“2019-cu ildə yeni nəsil Veteranlar Şurası yaradıldı, bizi də ora üzv seçdilər. Amma hər şey kağız üzərində qaldı”.
Bunu apasport.az saytına açıqlamasında veteran futbolçu Kənan Kərimov deyib.
Son olaraq Region Liqasında “Şamaxı”nın baş məşqçiliyini edən Azərbaycan millisinin sabiq hücumçusu heç bir il fəaliyyət göstərməyən şuranın təmtəraqla yaradıldığını vurğulayıb.
45 yaşlı mütəxəssisin sözlərinə görə, həmin vaxt bütün futbol veteranlarının iştirakı ilə tədbir də keçirilib: “Həmin vaxt Ramiz Məmmədov başda olmaqla, Hüseyn Məhəmmədov, Zaur Ramazanov, Emin Quliyev, Mahir Şükürov və mən AFFA-nın vitse-prezidenti Elxan Məmmədovun qəbulunda olmuşduq. İlk görüşümüzdə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla da iştirak etmişdi. Elxan Məmmədov bizə dedi ki, sizə ehtiyacımız var, yaxşı ki, gəlmisiniz. Bildirdik ki, Azərbaycan futbolunda azdan-çoxdan əziyyət çəkmişik, bizim də xeyrimiz dəyə bilər. Elxan müəllim də “narahat olmayın, o qədər çox işiniz olacaq ki, başınızı qaşımağa vaxtınız olmayacaq”, sözlərini söylədi. Assosiasiyanın binasında böyük yığıncaq oldu, futbol ictimaiyyətinin 90 faizi orada idi. Kazbek Tuayev, Ağasəlim Mircavadov, həmçinin bir çox ağsaqqal həmin yığıncaqda idi. Bizi yeni yaranan şuranın üzvü seçdilər. Mənə Tovuz-Qazax zonası tapşırıldı. Tədbirin sonunda soruşdum ki, mənim işimin adı nə olacaq? Cavab verən olmadı. İndinin özündə də mənə hansı işi tapşırdıqlarını başa düşə bilmirəm”.
Kənan Kərimov Azərbaycan futbolunun hazırkı durumundan da ürəkağrısı ilə danışıb. O, AFFA-da ciddi islahatlar aparılmasının vacibliyini vurğulayıb: “Biz mütəxəssislər problemləri deyirik. Di gəl ki, qulaq asan yoxdur. AFFA-da bəziləri bildiklərini edirlər. Görünür, heç bir qorxuları yoxdur, rahatdırlar. Nəyə və ya kimə arxayındırlar, bilmirəm. Orada maaş, iş xatirinə qatığa qara deyənlər kifayət qədərdir. Yaşı keçmiş, özünü idarə edə bilməyən insanları da qatığa qara dedikləri üçün saxlayıblar. Azərbaycan futbolu məhv olub, ayılmaq lazımdır”.