İdman həkimi: “Futbolçuların həyatı ilə oynamasınlar”
11 iyun 2020 11:51 (UTC +04:00)

İdman həkimi: “Futbolçuların həyatı ilə oynamasınlar”


“Koronavirusla bağlı vəziyyət hazırda çox pisdir. Bu üzdən bütün sahələrdə, eyni zamanda idmanda həddən artıq həssas olmaq lazımdır”.

Bunu apasport.az saytına tanınmış idman həkimi Rəhim Məhərrəmov deyib.

Uzun müddət “Qəbələ”nin futbol komandasında fəaliyyət göstərmiş Məhərrəmov PFL-in Azərbaycan Premyer Liqasının bərpası ilə bağlı qərarına münasibət bildirib. Həkimin sözlərinə görə, mövsümün gedişində futbolçuların virusa yoluxmayacağına kimsə zəmanət verə bilməz: “Çünki onlar ictimai yerlərdə olurlar, bir-birləri ilə əlaqələri var. Təki heç bir idmançıda xəstəlik olmasın. Amma bunun zəmanəti də yoxdur. Futbolda təmassız mübarizə mümkün deyil. Topu ayağına götürən oyunçu gərək desin ki, mənə dəyməyin, irəliləyim. Bu, mümkün olmayan bir şeydir. Şəxsən mən bir həkim kimi, çempionatın erkən başa çatdırılmasının tərəfdarıyam”.

Hazırda Azərbaycan Cüdo Federasiyasının həkimi vəzifəsini yerinə yetirən Rəhim Məhərrəmov çempionatın davam etdirilməsi təqdirində ciddi zədələrin meydana çıxacağını söyləyib: “İngiltərə kimi futbol ölkələrində üç gündən bir oyun olur. Amma bizim idmançılar çoxdandır normal tempdə məşq etmirlər, fiziki durumları qaydasında deyil. Belə vəziyyətdə futbolçuların formasının bərpası qeyri-mümkün olduğundan, onlara ciddi ziyanı dəyə bilər. Zədələr ortaya çıxacaq, ürək yüklənməsi olacaq. Yorğunluq fonunda əzələ cırılmasından tutmuş, oynaq zədəsinə qədər hər şey ola bilər. Üstəlik, yay aylarında isti havada qısa müddət ərzində bərpa olunmaq çox çətindir. Yəni oyunları keçirməkdə davam etsələr, bunun fəsadları çox olacaq. Digər tərəfdən, futbol azarkeş üçün oynanılır. Əgər tamaşaçı yoxdursa, oynamağın nə mənası var?”.

İdman həkimi Premyer Liqanın yarımçıq yekunlaşdırılmasının tərəfdarıdır: “İdmançılar çoxdandır məşq etmədikləri üçün zədədən qaçacaq, tez bərpa olunacaq durumda deyillər. Düzdür, mənim futbol barədə nəsə deməyə ixtiyarım yoxdur. Amma idman həkimi kimi söyləyə bilərəm ki, zədələr çox olacaq. Əgər çempionatı keçirməyə məcburdurlarsa, ya vaxtı uzatsınlar, ya da bunu normal təqvimlə etsinlər. Məcbur deyillərsə, onsuz da, “Qarabağ”ın çempionluğu məlumdur. Öz planları üçün futbolçuların həyatı ilə oynamasınlar. Şəxsən mən idmançı olsaydım, bu qaçaqaçda, istidə oynamağa razılıq verməzdim. Dediklərim təkcə futbola yox, bütün idman növlərinə aiddir. Buna görə də, bütün beynəlxalq yarışlar təxirə salınıb. Başa düşürlər ki, idmançılar formada deyillər”.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılan Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpası planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3184
avatar

Oxşar yazılar