“Milan”ın keçmiş futbolçusu, hazırda əməliyyat tərəfdaşı və İtaliya klubunun sahiblərinin baş məsləhətçisi Zlatan İbrahimoviç israr edir ki, “rossoneri”nin hazırkı baş məşqçisi Stefano Pioli istefaya getsə, komandaya italiyalı mütəxəssis Antonio Konte rəhbərlik etməlidir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, “Milan” rəhbərliyi “Bolonya”nın çalışdırıcısı Tiaqo Mottanı ən yaxşı namizəd hesab edir.
Mənbənin sözlərinə görə, klub daxilində Piolinin yayda “Milan”dan ayrılacağı ilə bağlı fikirlər üstünlük təşkil edir. “Rossoneri”lər bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizəni dayandırıblar və A Seriyasında çempionluq uğrunda mübarizədə lider "İnter"dən 11 xal geri qalırlar. Stefano 2019-cu ilin oktyabrından "Milan"a rəhbərlik edir.
İtalyalının rəhbərliyi altında "rossoneri" 2021/2022 mövsümündə çempionluq titulunu qazanıb.