Braziliya millisinin keçmiş baş məşqçisi Tite "Flamenqo"da işləməyə başlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 62 yaşlı mütəxəssisin klubla müqaviləsi 2024-cü ilə qədərdir. Xarici mənbələrin məlumatına görə, “Flamenqo” Braziliya futbolunda əldə etdiyi nailiyyətləri nəzərə alaraq Titeyə böyük ümid bəsləyir.
Sentyabrın 29-da “qırmızı-qaralar” Xorxe Sampaolini komandanın baş məşqçisi postundan uzaqlaşdırıb.
Tite 2016-cı ildən Braziliya milli futbol komandasına rəhbərlik edib. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Xorvatiya millisinə 1/4 final oyununda uduzduqdan sonra (penaltilərlə 1:1, 2:4) o, millinin baş məşqçi postunu tərk edib. Onun rəhbərliyi altında Braziliya millisi 2019-cu ildə Amerika Kubokunun qalibi olub.
Hazırda "Flamenqo" 26 turdan sonra 44 xal toplayaraq Braziliya çempionatının turnir cədvəlində 5-ci yerdədir.