayev

Oxşar yazılar