Nihat Kahveci
22 yanvar 2021 20:15 (UTC +04:00)

Nihat Kahveci

“F-16-lar təyyarəmizi səmada əhatəyə aldılar... Dedim çox öpmə, səhv başa düşərlər” - SİRLİ ULDUZLAR

Bir vaxtlar Azərbaycan futbolsevərləri İspaniya çempionatında “Real Sosyedad”ın oyunlarını həsrətlə gözləyir, hər həftəsonu mavi ekranın qarşısında əyləşib bu komandanın matçını izləyirdi. Bask təmsilçisinə böyük marağımızın tək səbəbi var idi: Nihat Kahveci. Gənc oyunçu “Real Sosyedad”a keçidi ilə həm ölkəsi Türkiyədə, həm də Azərbaycanda klubuna böyük azarkeş kütləsi toplamışdı. İspaniyada fırtına qoparan Nihat dünyanın ən güclü futbolçularından sayılan braziliyalı Ronaldo ilə bombardirlik mübarizəsi aparırdı. Uzun müddət Türkiyə yığmasının da şərəfini qorumuş Kahveci AÇ-2008-dəki uğurun əsas memarlarından biri idi.

Lent.az-ın “Sirli Ulduzlar” layihəsində bu dəfə Nihat həyat hekayəsini danışacaq...

“Kirayə haqqını çətinliklə ödəyirdik”

“İstanbulun Bağcılar qəsəbəsində doğulmuşam. Uşaqlıq illərim elə Bağcılarda keçib. 4 uşaqlı ailənin ilk övladı idim. Atam erkən yaşda təqaüdə çıxmışdı, pensiya alırdı. Anam isə fabrikdə çalışırdı. Kirayədə qalırdıq və ayın sonunda kirayə haqqını çətinliklə ödəyə bilən ailə idik. Yəni uşaqlıq illərim zənginlik içində keçməyib. Ac qalmırdıq, amma maddi baxımdan istədiyimiz həyatı yaşaya bilmirdik. 6-7 yaşımdan top dalınca qaçan olmuşam. Bütün günü məhəllədə futbol oynayırdıq. Futbola o qədər aşiq idim ki, məktəbdə dərslərarası tənəffüsdə də həyətə qaçıb futbol oynayırdım. Ümumiyyətlə, topa sevgim var idi. Buna görə də, futbolla yanaşı, basketbol, tennis oynamağı da xoşlayırdım”.

“Çox yaxşı oynayırsan, niyə futbola getmirsən?”

“Daha çox futbolu sevirdim. Yadımdadır ki, derbiləri buraxmırdım, hamısına baxırdım. Uşaqlarla futbol oynadığım günlərin birində istedadımın olduğunu hiss etdim. Yaxşı oynayırdım, qollar vururdum. Allah hər kəsə bir istedad verir. Önəmli olan həmin istedadı özünün kəşf etməyindir. Dərslərimi də axsatmırdım, bütün qiymətlərim əla idi. O vaxt gələcəkdə futbolçu olmağı düşünmürdüm, sadəcə futbol oynamaqdan zövq alırdım. Yaşım artdıqca sinif yoldaşlarım “Nihat, sən çox yaxşı oynayırsan, niyə futbola yazılmırsan?” deyəndə düşünməyə başladım. Ondan sonra futbolçu olacağıma qərar verdim”.

“Küçə itlərindən gizlənə-gizlənə evə gəlirdim”

“Yaşadığım Bağcılar qəsəbəsinin yaxınlığında məskunlaşan “Esenler” həvəskar futbol klubuna yollandım. Məni yoxladıqdan sonra aşağı yaş qrupuna götürdülər. 14 yaşımda futbolda ilk addımımı atdım. Mənim üçün çətin dövr başlamışdı. Çünki futbolla birlikdə dərslərimi də davam etdirməliydim. Məktəbdən çıxıb məşqə gedirdim. Məşqdən gec saatlarda evə qayıdırdım. O saatda avtobus işləmirdi, taksiyə verməyə isə pulum olmurdu. Məcbur piyada qayıtmalı olurdum. Yolda küçə itləri ilə qarşılaşırdım. Onlardan gizlənə-gizlənə, qaça-qaça gəlib evə çatırdım. Palçıqda, torpaqda futbol oynadıqdan sonra həftəsonu formamı evə gətirəndə yusun deyə, anama yalvarırdım. Valideynlərim futbola getməyimə ürəkdən razı deyildilər”.

“Bacardım, çünki təslim olmadım”

“Esenler”in mənə çox faydası oldu. Təbii ki, ilk vaxtlar özümü isbatlamaq heç də asan deyildi. Düzü, həmin ərəfədə bacarıb-bacarmayacağımla bağlı şübhələrim yaranmışdı. Amma bacardım, çünki heç zaman təslim olmadım. Futbolçu olmaq üçün təkcə istedad bəs etmir. İstedadla yanaşı, ağıllı olmalı, doğru zamanda doğru qərarlar verməlisən. Yaxşı ki, vaxtında “Beşiktaş”dan təklif gəldi və orda oynadım, sonra da “Beşiktaş”ın uşağı Nihat Kahveci deyə anıldıq. Bu, məni çox xoşbəxt edir”.

“Aramızda sadəcə incə tel var idi”

“Esenler”dəki oyunlarımı skautlar izləyirdilər. Bir gün stadionda gəzərkən çiynimə əl toxundu. “Beşiktaş”ın skautlarından olan Rauf Başar idi, Allah ona rəhmət eləsin. Mənə dedi ki, səni “Beşiktaş”ın akademiyasına götürmək istəyirik. Elə də oldu. 16 yaşında “Beşiktaş”ın ikinci komandasına cəlb edildim. Hamısı seçilmiş uşaqlar idi, aramızda güclü rəqabət gedirdi. Biz torpaq sahədə oynayarkən, yanımızdakı qazonlu meydanda əsas komandanın məşq etməsi mənə motivasiya verirdi. Televizorda gördüyüm futbolçularla artıq yan-yana idim. Aramızda sadəcə incə tel var idi və o teli keçməliydim. Təbii ki, bunu bacarmaq asan deyildi. Özümə yaxşı baxmalı, düzgün istirahət etməli, rəqabətə davamlı olmalı, komanda yoldaşlarımı qabaqlamalı idim. Hədəfim əsas komandaya düşmək idi. Özümə dedim ki, mən də burda oynamalıyam”.

“Fürsəti yaxşı dəyərləndirdim”

“Əsas komanda ilə bərabər səfərlər edirdik, təcrübə qazanırdıq. Həmin dövrdə baş məşqçi olan Con Benjamin Toşak cavanlara şans verməyi çox sevirdi, gəncləşdirmə siyasəti aparırdı. Mən də bu fürsəti yaxşı dəyərləndirdim, vurduğum qollarla onun diqqətini çəkə bildim. O vaxt ikinci komandanın oyunları əsas komandanın matçlarından 1 gün öncə keçirilirdi. Özümüzü əsas komandanın baş məşqçisinə göstərmək şansımız vardı, çünki gəlib oyunlarımızı izləyirdi. 1997-ci ildə “Beşiktaş”ın əsas komandasında ilk rəsmi oyuna çıxdım. Debütüm “Bursaspor”la qarşılaşmada reallaşdı. 2002-ci ilədək “ağ-qara” formanı geyindim”.

“Nihat, amandır, səni sataq...”

“2001-2002-ci illərdə “Beşiktaş” maddi baxımdan çox pis vəziyyətdə idi. Həmin vaxt kluba Sərdar Bilgili rəhbərlik edirdi. Üzə çıxmağımda böyük rol oynayan Con Toşak artıq “Real Sosyedad”ı çalışdırırdı və məni də komandasında görmək istəyirdi. Rəsmi təklif göndərmişdilər, amma getmək istəmirdim. Səbəb “Beşiktaş”a olan sevgim və başqa bir dilin, mədəniyyətin olduğu yerə getməkdən ehtiyatlanmaq idi. “Real Sosyedad” həmin vaxt La Liqada sonuncu pillələrdə qərarlaşmışdı. Komanda ikinci liqaya düşəcəyi halda tamamilə unudula bilərdim. Prezidentimiz Sərdar Bilgili isə “Beşiktaş”ın maddi çətinliyinə görə bu keçidə razı idi. Mənə deyirdi ki, Nihat, amandır, səni sataq, həm klub üçün yaxşı olacaq, həm də karyeran üçün”.

“Dil tökürdülər ki, nə olar, get, pulumuzu alaq”

“Hər dəfə məşqə gələndə 4-5 ay maaş almamış komanda yoldaşlarım mənə dil tökürdülər ki, Nihat, nə olar, get, klub bizə olan borcunu verə bilsin. Bundan sonra qərar verdim ki, gedəcəm. “Beşiktaş” transferimdən 5 milyon avro qazandı. İlk günlərdə çətinlik yaşayanda başa düşdüm ki, tam adaptasiya olmaq üçün ispan dilini öyrənməliyəm. Nə qədər çox dil bilsən, dərdini bir o qədər rahat izah edirsən. 6 aydan sonra artıq ispan dilində müsahibə verməyə başladım. Bunu edincə onların simpatiyasını qazanırsan. Meydanda qollar vurub, assistlər etdikdən sonra isə məni daha çox istəməyə başladılar”.

“Yaxşı ki, “Real Sosyedad”a getmişəm”

“2002-2003 mövsümü idi. Möhtəşəm heyətimiz var idi. Mövsümü əla keçirdik, sonadək birincilik mübarizəsi apardıq. Çox istərdim ki, həmin mövsümün sonunda çempion olaydıq. Amma rəqibimiz “Real Madrid” idi. Heyətində Zidan, Bekhem, Fiqo, Ronaldo, Roberto Karlos olan “qalaktikos”. İnanılmaz anlar yaşayırdıq. Yekunda bizi 2 xal qabaqlayıb çempion oldular. O mövsüm La Liqada “fenomen” Ronaldo ilə eyni sayda - 23 qol vurdum və bombardirlər yarışında ikinciliyi bölüşdük. Belə xatirələri tez-tez yada salıram, yaxşı ki, “Real Sosyedad”a getmişəm. Həmin mövsümün ən sərrast futbolçusu isə 29 qolla Roy Makay olmuşdu”.

“Kovaçeviçlə bir-birimizi tamamlayırdıq”

“Beşiktaş”da daha çox sağ cinah yarımmüdafiəçisi mövqeyində oynasam da, “Real Sosyedad”da Toşak hücumda yer almağımı istədi və zaman onun haqlı olduğunu göstərdi. Darko Kovaçeviçlə tandemimiz çox uğurlu alındı, çünki meydanda bir futbolçu kimi oynayırdıq. O, hündür, mən bəstəboy idim. O, arxası qapıya yaxşı oynayırdı, hava toplarını götürürdü, mənim isə zərbələrim güclü və dəqiq idi. Bir-birimizi tamamlayırdıq, buna görə də Avropanın ən yaxşı ikililərindən olduq. Qol vurduqdan sonra qucaqlaşırdıq, məni öpürdü. İnternetdə həmin şəkillərimiz var. O vaxt evli olmasaydım, yanlış anlaşılardı. Elə öpürdü ki, deyirdim, Darko, çox öpmə (gülür). İzah edirdim ki, Avropada bir şey deməzlər, amma Türkiyədə bunu səhv başa düşərlər. İndi də əlaqəmiz davam edir, danışırıq, mesajlarışıq”.

“Ölümlə üz-üzəyik, sən nəyin dərdini çəkirsən?”

“Açığı, Kovaçeviç məni bir az qısqanırdı, paxıllığımı çəkirdi (gülür). Çünki məndən daha çox qol vurmaq istəyirdi. Bununla bağlı bir xatirəmiz var. Bir gün “Santyaqo Bernabeu”da “Real”la oynayırdıq. Hesab 1:1 idi, bizdən qolu mən vurmuşdum. Təxminən 70-ci dəqiqədə hakim dedi ki, stadionda bombanın olduğuna dair xəbər var. Hər kəs panikaya düşdü. Kovaçeviç qorxusundan paltardəyişmə otağına bir sürətlə qaçdı ki, meydanda elə qaçsaydı, daha çox qol vurardı (gülür). Hamı əşyalarını toplayaraq, duş qəbul etmədən avtobusa mindi. Stadionu 10 dəqiqəyə boşaltdılar. O stressin içində Darko avtobusda yaxınlaşıb dedi: “Nihat, hakim oyunu dayandırdı, vurduğun qol sayılmaya bilər”. Dedim Darko, burda ölümlə üz-üzəyik, sən nəyin dərdini çəkirsən? (gülür). Aramızda belə sağlam rəqabət var idi, bu da bizə meydanda uğur gətirdi”.

“Əsgərlik məni çox geri saldı”

“2006-cı ildə İspaniyanın digər klubu “Vilyarreal”a keçdim. 2007-2008 mövsümündə La Liqada 34 oyunda 18 qol vurdum və həmin mövsümdə də “Real Madrid”dən sonra ikinci olduq. Yenə İspaniya çempionatının gümüş medalını qazandım. “Vilyarreal”da olanda “Fənərbaxça”dan təklif aldım. Bu, mənim üçün qürurverici olay idi, amma qalmağı üstün tutdum. Elə alındı ki, 2009-cu ildə Türkiyəyə dönəsi oldum və doğma klubum “Beşitkaş”a qayıtdım. Qayıdan kimi əsgərliyə getməyim məni çox geri saldı. Çünki həmin 1 ay müddətində çox məşq edə bilmədim və birdən-birə çempionat matçlarına çıxdım. Həmin vaxt fiziki cəhətdən hazır deyildim. Buna görə də “Beşiktaş”dakı ikinci dövrümdə istədiklərimi edə bilmədim. Ardıcıl zədələr də mane olurdu. Artıq insanları əvvəlki kimi sevindirə bilmirdim. Buna görə də klubla 2 illik müqaviləmin qalmasına rəğmən, karyeramı 32 yaşında bitirməyə qərar verdim”.

“Pilotların o hərəkətini yada salanda tüklərim biz-biz olur”

“Yığmada 2000-ci ildə İsveçlə oyunda debüt etmişəm. Millidə möhtəşəm anlarım olub. Dünya çempionatında bürünc medal qazanıb ölkəmizə qayıdarkən səmada üzləşdiyimiz mənzərəni heç vaxt unutmayacağam. Türkiyə ərazisinə girdiyimiz anda baxdıq ki, 4 ədəd F-16 gəlib sağ, sol, ön və arxa tərəfdən təyyarəmizi əhatəyə aldı. Bizi İstanbuladək müşayiət etmələrini, pilotların baş barmaqlarını qaldıraraq işarə göstərmələrini yada salanda tüklərim biz-biz olur. Həmin an bir-birimizə “qardaşlar, böyük bir uğura imza atmışıq” dedik”.

“Arda dönüb “Nihat abi, nə olar, sən də 1 qol vur” dedi”

“Millinin heyətində AÇ-2008-də Çexiya ilə keçirdiyimiz oyun əbədi xatirələrdə qalacaq. Bizim üçün ölüm-dirim mübarizəsi idi. Həmin gün tufan qopdu, şimşək çaxdı, güclü yağış yağdı. Həyatımda o cür matç oynamamışdım. Mütləq qələbə qazanmalıydıq. Yalnız bu halda qrupdan çıxıb yolumuza davam edəcəkdik. 70-ci dəqiqə gedirdi, 0:2 hesabı ilə uduzurduq, üstəlik, oyunu pis keçirirdik. Son 20 dəqiqədə isə hər şey dəyişdi. Arda Turan hesab arasındakı fərqi azaltdı, sonra mənə tərəf dönüb “Nihat abi, nə olar, sən də 1 qol vur” dedi. Əvvəlcə Petr Çexin əlindən yerə saldığı topu boş qapıya göndərdim. Və vurduğum qələbə qolu... O epizodda zərbə endirdikdən sonra top havada olanda “Allahım, dirəyə dəyib içəri girsin” deyə dua etdim. Nəticədə istədiyim kimi, möhtəşəm qol oldu”.

“Yemək bişirməyi xoşlayıram”

“Gözəl ailəm var, çox xoşbəxtəm. 2019-cu ildə dünyaya gələn qızımız Lina həyatımıza yeni rəng qatıb. Yaxşı ata, yaxşı həyat yoldaşıyam. Ev işlərindən də başım çıxır. Yemək bişirməyi xoşlayıram, hətta həyat yoldaşım mənim daha dadlı yeməklər bişirdiyimi deyir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7269
avatar

Rizvan Babayev

Oxşar yazılar