Vidadi Rzayev, məşqçi
09 aprel 2021 15:52 (UTC +04:00)

Vidadi Rzayev, məşqçi

"İndi pul var, futbolçu yoxdur” - Vidadi Rzayev

Azərbaycan millisinin heyətində Bakıda keçirilən ilk matçın iştirakçısı olmuş, hazırda “Kəpəz”in məşqçisi vəzifəsini icra edən Vidadi Rzayevin apasport.az saytına müsahibəsi

- Azərbaycan millisinin Bakıda keçirilən ilk oyununun 25 ili tamam olur. Yığmamız paytaxt azarkeşləri önündə birinci görüşünü 1996-cı il aprelin 9-da yoldaşlıq görüşündə Türkiyəyə qarşı keçirib. Siz də həmin qarşılaşmanın iştirakçısı olmusunuz. O oyunu necə xatırlayırsınız?

- Çox yaxşı xatirimdədir. Yunis Hüseynovla mən ehtiyatda idik, meydana ikinci hissədə çıxdıq. Düzdür, ondan əvvəl “Qalatasaray”la qarşılaşmışdıq. Amma milli səviyyəsində Bakıda ilk oyunumuz Türkiyəyə qarşı oldu. Türkiyə yığmasının da baş məşqçisi Fatih Terim idi. Əslində həmin matçın ədalətli nəticəsi heç-heçə olardı. Çünki bizim də şanslarımız olmuşdu, hətta qələbə qazana da bilərdik.

“O vaxt pul yox idi, futbolçu var idi, indi pul var, futbolçu yoxdur”
 

- Milli formada yerli azarkeş önünə ilk dəfə çıxırdınız. Hansı hissləri keçirmişdiniz?

- Açığı, Yunislə əsəbləşmişdik. Çünki əsas heyətə salınmamışdıq. Amma ilk dəfə yerli publika önündə Azərbaycan yığmasının formasını geyinmək qürurverici hadisə idi. Azarkeşlər əslində bunu təbii qarşılayırdılar. Çünki onlar SSRİ dağıldıqdan sonra da oyunlara gəlirdilər. Ona qədər Gürcüstanda oyunlar keçirmişdik. Amma oradakı rəqiblər güclü deyildilər. Oyun günü səhər hamıda həyəcan var idi. Ancaq mübarizə zamanı hər şeyi unutduq.

- 25 il ərzində Azərbaycan futbolunda nə dəyişib?

- Yalnız maliyyə. Başqa dəyişən nəsə varsa, deyin, mən də bilim. O vaxt pul yox idi, futbolçu var idi, indi pul var, futbolçu yoxdur. Oyunçuların xətrinə dəyməsin. İndi maliyyə hər şeyi həll edir. Amma bizim dövrümüzdə belə deyildi. Pulsuz heç nəyə nail olmaq mümkün deyil. Biz təlim-məşq toplanışı görmürdük. 60, maksimum 70 dəqiqə oynamağa gücümüz çatırdı. Matçların son 20-30 dəqiqəsində hamıya uduzmuşuq. Bu da fiziki durumumuzun bərbad olmasından qaynaqlanırdı. Həm də Azərbaycandan kənara çıxmırdıq. Getdiyimiz ən uzaq yer Buzovna idi. Heç yerə gedə bilmirdik. Çox az yoldaşlıq görüşü keçirərdik. İldə bir dəfə Kiprə gedib oynayırdıq. İndikilər il ərzində çox sayda yoldaşlıq görüşündə iştirak edirlər. Adi formanı dəyişməyə icazə vermirdilər. Oyunlardan əvvəl deyirdilər ki, rəqib futbolçularla formanı dəyişməyin, başqası yoxdur.

“Futbolçuların pulunu azaltsalar, xaricə gedərlər”
 

- 25 il əvvəl Bakıdakı ilk oyunda 0:1 hesabı ilə uduzmusunuz. Bəlkə futbolumuzun təməlini siz pis qoymusunuz?

- Biz niyə təməli pis qoyaq ki? Bir daha deyirəm, biz o vaxt ən azı rəqabət aparırdıq. Oyunlarımızda hesaba baxmasan, deyərdin ki, bu komanda yaxşı futbol oynayır. Məsələn, Macarıstanla Bakıda 0:3 hesabı ilə uduzduğumuz matçın təkrarına baxmışam. Halbuki o oyunla macarları 5:0, 6:0 udmalı idik. Belə matçlarımız çox olub. O vaxt Azərbaycandan kənara çıxmırdıq, taktiki düşüncələrimiz elə güclü deyildi. Arada oturub söhbət edirik, deyirik ki, bizə belə taktiki şeylər öyrətsəydilər, əməlli-başlı oynayardıq. Keçmişlə yaşama, amma keçmişi də unutma.

- Əksəriyyət futbolumuzun hətta gerilədiyini düşünür. Bu illər ərzində inkişafın olmamasının səbəbi nədir?

- Sovet dövründən çıxan futbolçular çox idi. Saymaqla qurtarmaz. Həmin vaxt xaricə çıxmaq bizim üçün problem deyildi. Sadəcə, çoxumuz Vətən sevgisini əsas gətirib heç yerə getmədik. Öz torpağımdan kənarda yaşaya, uyğunlaşa bilmirdim. İndiki futbolçular isə yaxşı pul qazandıqları üçün legioner həyatı yaşamırlar. Çıxış yolu onların pulunu azaltmaqdır. Futbolumuzu həmişə gürcülərlə, ermənilərlə müqayisə edirik. Onların futbolçuları Rusiyadan tutmuş, Almaniyaya qədər, bütün Avropaya səpələniblər. Bizdən isə heç kim getmir. Düşünürlər ki, burada rahat oturmuşam, pulumu qazanıram, xaricə gedib özümü niyə əziyyət salım? Rəqabətdən qorxurlar, fikirləşirlər ki, burada pullarını xımır-xımır alırlar. Onların pulunu azaltsalar, gedərlər.

Vidadi Rzayev, məşqçi

“Əllərini qulaqlarına qoyub tərəkəmə oynamaqla deyil”
 

- Premyer Liqada cəmi 8 klub iştirak edir. İnkişafa mane olan digər faktor komanda sayının azlığı deyil?
- Əlbəttə, həm də çox önəmli faktordur. Komanda sayı kəskin artmalı, yerli gənclərə üstünlük verilməlidir. O vaxt rəhmətlik Fuad Musayev “Şəfa” klubunu yaratdı, oradan da çox güclü futbolçular çıxdı. Belə bir sistem də yaratmaq olar. Klubları Zaqatala, Tovuz, Gəncə, Mingəçevir, Lənkəran kimi rayonlara vermək lazımdır. Oradakı yerli uşaqlar da oynayarlar. Çempionatda bir komanda çempion olur, hamıya birincilik verilmir ki. Bədbəxtliyimiz ondadır ki, indi hansı kluba sponsor gəlsə, baş məşqçidən birinci yeri tutmağı tələb edir. Elədirsə, İspaniya, İngiltərə çempionatlarında çempion olmayan 19 komanda nəyə oynayır ki? Hamısı gələn kimi çempion olmaq, Çempionlar Liqasında oynamaq istəyir. Kimə lazımdır Çempionlar Liqası? Ora gedib heç nə edə bilməyəcəksiz axı. Rəhbər belə tələb edəndə də, baş məşqçi fikirləşir ki, yerlini neyləyirəm, onun yerinə bir əcnəbi gətirim.

- Futbolçularımızın legioner həyatı yaşamalı olduğunu dediniz. Bizdə Avropa səviyyəli oyunçu varmı?
- Vallah, var. İstedadlı gənc oyunçularımız az deyil. Hazırda koronavirusa görə bütün dünyada həyat dayanıb, çox yer bağlıdır. Amma sona qədər belə davam etməyəcək. Uşaqlar ölkədən çıxmasalar, futbolun inkişafından danışmağa dəyməz. Bunu edə bilmiriksə, heç olmasa çempionatın səviyyəsini yüksəltmək lazımdır. Futbolçularımızı ikradan şora, qatığa sal, gör necə oynayırlar. Dərhal Avropada oynamağa gedərlər. Mən özüm də futbolçu olmuşam, onların çox qazanmağının əleyhinə də deyiləm. İdmançı həyatı qısadır. Amma inkişaf üçün başqa çıxış yolu görmürəm. AFFA-da oturanlar ağıllı adamlardır, yəqin bir yol taparlar. Milli komandamızın baş məşqçisi Canni de Byazi son oyunlara 30 futbolçu çağırmışdı. 8 klubda maksimum 40 yerli oyunçu olduğunu nəzərə alsaq, kim gəlsə, eyni heyəti çağıracaq. Düzdür, de Byazinin gəlişini ilk gündən tənqid eləmişəm. Çünki onlara verilən maliyyəni uşaq futboluna ayırmaq olar. Onsuz da, de Byazi nəyisə dəyişməyib, komandamız indi də uduzur. Millətlər Liqasındakı nəticələrdən sonra artıq bilirdi ki, dünya çempionatının seçmə mərhələsində heç nə edə bilməyəcək. Gedib Portuqaliyanı udası deyillər ki. Amma müqavilə imzaladı, AFFA sona qədər onun pulunu ödəməlidir. AFFA rəhbərliyi müqaviləyə qədər fikirləşməliydi ki, bu qədər pulu ona vermək olmaz. Milliyə yerli mütəxəssis təyin edin, o pulu da uşaq futboluna ayırın və ya çempionatda komanda sayını artırın. Oturduqları yerdə əllərini qulaqlarına qoyub tərəkəmə oynamaqla deyil. Çıxış yolu axtarmalıdırlar. Ölkə futbolunun güzgüsü millidir. Klublar da yığma üçün çalışmalıdır. Çempionata kimdir baxan?! Avrokubokda da təkcə “Qarabağ” uğurlu çıxış edir. Qalanları birinci mərhələdən mübarizəni dayandırırlar. Belədirsə, ilboyu o qədər pul tökməyin nə mənası var?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2034
avatar

Oxşar yazılar