“Marsel” aşkar favoritdir, amma “Qarabağ” da yaxşı komandadır”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Marsel” – “Qarabağ” oyunu barədə fikirlərini bildirərkən deyib.
Xorvatiyalı mütəxəssis Fransa mətbuatına açıqlamasında Azərbaycanın futbol ölkəsi olmadığını söyləyib. Ancaq o, “Qarabağ”ı bu mənada fərqləndirib: “Azərbaycanda futboldan həzz alırlar. Amma bunu İngiltərə və ya Fransadakı insanların bəyənmə tərzi ilə müqayisə edə bilməzsən. Güləş kimi döyüş idman növlərinə üstünlük verirlər. Böyük futbol ənənələri yoxdur. Milli komandalarının da nəticələri yaxşı deyil. Ancaq “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. Orada ölkənin ən yaxşı futbolçuları və güclü əcnəbi futbolçular çıxış edir”.
2019-cu ildə yığmamıza rəhbərlik etmiş Yurçeviç “Qarabağ”ın heyətində iki futbolçunun adını xüsusi vurğulayıb: “Qarabağ”ın Abdullah Zubir kimi təhlükəli oyunçusu var. Ancaq mən Azərbaycan millisinə də çağırılan həmyerlim Filip Ozobiçi fərqləndirərdim. O, əsl yaradıcı 10 nömrədir. Baş məşqçi Qurban Qurbanovun tətbiq etdiyi texniki oyun üslubunda önəmli rol oynayır”.
56 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasına marağın az olduğunu, ancaq “Marsel”in Tofiq Bəhramov adına Respublika Stadionundakı cavab görüşündə fərqli mənzərə ilə qarşılaşacağını sözlərinə əlavə edib: “Qarabağ”ın baxımlı oyunu insanları çempionat matçlarına cəlb etmək üçün kifayət etmir. Orta hesabla matçlara 1000 tamaşaçı gəlir. Ancaq “Marsel”lə Bakıdakı qarşılaşmada stadion dolu olacaq. “Marsel”i böyük klub kimi tanıyırlar. Çox yaxşı bilirlər ki, Fransa klubu cütün favoritidir. Lakin bəzən yaxşı rəqiblərə qarşı uğurlu nəticələr əldə edirlər”.
Qeyd edək ki, sabah “Velodrom” stadionunda keçiriləcək “Marsel” – “Qarabağ” oyunu Bakı vaxt ilə saat 00:00-da başlayacaq.