London klubu təxminən 770 milyon funt sterlinq qazana və bu, onu dünyanın ən varlı üç klubundan birinə çevirə bilər
Londonun "Arsenal" klubu İngiltərə Premyer Liqası tarixində yeni maliyyə rekordu qırmağa yaxındır.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "topçular"ın 2025/26 mövsümündə gəliri ən azı 760 milyon funt sterlinq olacaq. Mikel Artetanın komandası mayın 30-da Çempionlar Liqasının finalında PSJ-ni məğlub edərsə, bu rəqəm təxminən 770 milyon funt sterlinqə çatacaq.
Beləliklə, "Arsenal" 2023/24 mövsümündə 715 milyon funt sterlinq qazanan "Mançester Siti"nin əvvəlki Premyer Liqa rekordunu keçəcək.
London klubunun sürətli gəlir artımı Premyer Liqa tituluna, Çempionlar Liqasındakı uğurlu çıxışına, artan kommersiya müqavilələrinə və Artetanın komandasına qlobal marağa bağlıdır.
Qeyd olunur ki, bu maliyyə rəqəmləri "Arsenal"ı dünyanın ən varlı futbol klubları arasında yalnız "Real" və "Barselona"dan sonra üçüncü yerə çıxara bilər.