“Barselona”nın oyunçularına görə klublara 207 milyon avro borcu var.
Lent.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Məlumata əsasən, qısamüddətli borc 89,4 milyon avro, uzunmüddətli borc isə 118 milyon avrodur.
Rafinyanın transferinə görə “Barselona”nın “Lids Yunayted”ə 62 milyon avro borcu var. Kataloniyalılar Ferran Torres üçün “Mançester Siti”yə 39 milyon avro ödəyəcəklər. 36 milyon - Jules Kounde üçün “Sevilya”ya, 31 milyon - Robert Levandovski üçün isə “Bayern”ə ödəniləcək.
Yay transfer pəncərəsi zamanı “Barselona” futbolçu satışından 105,4 milyon avro qazanıb. Klub futbolçu alışına 3,4 milyon avro xərcləyib.
İcarəyə verilən oyunçular üçün klub hələ də 49 milyon avro alacaq. Məsələn, “Atletiko” Antuan Qrizmanna görə “Barselona”ya 9 milyon avro ödəyəcək.