Merih Demiralın qol sevinci
22 dekabr 2020 20:15 (UTC +04:00)

Merih Demiralın qol sevinci

Anasının ölüm tarixini kürəyində daşıyan türk: “Təslim olmayacam...” - SİRLİ ULDUZLAR

Keçdiyi həyat yolunda kədər var, məşəqqət var, dözüm var. Və bütün bunların hesabına əldə etdiyi uğur və xoşbəxtlik var. 13 yaşında üzləşdiyi ağır itki onu sındırmayıb. 18 yaşında verdiyi doğru qərarla isə zirvəyə gedən yola ayaq basıb. Həmin an ancaq bir fikri olub: özünü inkişaf etdirmək. Məqsədinə çataraq qısa zamanda bütün dünyanın tanıdığı birinə çevrilib. Lent.az-ın “Sirli Ulduzlar” layihəsində söhbət Türkiyə yığmasının və “Yuventus”un futbolçusu Merih Demiraldan gedəcək...

Beton ustasının ikinci oğlu

1998-ci il martın 5-də Kocaelinin Karamürsel qəsəbəsində dünyaya göz açıb. Ailədə 2 uşaq olublar. Merih qardaşı Fatihdən sonra evin ikinci oğludur. Atası Burhan Demiral beton ustası idi, inşaat sahəsində çalışırdı. Yeri gəlmişkən, Merihdə futbol sevgisini ilk hiss edən şəxs məhz Burhan bəy olub. Fiziki baxımdan yaşıdlarını üstələyən oğlunun idmanda böyük zəfər qazanacağına elə o vaxtdan inanıb. Merih futbol həyatına 9 yaşında Karamürsel İdman Yurdu məktəbində qədəm qoyub. “Həmin günü çox yaxşı xatırlayıram. Qonşumuzun oğlu sağ olsun, futbola yazılmışdı, mənim də həmin məktəbə qeydiyyata düşməyimə kömək etdi. Ailəmdə məndən başqa idmançı yoxdur. Buna rəğmən, məni həmişə dəstəklədilər, daim arxamda dayandılar. Xüsusən də, uşaq yaşlarımda ailəmdən gördüyüm dəstək mənim üçün çox önəmli idi”, - Merih həmin dövrü yada salır.

İlk cəhddə alınmır

Uşaqların futbolçu olub-olmayacağını yerişindən anlayan Hasan Özeren ilk məşqçisi olub Demiralın. 4 il Merihə futbolun sirlərini öyrədən Özeren bir gün onu və digər yetirməsi Onur Kaçarı “Fənərbaxça”nın akademiyasına aparır. “Fənər”in məşqçiləri Onuru seçsələr də, Merihi bəyənmirlər. Ancaq Hasan Özeren inadından dönmür, qarşı tərəfdən bir qədər vaxt istəyir. 45 gün ərzində Demirala özəl proqram əsasında məşq keçir və onu yenidən İstanbula aparır. Bu dəfə nəticə ürəkaçan olur - Merihi “Fənərbaxça”nın akademiyasına qəbul edirlər.

Ağır qəza: anası ölür, atası sağ qalır

13 yaşında “Fənər”li günləri başlayan Merih 1 il sonra həyatının ən ağır gününü yaşayır. Anası Fatma xanım avtomobil qəzasında dünyasını dəyişir. Hadisə zamanı həyat yoldaşının yanında olan Burhan Demiral isə qəzadan möcüzəvi şəkildə sağ çıxır. Karamürseldə baş tutan yas mərasiminə Merihin “Fənərbaxça”dakı komanda yoldaşları, məşqçiləri və klubun nümayəndələri qatılırlar, ona təsəlli verməyə çalışırlar. Ağır itki ilə üzləşən yeniyetmə oğlan iki yoldan birinə üz tutacaqdı: ya dərd onu məqsədindən vaz keçirəcəkdi, ya da möhkəmlədib hədəfinə çatmağa kömək edəcəkdi. Merih ikinci yolu seçir...

Saç uzatmağı sevmir, çünki...

“Fənər”in akademiyasında məşqçi Semih Özü ona çox əziyyət çəkib. “Merih olduqca tərbiyəli, mədəni uşaqdır. Yaşıdlarından fərqli, saç uzatmağı sevmir. Bu, bir hayqırışdır. Axı onun yaşında “Fənərbaxça”da oynayan oğlanlar qızlara daha xoş gəlmək üçün saçlarını uzadır, qulaqlarına sırğa taxırlar. Merih isə fərqli idi. Bununla bütün diqqətini sadəcə futbola yönəltdiyini göstərirdi”, - Demiralın akademiyadakı günlərini yada salır Semih bəy.

“Peşəkar müqaviləm yox idi”

“Fənərbaxça”nın aşağı yaş qruplarının hamısında oynayıb Merih. Hətta Vitor Pereyranın baş məşqçi olduğu dönəmdə əsas komanda ilə məşqlərə də qatılıb. Ancaq həmin vaxt önü bağlı idi. Axı “Fənər”də Simon Kyaer və Bruno Alveş kimi ulduzlar müdafiənin mərkəzində yer almışdılar. “Fənərbaxça”da U-13 komandasından U-21-dək hamısında oynadım. Oradakı son ilimdə Vitor Pereyra məni əsas komandanın məşqlərinə cəlb etdi. Klubla peşəkar müqaviləm yox idi. Buna rəğmən, mövsüm ərzində əsas komandanın məşqlərində yer aldım”, - deyir Demiral.

Telefon zəngi: “Mənə kömək elə”

Bir gün “Fənərbaxça” rəhbərliyi Merih və akademiyadakı digər istedadlı gənclərə “öz hesabınıza pullu əsgərlikdən istifadə edin, sizinlə müqavilə imzalayaq” deyəndə dostlarının hamısı razılıq verir. Təkcə Merih deyiləni etmir. Klub rəsmilərinin imkanı aşağı olan gənc futbolçuya bu təklifi irəli sürməsi ona toxunur. Elə həmin an gələcək karyerasına müsbət təsir edəcək qərar verir: özünü ölkə xaricində sınamaq. Dərhal dostu Bahadır Çiloğlunu Portuqaliyaya aparan menecerə zəng vuraraq, ondan kömək istəyir. Nəticədə Portuqaliyanın 3-cü liqa komandası “Alkanenense”yə keçir.

“Zaman düz qərar verdiyimi göstərdi”

“Fənərbaxça”dan problemli şəkildə ayrıldım. Seçim qarşısındaydım. Xaricə çıxmaq şansı hər türk oyunçunun əlinə düşmür. Bu imkandan düzgün yararlanmalıydım. Bəzi məşqçilərimin qərarıma görə məndən inciməsini anlayışla qarşılayıram. Ancaq həmin qərarı verməyin doğru olduğunu anladım, etməli olduğumu etdim. Axı həmişə Avropada oynamağı arzulayırdım. İlk olaraq Portuqaliyanın 3-cü liqasında çıxış edən “Alkanenense”yə keçdim, təxminən 3 ay orda qaldım. Sonra karyeramı “Sportinq”in B komandasında davam etdirdim. Ölkə xaricinə çıxarkən ailəmlə çox məsləhətləşmişdim, onlara fikrimin qəti olduğumu bildirmişdim. Zaman düz qərar verdiyimi göstərdi. Bəzən kaş ki, daha erkən yaşda Avropaya yollanardım deyə, özümü qınayıram. Çünki Portuqaliyaya getməyin xeyrini qısa zamanda gördüm, özümü çox inkişaf etdirdim”, - “Fənərbaxça”dan ayrılaraq Portuqaliyaya getməsinə aydınlıq gətirir Merih.

“Mənə çox şey öyrətdi”

Onu da etiraf edir ki, Portuqaliya həyatına uyğunlaşmaq heç də asan olmayıb: “Həm əcnəbi dil baxımından, həm də ailəmdən uzaqda qalmaq mənasında problem yaşayırdım. Amma zamanla hamısının öhdəsindən gələ bildim. Portuqaliyaya gedişim həm meydan daxilində, həm də ondan kənarda mənə çox şey öyrətdi. “Fənərbaxça”da əsas və akademiya komandaları ayrı-ayrı yerlərdə məşq edirlər. “Sportinq B”də isə biz əsas komanda ilə yanaşı məşq edirdik. Arada fərq hiss olunmur, əksinə əsas komandanı özünə daha yaxın hiss edirsən və oraya yüksəlməyin xəyalını qurursan”.

Türkiyəyə dönüş

2018-ci ildə Türkiyəyə qayıdır Merih. Sərgən Yalçının baş məşqçisi olduğu “Alanyaspor” onu icarəyə götürür. Ölkəsinə dönüşünü belə izah edir Demiral: “Qayıtdım, çünki “Alayaspor”un heyətində Superliqada özümü göstərməklə əsas milliyə dəvət alacağıma inanırdım. Belə də oldu. Getdikcə yığmanın daimi üzvünə çevrildim”.

“Gəlişindən çox təsirlənmişdim”

“Alanyaspor”da özünü yaxşı tərəfdən göstərən Merihin çox keçmir ki, “böyük beşliy”ə yolu açılır. 2019-cu ildə İtaliyanın A Seriya təmsilçisi “Sassuolo” 7 milyon avro qarşılığında onu heyətinə qatır. Elə həmin il “Sassuolo” Türkiyə yığmasının müdafiəçisini 18 milyon avroya “Yuventus”a satır. Yeni klubunda tibbi müayinədən keçən zaman Demiral xoş sürprizlə üzləşir. Gəlin özünü dinləyək: “Mən tibbi müayinədən keçəndə komanda tətildə idi. Buna rəğmən, kapitanımız Corcio Kyellini tanış olmaq üçün yanıma gəlmişdi. Çox təsirlənmişdim”.

“28 dekabr heç vaxt unutmayacağım gündür”

Növbə gəlib çatır nömrə seçiminə. Merih 28 nömrəli formada oynamağa qərar verir. Niyə məhz 28? Yaxşısı budur, səbəbini Demiral özü izah etsin: “28 nömrəli formanı seçdim, çünki 28 dekabr heç vaxt unutmayacağım gündür. Məhz həmin tarixdə anam dünyasını dəyişib. Anamı itirəndə özümə təslim olmayacağıma dair söz verdim. Şükürlər olsun ki, sözümü tutaraq, xəyalları olan uşaqlara üzərinizdə çalışmaqla hər şeyin mümkün olduğunu isbatladım”.

“İtaliyaya 6 aya öyrəşdim”

Turinə uyğunlaşmaq çətin olmur Demirala. Axı “Yuve”dən öncə “Sassuolo”da İtaliya kültürünü mənimsəmişdi: “Sassuolo”da oynadığım 6 ay müddətində İtaliyaya öyrəşmişdim. Bu mənada Turinə köçəndə çətinlik çəkmədim. Şəhərin mərkəzində kiçik ev kirayələdim. Adətən məşqdən evə, evdən də məşqə gedirəm. Çalışıram ki, bütün diqqətimi futbola yönəldim. Amma arabir dostlarımla yaxşı film izləməyə gedirik. Həftədə 1-2 dəfə isə restoranda yemək yeyirəm. Hobbilərimin sırasında səyahətə çıxmaq, özüm üçün yeni yerlər kəşf etmək də var”.

“Heç vaxt təslim olmuram”

Demiralın daha böyük uğurlar əldə edəcəyinə şübhə yoxdur. Çünki mərkəz müdafiəçisi üçün tələb olunan əksər komponentlərə sahibdir: “Özüm də bunun fərqindəyəm. Harada oynamağımdan asılı olmayaraq, sonadək mübarizə aparan futbolçu kimi tanınmışam, bundan sonra da belə olacaq. Heç vaxt təslim olmuram. Hava mübarizəsində yaxşı olduğumu düşünürəm. Amma inkişaf etdirilməli cəhətlərim də var. Daim üzərimdə işləyirəm. “Yuventus”a keçməyim bu baxımdan işimi asanlaşdırıb. Məşqçilərimiz mənimlə fərdi qaydada da məşğul olurlar”.

“Onu özümə örnək götürmüşdüm”

Bəs Merihin uşaqlıq kumiri kim olub? Öz mövqeyində çıxış etmiş hansı futbolçunu daha çox bəyənib? Cavab belədir: “Uşaq ikən “Mançester Yunayted”in sabiq müdafiəçisi Nemanya Vidiçi diqqətlə izləyər, bütün oyunlarına baxardım. Onun heç vaxt təslim olmaması, mübarizə əzmi, ən çətin məqamlarda belə komanda yoldaşlarını ruhlandırması məni valeh edirdi. Liderlik keyfiyyətlərinə artıqlaması ilə sahib idi. Vidiçi özümə örnək götürmüşdüm, onun kimi olmağa çalışırdım. Mənim üçün əsas prinsip həm məşqlərdə, həm də oyunlarda 100 faizlik performans göstərməkdir. Bunu edə biləndə özümü rahat hiss edirəm. Üst səviyyədə futbol oynamaq üçün həyatını futbola həsr etməlisən. Meydandan kənardakı hərəkətlərinə, şəxsi həyatına xüsusi diqqət ayırmalısan. Bütün fikrin futbolda olan zaman uğur əldə etmək mümkündür”.

“Oooo türk portuqalca danışır”

Demiral komanda yoldaşı Kriştianu Ronaldo ilə əla münasibətdədir. Hətta ilk görüşündə Ronaldonu təəccübləndirməyi də bacarıb: “İlk tanışlığımız belə oldu. “Mançester Siti” ilə anlaşan Joao Kanselo ilə portuqalca danışdığımı görüb yanıma gəldi. “Oooo türk portuqalca danışır” deyərək buna görə xoşbəxt olduğunu bildirdi. Çox istiqanlı adamdır. Mənə portuqal dilində yeni sözlər öyrədir. Bundan əlavə, meydanda nə etməli olduğumu izah edir, məsləhətlərini əsirgəmir. Səhv edəndə başa salır. “Sportinq”də hər ikimizin məşqçisi olmuş şəxsləri tez-tez yada salırıq. Məncə, Ronaldo dünyanın ən yaxşı futbolçusudur. Əsl peşəkardır. Zarafat deyil, 5 dəfə Çempionlar Liqasının qalibi olub. “Udineze”yə 2 qol vurduğu oyunun sabahkı günü də məşqə erkən gəlmişdi. Məni görüb “türk, gəl birlikdə məşq edək” dedi. Bildirdi ki, qazanmaq istəyirsənsə, üzərində çox çalışmalısan. Həmin gün Ronaldonun futbol sevgisini və xarakterini daha yaxşı anladım. Onunla eyni komandada olmaq mənim üçün böyük şansdır”.

“Şüşəni aşağı çəkəndə gördüm ki...”

Merih ulduz futbolçu ilə yaşadığı hadisəni də bölüşüb: "Bir gün məşqə gedərkən arxadan gələn avtomobil rahatsız edəcək tərzdə işığı yandırıb söndürürdü. Türkiyədə belə hərəkətlər yanlış anlaşıldığı üçün mən də normal olaraq, qəzəbləndim. İşıqforda dayandıq. Şüşəni aşağı çəkdi, gördüm ki, Ronaldodur. Çox əsəbi idim, təəccübdən nə edəcəyimi bilmədim. Hələ də bununla bağlı zarafat edirik".

Bu vaxtadək “Qızıl top” mükafatını heç bir türk oyunçunun qazanmadığını deyən Demiral bir gün bunun reallaşacağına ürəkdən inanır. Kim bilir, bəlkə də həmin mükafat türk futbolçular arasında ilk dəfə ona nəsib olacaq. Niyə də olmasın?!

# 10011
avatar

Rizvan Babayev

Oxşar yazılar