Fransa futbol komandasının baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra vəzifəsini tərk etməyi planlaşdırır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, yanvarın 8-də Fransa yığmasının çalışdırıcısı 2026-cı il dünya çempionatından sonra postunu tərk edəcəyini rəsmən açıqlamalıdır.
56 yaşlı Didye Deşam son 13 ildə Fransa millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında “üçrənglilər” 2018-ci il Dünya Kubokunun və 2021-ci il Millətlər Liqasının qalibi olub.
Deşamın komandası həmçinin 2016-cı il Avropa çempionatının və Qətərdə keçirilən son Dünya Kubokunun gümüş mükafatçısı olub.
2024-cü ilin yayında Didye Deşam Fransa millisinin baş məşqçisi kimi 154 oyundan sonra "100 qələbə" həddinə çatıb.
2024-cü ildə Almaniyada keçirilən Avropa çempionatında Fransa yığması gələcək çempion yarımfinalda İspaniyaya (1:2) məğlub olaraq mübarizəni dayandırıb.
2026-cı ildə futbol üzrə dünya çempionatı üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika.