Azərbaycan Olimpiya Oyunlarının açılışında iştirak etdi
04 fevral 2022 16:51 (UTC +04:00)

Azərbaycan Olimpiya Oyunlarının açılışında iştirak etdi

Pekin-2022 XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilir.

Apasport.az saytının məlumatına görə, Çinin paytaxtındakı yarışların bəziləri hələ iki gün əvvəl start götürsə də, dördilliyin ən mötəbər qış multiidman tədbirinin açılış mərasimi az öncə başlayıb.

Tədbir Pekindəki Milli Stadionda gerçəkləşdirilir. Olimpiadaların vətəni Yunanıstanla başlayan idmançıların paradında Azərbaycan da iştirak edib.

7-ci dəfə Ağ Olimpiadaya qatılan yığmamızın nümayəndə heyəti stadiona 42-ci çıxıb. Ölkəmizin üçrəngli bayrağını fiqurlu konkisürənimiz Vladimir Litvintsev daşıyıb.

Bayraqdarımız Pekin-2022-dəki iki təmsilçimizdən biridir. O, ayın 8-də kişi fiqurlu konkisürənlərin yarışında ilk çıxışını nümayiş etdirəcək. Təmsilçimiz iki gün sonra sərbəst proqramda da buz üzərinə çıxmaq üçün yüksək yerlərdə qərarlaşmalıdır.

Olimpiadadakı digər idmançımız Yekaterina Ryabova parada qatılmayıb. Qadın fiqurlu konkisürənlərin mübarizəsi ayın 15-də başlayıb, iki gün sonra başa çatdığından təmsilçimiz hələ Çinə yollanmayıb.

Ümumilikdə isə fevralın 4-20-də baş tutacaq Olimpiadada 91 ölkə iştirak edəcək. 1581 kişi və 1290 qadın olmaqla 2871 idmançı yarışlarda mübarizə aparacaq.

15 idman növündə 109 medal dəsti sahibini tapacaq. ABŞ (222), Kanada (215) və Rusiya (212) Olimpiadada daha çox idmançı ilə təmsil olunacaq. Həm Yay, həm Qış Olimpiadasını təşkil edən ilk şəhər olan Pekində meydan sahibi – Çin yığması 170 nəfərlə mübarizə aparacaq.

Qeyd edək ki, 4 ildən sonra növbəti Oyunlar Milan və Kortina Dampetsoda baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482
avatar

Oxşar yazılar