Avropa çempionatı:   4 güləşçimiz yarımfinalda
02 aprel 2022 17:33 (UTC +04:00)

Avropa çempionatı: 4 güləşçimiz yarımfinalda

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, yarışın 6-cı günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Bu gün xalçaya çıxan təmsilçilərimizin hər biri yarışa 1/8 finaldan başlayıb.

Murad Məmmədov (60 kq) ilk görüşdə ispaniyalı Daniel Bobilloya tam üstünlüklə qalib gəlib - 8:0. Məmmədov 1/4 finalda moldovalı Vitali Yeriomenkonu yolundan kənarlaşdırıb - 6:1. Murad yarımfinalda türkiyəli Kerem Kamalla qarşılaşacaq.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda almaniyalı Vitalis Lazovskidən güclü olub - 9:1. Cəfərov növbəti mərhələdə polşalı Mateuş Bernateki 5:2 hesabıyla məğlub edərək adını yarımfinala yazdırıb. Həsrət finalın bir addımlığında türkiyəli Murat Firarla üz-üzə gələcək.

Ülvü Qənizadə (72 kq) ilk görüşdə almaniyalı Samuel Belşeidi xalçadan məyus yola salıb - 5:1. Qənizadə 1/4 finalda bolqar Deyvid Dimitrovla mübarizə aparıb. Qarşılaşmanın gedişində 0:4 hesabıyla geridə olan pəhləvanımız möhtəşəm geri dönüş edərək tam üstünlüklə qalib gəlib - 13:5. Ülvü yarımfinalda gürcü Şmaqi Bolkvadzeylə güləşəcək. 

Rafiq Hüseynov (82 kq) startda çexiyalı Petr Novakı 5:1 hesabıyla üstələyib. Hüseynov 1/4 finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0. Rafiq final yolunda moldovalı Mixail Braduyla qarşılaşacaq.

Murat Lokyayev (97 kq) 1/8 finalda finlandiyalı Arvi Savolaynenlə bacarmayıb - 1:7.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2235
avatar

Oxşar yazılar