Tiaqo Silvanın qol sevinci
29 dekabr 2020 20:15 (UTC +04:00)

Tiaqo Silvanın qol sevinci

Ağır xəstə olduğunu Moskvada bilən “karioka”: “Geciksəydim, öləcəkdim...” - SİRLİ ULDUZLAR

O, son illərin ən güclü müdafiəçilərindən biridir və bunu dəfələrlə sübuta yetirib. 36 yaşında İngiltərə Premyer Liqasına transfer olunanda çoxu bu keçidin özünü doğrultmayacağını düşünürdü. Onun Premyer Liqanın sürəti ilə ayaqlaşa bilməyəcəyini güman edirdilər. Lakin hələ qocalmadığını, dünyanın ən güclü çempionatında da oynamağa qadir olduğunu isbatlamaqdadır.

Həyatda az çətinliklərdən keçməyib. Ən ağır günlərini isə Rusiyanın paytaxtı Moskvada yaşayıb. Ölümlə üz-üzə gəldiyi anlar ömrünün sonunadək yaddaşında qalacaq. Bu barədə bir qədər sonra...

Beləliklə, Lent.az-ın “Sirli Ulduzlar” layihəsində Braziliya yığmasının və “Çelsi” klubunun futbolçusu Tiaqo Silvanın həyat kitabını vərəqləyəcəyik...

Rio-de-Janeyrodan çıxan ulduz

1984-cü il, sentyabrın 22-də Braziliyanın ikinci böyük şəhəri olan Rio-de-Janeyroda dünyaya göz açıb. Bütün braziliyalı uşaqlar kimi, onun da bir arzusu var idi: böyüyəndə futbolçu olmaq. Bunu gerçəkləşdirmək üçün hər maneəni dəf etməyə hazır sayırdı özünü. Kasıb həyatı geridə qoymaq, tanınmış şəxsə çevrilmək istəyirdi.

Futbolun sirlərini ilk dəfə “Fluminense”də öyrənməyə başlayan Silva karyerasında birinci sıçrayışı 19 yaşında “Juventude”yə keçməklə və komandanın əsas oyunçularından birinə çevrilməklə etdi. Yeni klubundakı ilk ilindəcə çempionatda mövsümün komandasına namizədlərin sırasına düşməyi bacardı. Ancaq Braziliyada uzun müddət qalmaq fikrində deyildi. Məqsədi Avropaya yollanmaq, özünü daha böyük kütləyə tanıtmaq idi...

Sinə ağrısı, öskürək, yüksək hərarət

2004-cü ildə istəyinə çatır Tiaqo. Çempionlar Liqasının qalibi “Porto” 2,5 milyon avro qarşılığında onu heyətinə qatır. Gələcəyi parlaq idi, amma Portuqaliyaya köçəndən sonra yolunda getməyən məqamlar var idi. Məşqlərdə tez yorulur, yeni komanda yoldaşlarının sürətinə yetişə bilmirdi. Sinəsi ağrıyır, tez-tez öskürür və zaman-zaman hərarəti qalxırdı. Həkimlər bütün bu problemlərin adi soyuqdəymədən qaynaqlandığını zənn edirdilər. Silva məşqlərə davam etsə də, “Porto”nun əsas komandası üçün tələb olunan səviyyəyə çata bilmirdi.

“Sevdiyin qız Braziliyada qalıb deyə...”

Braziliyadan gələn gənc oyunçunun vəziyyəti müəmmalı hal almağa başlamışdı. Klubun həkimləri durumdan baş aça bilmirdilər. “Porto”da onunla komanda yoldaşı olmuş Rubens Junior həmin günləri belə xatırlayır: “Tiaqo hər gün öskürürdü. Amma heç kəs bunun ciddi bir şey olduğunu düşünmürdü. Hətta mən onunla zarafat edirdim. Deyirdim ki, sevdiyin qız Braziliyada qalıb deyə, çox öskürürsən, o, Portuqaliyaya gələn kimi öskürəyin keçib gedəcək”.

20 yaşında ölə bilərdi

Vəziyyət dəyişmirdi. Klub rəhbərliyi artıq ondan əlini üzərək digər gənclərə bel bağlamağa başlamışdı. Gününü B komandasında keçirən, əsas komandada bir oyuna belə çıxmayan Silva ilk mövsümün sonundaca Moskva “Dinamo”suna icarəyə verilir...

Rusiya klubunda sabiq məşqçisi, “Juventude”də çalışdırıcısı olmuş İvo Vortmann ilə yenidən bir araya gələcəkdi. Ən əsası isə Moskvada Silvanın durumunu daha yaxından incələyəcək həkimlərlə tanış olacaqdı. Tiaqoya vaxtında düzgün diaqnoz qoyan həkimlərlə... “Dinamo”ya iki həftə gec transfer edilsəydi, həkimlərin qənaətinə görə, 2005-ci ildə, 20 yaşında həyatla vidalaşacaqdı.

Nəfəs almaqda çətinlik çəkirdi

Rusiyaya yollandıqdan sonra da tez-tez klubun həkimlərinə müraciət edir, yorulduğunu bildirirdi. Maraqlıdır ki, Silva “Porto”dan “Dinamo”ya dərin tibbi müayinə olmadan keçmişdi və digər yeni transferlər kimi, onu da dərhal toplanışa aparmışdılar. “Dinamo”nun fevralda Portuqaliyada keçirdiyi toplanışda Tiaqonun narahatlığı daha kəskin forma almağa başlayır. Artıq hər gün hərarəti yüksəlir, dayanmadan tərləyirdi. Tez-tez öskürən Silva nəfəs almaqda çətinlik çəkirdi.

Əvvəlcə ona klubun həkimi tərəfindən müalicə yazılır. Üstündən bir neçə gün keçsə də, edilən müalicəyə rəğmən, Silvanın temperaturu düşmür. Vəziyyəti daha da pisləşən Tiaqo artıq yemək yeməkdə və tualetə çıxmaqda da çətinlik çəkirdi.

Dərdi tapılır: vərəm xəstəsi imiş

Silva Moskvadakı hospitallardan birində bütün lazımi tibbi müayinələrdən keçirilir və... Vərəm (tuberkulyoz) xəstəsi olduğu üzə çıxır. Həkimlər onun xəstəliyə 8-10 ay öncə - “Porto”ya keçməmiş, Braziliyada olarkən yoluxduğunu təsbit edirlər. Artıq sağ ağciyərində struktur dəyişikliyi baş vermişdi. Müdafiəçinin ağciyəri iflas etmək üzrəydi. Dəqiq diaqnozdan sonra Tiaqo izolyasiya olunaraq vərəm dispanserinə yerləşdirilir.

“Dinamo” rəhbərliyi tuberkulyozun yoluxucu xəstəlik olduğunu nəzərə alaraq, infeksiyanın komandanın digər üzvlərinə də keçməsindən ehtiyatlanır, bu səbəbdən bütün heyət tibbi müayinədən keçirilir, lakin başqa bir şəxsin xəstələnmədiyi məlum olur.

“Yaşayacağına söz verdim”

Ayrıca otağa yerləşdirilən Silva 6 ay vərəm dispanserində qalacaqdı. “Otağına televizor və mikrodalğalı soba qoyulmuşdu, onun üçün xüsusi yeməklər hazırlanırdı. Hər gün iynə-dərman müalicəsi alırdı. Bununla belə, şəraitdən narazı qaldığı üçün burnunu sallayırdı. Çox qorxur, həyatının sona çatdığını düşünürdü. Ancaq mən ona yaşayacağına, hətta futbola qayıdacağına dair söz verdim. Silva buna inanmırdı, hönkür-hönkür ağlayırdı”, - dispanserin həkimi Vasilkov həmin anları yada salır.

“Depressiyaya düşmüşdüm, soyuqdan donurdum”

Moskva xəstəxanasının şərtləri braziliyalını dəli etmişdi: “Depressiyaya düşmüşdüm. Səhər saat 6-da yuxudan oyadıb 2-3 iynə vururdular və bir neçə dərman içirdim. Günorta daha çox iynə vurulurdu, daha çox dərman içirdirdilər. Axşam da bu cür davam edirdi. Soyuqdan donurdum, mənimlə, demək olar ki, heç kim danışmırdı. Xəstəxanadakı şərtlər haqda, ümuiyyətlə, danışmaq istəmirəm. Duş tualetin içində idi. Otağa kiçik televizor qoymuşdular. Yeməklər soyuq olurdu, yemək mümkün deyildi. Yaxşı ki, anam Braziliyadan yanıma gələndə mənə çoxlu şokolad gətirmişdi”.

Bəli, Tiaqonun xəstəxanaya yerləşdirilməsindən xəbər tutan anası və digər ailə üzvləri yanına - Moskvaya gəlir. Hətta 16 yaşlı sevgilisi İzabella da. Yeri gəlmişkən, İzabella bir müddət sonra onun həyat yoldaşı olacaqdı...

Ağciyərinin bir hissəsini kəsib götürmək istəyirlər...

Silva nəinki karyerasını bitirmək, həyatla vidalaşmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Anası Dona Angela oğlundan əlini üzmüşdü. O, Tiaqonun bir məqamda xəstəliyə məğlub olacağını düşünürdü. Müalicədən istədikləri effekti ala bilməyən həkimlər artıq onu əməliyyat etmək, ağciyərinin bir hissəsini kəsib götürmək barədə düşünürdülər. Silva həmin anları yada salır: “Bunu eşidəndə şoka düşdük. Əməliyyatla həyatım xilas edilə bilərdi, amma o halda futbolu atmalı olacaqdım. Mənim isə xəyallarım var idi”.

“Bədəni şişmişdi, pis vəziyyətdə idi”

Həkimlərin əməliyyat variantına həm Tiaqo, həm ailəsi, həm də “Dinamo” rəhbərliyi qarşı çıxır. Yekun fikir belə idi: gənc futbolçunun orqanizmi cərrahi müdaxilə olmadan da xəstəliyə qalib gələ bilər. Qərara alınır ki, Silvanın müalicəsinə Portuqaliyada davam edilsin. Onun bu ölkəyə aparılıb lazımi xəstəxanaya yerləşdirilməsində sevimli məşqçisi Vortmannın böyük rolu olur. Gəlin Vortmannı dinləyək: “Moskvada ona baş çəkəndə tanımamışdım. Çox pis vəziyyətdə idi. Bədəni şişmişdi, 10 kilo artıq çəki yığmışdı. Ona görə çox narahat idim”.

“Rusiyadan elə qaçdım ki...”

“Rusiyadan tələsik qaçdım, özümlə heç nə - əşya, paltar götürmədim. Elə qaçdım ki, sanki başımı bu dünyadan götürüb birdəfəlik gedirdim. Heç vaxt Rusiyaya qayıtmaram, çünki ora ilə bağlı pis xatirələrim var”, - deyir Silva. Portuqaliyadakı xəstəxanada Tiaqonu tam sağaltmaq mümkün olur və o, vərəm xəstəliyinə qalib gəlir. “Çox çətin təcrübəydi. İndi futbolda qazandığım çempionluqlar və kuboklardan bəhs etmiş ola bilərəm. Amma həyatımın ən böyük qələbəsi tuberkulyoz üzərindəki qalibiyyət idi”, - sevincini bölüşür Tiaqo.

“Sanki həyatımda ilk müqaviləyə qol çəkirdim”

Sağalmasına baxmayaraq, heç kim Tiaqonu heyətinə qatmaqla risk etmək istəmirdi. Hətta Braziliyada da klublar ehtiyat edirdilər. Bu məqamda səhnəyə yenə İvo Vortmann çıxır. O, sükanı arxasına keçdiyi “Fluminense”ni sabiq yetirməsinə şans verməyə razı salır. “Dinamo”da bir oyun belə keçirmədən Moskva klubundan ayrılan Silva 21 yaşında Braziliyaya dönür. “Sambaçı” indiyədək özünü “Fluminense”yə borclu sayır: “Vərəmdən sağaldıqdan sonra “Flu” ümidlərimi diriltdi. Sanki həyatımda ilk müqaviləyə qol çəkirdim. Ordan ayrılanda söz verdim ki, karyeramı “Fluminense”də bitirəcəm”.

“Dinamo”nun təzminat almaq cəhdi

“Dinamo”nu tərk etdikdən sonra Moskva klubu Tiaqodan FİFA-ya şikayət məktubu göndərdi. Məqsəd icarə müqaviləsi bitmədən klubu tərk edən Silvadan 15 milyon avro təzminat almaq idi. Məsələ ilə bağlı açıqlama verən futbolçu bildirdi ki, o, Rusiyada icarə əsasında oynayıb, bu səbəbdən də ruslara borcu yoxdur. Nəticə Tiaqonun xeyrinə oldu - “Dinamo” ondan pul qoparmaq istəyinə çatmadı.

“Həyat mənə ağır dərs verdi”

Vətəninə qayıdan Tiaqonun sağlamlığı ilə bağlı heç bir problemi qalmamışdı, öskürək və yüksək hərarət tamamən aradan qalxmışdı. “Pessimizmi arzu və istəyə, ümidsizliyi isə qərarlılığa çevirdim” deyən Silvanı irəlidə xoş günlər gözləyirdi. “Moskvada həkimlər tuberkulyoza yoluxduğumu aşkarladılar. Dəhşət idi, ən ağır günlərimi keçirirdim. Həyat mənə ağır dərs verdi. Amma ölüm-qalım mübarizəsindən qalib ayrılmağı bacardım. Məni həkimlər xilas etdilər, lakin özüm də xarakter baxımından möhkəm biriyəm. Axı “karioka”yam (Rio-de-Janeyrodan çıxan). Sağalan kimi sevgilimlə evləndim, həyatım tamamilə dəyişdi. Hər şey qısa zamanda baş verdi. Əvvəlcə ilk oğlumuz İzaqu, sonra ikinci oğlumuz İaqu dünyaya gəldi. Ailəmə çox bağlıyam. Bu xoşbəxtliyi pulla almaq mümkün deyil. İstəyirəm ki, övladlarım da gələcəkdə əsl kişi olsunlar, mənə oxşasınlar, çətinliklərdən qorxmasınlar”, - həyatındakı dəyişiklikləri belə ifadə edir Silva.

Millidə debüt və “Milan”a keçid

3 il “Fluminense”nin formasını geyinən Tiaqo məhz həmin ərəfədə Braziliyanın əsas yığmasına dəvət almağa başlayır. 2008-ci il, oktyabrın 12-də Venesuelaya qarşı oyunda “pentakampeonlar”ın heyətində debüt edir. 2009-cu ildə isə yenidən Avropaya üz tutur - bu dəfə İtaliya nəhənglərindən sayılan “Milan”a. “Rossonyerlər” onun transferinə 10 milyon avro xərcləyirlər.

8 ildə 23 kubok

“Milan”da özünü yaxşı tərəfdən göstərən Silva qısa zamanda komandanın liderlərindən birinə çevrilir. 3 il bu klubun formasını geyinən müdafiəçi İtaliya çempionu və İtaliya Superkubokunun qalibi adını qazanır. 2012-ci ildə isə 42 milyon avro qarşılığında 8 il formasını geyinəcəyi PSJ-yə keçir. “Həyatımın ən ağır qərarını verdim, “Milan” həmişə yaddaşımda xoş xatirələrlə qalacaq” deyən Silva Paris klubunun da aparıcı üzvlərindən olmağı bacarır. PSJ-də ümumilikdə 23 kubok qazanan Tiaqo Çempionlar Liqasının finalında isə məğlubiyyət acısı yaşayır.

2020-ci ilin yayından Silvanın karyerasında yeni səhifə açılıb. “Çelsi”yə azad agent statusu ilə keçən müdafiəçi Premyer Liqa klubunda da kuboklar qazanmağı hədəfləyib. İngiltərə macərasından sonra isə “Fluminense”yə qayıtmaq fikrindədir. Ona iki dəfə qucaq açmış “Fluminense”yə...

# 7590
avatar

Rizvan Babayev

Oxşar yazılar