Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo təqvim ilinin bombardiri siyahısına başçılıq edir.
Lent.az xarici mediaya istinadla bildirir ki, 38 yaşlı futbolçu Bosniya və Herseqovina millisinə qarşı oyunda qol vurub. Bununla da onun 2023-cü ilin əvvəlindən klub və ölkə üçün vurduğu qolların sayı 40 olub. Beləliklə, Ronaldo “Mançester Siti”nin 39 qolu olan hücumçusu Erlinq Haalandı qabaqlaya bilib.
Qeyd edək ki, oktyabrın 16-da “Avro-2024”ün seçmə mərhələsinin J qrupunun 8-ci turunun matçında Portuqaliya səfərdə Bosniya və Herseqovinanı məğlub edib - 5:0. Pireneylilər seçmə mərhələnin səkkiz oyunundan səkkizində də qalib gəlib. Bütün bu müddət ərzində top fərqi 32:2-dir.
Portuqaliya növbəti seçmə oyununu noyabrın 16-da keçirəcək. Martinezin komandası səfərdə Lixtenşteynlə qarşılaşacaq.